Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:37

Jurnalistə görə hökumət cərimə ödəməlidir


S.Vaqifqızı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bugün, mayın 14-də jurnalist Sevinc Vaqifqızının (Abbasovanın) ölkədən çıxışına qadağa qoyulması ilə bağlı göndərilmiş şikayət üzrə mövqeyini açıqlayıb.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Vəkilin sözlərinə görə, işin kommunikasiya dövründə Azərbaycan hökuməti iddia olunan pozuntuları (2 saylı protokolun 4-cü maddəsi-"Hərəkət azadlığı" və Konvensiyanın 13-cü maddəsi – "Səmərəli hüquqi müdafiə vasitələri hüququ”) etiraf edib: "Oxşar örnəklərə əsaslanıb ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu ifadə edən hökumət məhkəmədən işin siyahıdan çıxarılmasını xahiş edib. AİHM hökumətin təklifini əsaslı sayıb və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Hökumət bu işdə jurnalistə 5 min avro təzminat ödəyəcək".

S.Vaqifqızı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti ilk dəfədir hərəkət azadlığının pozulmasını etiraf edib:

"Mən özümü girov kimi hiss etmişəm"

"2015-ci ildən 2019-cu ilə qədər ölkədən çıxışıma qadağa qoyulmuşdu. Yalnız keçən il bu qadağa götürüldü. Məsələ ilə bağlı ölkə məhkəmələrinə müraciət etmişəm və onların hamısı şikayətimə rədd cavabı verdi. Bu müddət ərzində mən özümü girov kimi hiss etmişəm. İndi Azərbaycan hökuməti etiraf edib ki, hərəkət azadlığımı məhdudlaşdırıb. Bu, ədalətli etirafdır. Sadəcə, o illər ərzində yaşadığım hissləri heç nə ödəyə bilməz. Nə hakimiyyətin etirafı, nə də kəsilmiş kompensasiya".

Məsələyə və S.Vaqifqızının dəyərləndirməsinə, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar.

2019-cu ilin mayında ölkədən çıxışına qadağa qoyulan jurnalistlərdən bəzilərinə (əvvəllər Meydan TV ilə əməkdaşlıq edənlərə) qoyulan məhdudiyyət götürülüb. Amma ayrı-ayrı media orqanları ilə əməkdaşlıq edən bir çox jurnalistlərin ölkədən çıxışına yasaq, hələ də, qalmaqdadır.

XS
SM
MD
LG