Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Jurnalist polisdə zorakılıqla üzləşdiyini deyir


A.Əhmədova
A.Əhmədova

Jurnalist Aytac Əhmədova polis bölməsində zorakılığa məruz qaldığını bildirir.

A.Əhmədova AzadlıqRadiosuna deyib ki, dünən, oktyabrın 3-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alıb: «Polislər dərhal müdaxilə edərək çəkilişi dayandırmağımı tələb etdilər. Mən onlara jurnalist olduğumu bildirsəm də, zorla maşına mindirərək Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirdilər».

Jurnalistin deməsinə görə, bölmənin dəhlizində mülki geyimdə olan bir şəxs ona şillə vurub. A.Əhmədova vurğulayır ki, sonradan onun polis zabiti olduğunu öyrənib: «Mənimlə hədələyici, aşağılayıcı üslubda danışırdı. Mənə qarşı edilən zorakılıqdan sonra qışqırdım, rəis İsmayıl Məmmədovun yanına apardılar. O mənimlə normal söhbət etdi».

A.Əhmədova polis bölməsində görüntülərin silindiyini bildirib.

Jurnalistin deməsinə görə, sonra izahatı alınıb, baş verənləri orada qeyd edib. Hərçənd, A.Əhmədovanın vurğulamasına görə, polisdə ona zorakılığa məruz qalmasını ifadəsində qeyd etməməsini məsləhət biliblər, o isə bundan imtina edib.

A.Əhmədova polis bölməsində baş verənlərlə bağlı ayrıca şikayət edəcəyini söyləyib.

DİN: Jurnalist polisə maneçiliyə görə bölməyə aparılıb

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aytac Əhmədovanın Zabrat qəsəbəsində çəkiliş apararkən polis təzyiqinə məruz qalması haqda dediklərinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Orxan Mansurzadə «Report» agentliyinə jurnalistin polisə aparıldığını təsdiqləyib. Ancaq o, iddia edib ki, jurnalist polisin qanuni vəzifələrini yerinə yetirməsinə maneçilik törədib:

«Bir qrup şəxs Zabrat qəsəbəsində nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə yolu bağlamağa və ictimai asayişi pozmağa cəhd göstərən zaman sözügedən xanım həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alan polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törədib. Jurnalist olduğunu iddia edən, lakin şəxsiyyətini və harada işlədiyini təsdiqləyən sənəd təqdim etməyən həmin xanım saxlanılaraq sonrakı araşdırmalar üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılıb».

DİN sözçüsünün bildirməsinə görə, bölmə rəisi jurnalistlə müvafiq profilaktiki söhbət aparıb və o, sərbəst buraxılıb:

«Ona qarşı hər hansı təzyiq göstərilməsindən söhbət gedə bilməz. Bütün hallarda onunla mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəftar olunub. Buna rəğmən, Aytac Əhmədovanın guya zorakılığa məruz qalması barədə açıqlamaları ictimai rəyi çaşdırmağa və polisin işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş bir addım», qara piardır».

XS
SM
MD
LG