Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:21

Jurnalistin həbsdə səhhətinin ağırlaşdığı bildirilir


P.Aslanov

Həbsdə olan jurnalist Polad Aslanovun səhhətində problemlər olduğu, onun qida qəbul edə bilmədiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Gülmirə Aslanova danışıb.

Onun bildirdiyinə görə, avqustun 20-də P.Aslanov ailə üzvləriylə telefonla danışarkən sağlıq durumunun ağırlaşdığını, ona heç bir tibbi yardım göstərilmədiyini deyib. Həyat yoldaşı bildirir ki, P.Aslanov bu barədə danışan kimi telefon əlaqəsi kəsilib: «Anasıyla danışanda bunları dedi və dərhal da danışıq kəsildi. Biz Ombudsman Aparatına zəng eləyib, vəziyyəti çatdırdıq. Bundan bir qədər sonra Polad yenə evə zəng elədi. Ola bilsin, Ombudsman Aparatının müdaxiləsinin nəticəsi idi. O, həbs olunandan bu yana ilk dəfə idi ki, biz onunla 15 dəqiqə danışa bildik. Dedi ki, «heç nə yeyə bilmirəm, gətirməyin, onsuz da xarab olur, atıram». Kəskin çəki itirib. İyulun 27-də görüşəndə də görmüşdüm ki, çox arıqlayıb. İndi lap pis vəziyyətdədir, 43 kiloqrama düşüb».

G.Aslanova avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətində qəbulda olub, həyat yoldaşının həbsi, istintaqın gedişi və onun sağlıq durumu barədə şikayətlərini çatdırıb. O, həmçinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə də məktubla müraciət edib.

«Bu gün məni qəbul edən general deyir ki, şikayətlərinizin hüquqi əsası yoxdur. Deyirəm, bəs təzyiq, təhdid, işgəncə altında alınan ifadələrin hüquqi əsası var? Məni dindirəndə vəkilin iştirakına imkan vermədilər, övladımla təhdid olundum, ifadəmi oxumağa qoymadılar», - G.Aslanova belə deyir.

G.Aslanovanın iddialarına DTX-dan münasibət öyrənmək mümkün olmayıb.

Bir müddət öncə Ombudsman Aparatından G.Aslanovaya göndərilən məktubda yazılıb ki, P.Aslanovun həbsinin əsassızlığı, işgəncələrə məruz qalması, istintaqın obyektiv aparılmaması, vəkilinə təzyiqlər barədə həyat yoldaşının şikayətlərinin yoxlanması, tədbir görülməsi üçün Baş Prokurorluğa müraciət olunub.

Xatırlatma

P.Aslanov bu il iyunun 12-də saxlanılıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

P.Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı. O zaman ailəsi bildirirdi ki, o, səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona «sülh şəraitində hərbi xidmətə yararsız» olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə cəzalandırmaqdan ötrü bu addımı atıblar: «Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?».

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

P.Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG