Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 13:17

Jurnalist Elnarə Qasımova məhkəmədə həbs edilib


Elnarə Qasımova
Elnarə Qasımova

Bu gün, yanvarın 15-də Xətai rayon məhkəməsində “Abzas Media” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Xətai rayon məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalist ittihamı qəbul etmir.

Vəkil: ‘Jurnalist prosesə əlləri qandallanmış gətirildi’

Müdafiə tərəfinin bildirməsinə görə, Elnarə Qasımova məhkəməyə əlləri arxadan qandallanmış vəziyyətə gətirilib. Vurğulayıblar ki, vəkilin etirazından sonra hakim qandalın açılmasını təmin edib.

E.Qasımova özünü təqsirli bilməyib və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

"Elnarə xanım bildirdi ki, jurnalist fəaliyyətini, reportajların çəkilməsini dayandırmadı deyə həbs olunub", -deyə müdafiə tərəfindən qeyd edilib.

Müdafiə tərəfi habelə əlavə edib ki, məhkəmə qərarından apelyasiya şikayəti verəcəklər.

'AbzasMedia' işi ilə bağlı daha bir jurnalist saxlanılıb

Yanvarın 13-də "AbzasMedia" işi üzrə polisə çağırılan jurnalist Elnarə Qasımova saxlanılıb. Korrupsiya araşdırmaları ilə tanınan AbzasMedia-nın bir neçə jurnalisti hazırda qaçaqmalçılıq ittihamı ilə həbsdədir.

E.Qasımova axşam saat 5-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) bu iş üzrə sualları cavablandırmaq üçün çağrılmışdı. Təxminən iki saatdan sonra jurnalistin vəkili Bəhruz Bayramov idarədən çıxaraq jurnalistin qaçaqmalçılıq ittihamı ilə şübhəli şəxs qismində saxlanıldığını bildirib.

Vəkilin sözlərinə görə, E.Qasımova özünü təqsirli hesab etmir, onun həbsi qanunsuz və əsassızdır. Jurnalist vəkilinə həbsini gözlədiyini, heç bir cinayət törətmədiyini, qaçaqmalçılıq cinayətində iştirak etmədiyini deyib, həbsini media sahəsində fəaliyyəti ilə əlaqələndirib.

Elnarə Qasımova daha öncə də "AbzasMedia" işi üzrə dindirilib.

Hələlik, jurnalistin şübhəli şəxs kimi saxlanmasına dair rəsmi açıqlama verilməyib.

Jurnalist polisdə dindirilərkən onun həmkarlarının BŞBPİ qarşısına toplanmasına, eləcə də şaxtalı havada yaxınlıqdakı kafelərə yığışmasına imkan verilməyib.

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Xatırlatma

AbzasMedia ilə bağlı cinayət işi üzrə öncə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və AbzasMedia-nın ofisində axtarışlar aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Ardından noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı tutulub.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. Ü.Həsənli AbzasMedia-nın ofisində pul olmadığını, oradan tapıldığı iddia edən 40 min avronu polislərin özlərinin oraya atdığını bəyan edib.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

XS
SM
MD
LG