Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:16

Jurnalistə, şairə ev paylayan dövlətin qəbirstanlıqda yaşayan vətəndaşları


Hökumət pulsuz ev verəndə nələri nəzərə almalıdır?
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

Hökumət pulsuz ev verəndə nələri nəzərə almalıdır?

Azərbaycanda hələ də karton, köhnə vaqon, daş-kəsəkdən düzəltdiyi daxmaya sığınan ailələr var. Onlar illərdir ev həsrətindədilər.

Amma elələri də var ki, prezident özü onlara ev hədiyyə edir. Məsələn, xalq artistlərinə, yazarlara, jurnalistlərə və digərlərinə... Onların da arasında öz evləri, yaxşı imkanları olanlar da var.

44 yaşlı Nərgiz Xələfova da ehtiyaclı şəxslərdəndir. Deyir ki, onun ehtiyacı olduğu halda dövlətdən nəinki ev, heç sosial yardım belə ala bilmir.

Nərgiz Xələfova iki qızı, 4 nəvəsi ilə Bakı şəhər qəbirstanlığının yaxınlığındakı daxmada yaşayır. Burada nə su, nə də qaz var. Ailənin dolanışığını yaxınlıqdakı qəbirin ətrafını ot-alağı təmizləməkdən çıxırırlar.

Nərgiz Xələfova deyir ki, mənzil və ya Xaçmazdakı torpaq sahəsində ev tikməyə yardımçı hökumət olsun. Amma onun bu müraciətlərinə müsbət cavab gəlməyib:

“Üz tutmadığım, müraciət etmədiyim bir dövlət qurumu qalmayıb. Heç kim bizə kömək etmək istəmir. Hərə gəlir yalandan bir vəd verir gedir. Bir Allahadır ümidimiz”.

Nərgiz Xələfova 2 qızı, 4 nəvəsi ilə qəbirstanlığın kənarında tək-tənha yaşayır. Deyir ki, hər gecə səhərəcən başlarına bir iş gələr, kimsə içəri girər qorxusu ilə gözünə yuxu getmir. O arzulayır ki, dövlət hər hansı formada bu cür ehtiyacı olan ailələrə kömək etsin.

Prezident İlham Əliyev tez-tez müxtəlif peşə sahiblərinə mənzillər hədiyyə edir. Məsələn, başa vurduğumuz iyul ayında prezident yazıçı Murad Köhnəqalaya, xalq artisti Heydər Anatolluya, xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib.

Ədalət prinsipi pozulur

İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin əməkdaşı, iqtisadçı Rəşad Həsənov deyir ki, dövlət vətəndaşın mənzil şəraitini yaxşılaşdırarakən, gəlir və sağlamlıq prinsipi əsas meyarlardan biri kimi götürülməlidir. O düşünür ki, Azərbaycanda kifayət qədər ehtiyaclı ailələr olduğu halda, hansısa müğənniyə, aktrisaya və ya jurnalistə mənzil vermək ədalət prinsipini pozur:

“Hər hansı insanlar dövlət qarşısında göstəridiyi xidmətlərə görə, mükafatlandırıla bilər. Amma Azərbaycanda mənzilə ehtiyacı olan sosial qruplar da nəzərə alınmalıdır. Məsələn, hökumət indiyə kimi Azərbaycanda 250 minə qədər məcburi köçkün və qaçqının mənzil şəraitini yaxşılaşdırdığını bildirir. Amma Azərbyacanda 1 milyondan çox məcburi köçkün olduğunu nəzərə alsaq, bu o deməkdir ki, hər 4 nəfərdən 3-nün mənzil problemi hələ də qalır”.

Rəşad Həsənov bildirir ki, onların apardığı araşdırmalara görə, Azərbaycanda 670 min əlil var, onların 75 faizdən çoxu gəlir əldə edə bilmir.

Onun sözlərinə görə, bu qədər ehtiyaclı sosial qruplar olduğu halda mənzillərin heç bir prinsip və meyar olmadan paylanması doğru deyil. Rəşad Həsənovun fikrincə, bu tək ədalət prinsipini deyil, həm də jurnalistə, yazara, hansısa bir mədəniyyət işçisinə məznil vermək onu hökumətə minnətli hala salmaqdır.

Prezidentin sərəncamı ilə bu mənzillər icra hakimiyyətlərinin balansındakı mənzil fondundan və ya jurnalistlər, şəhid ailələri və digər qruplar üçün inşa olunan binalardan ayrılır.

AzadlıqRadiosu Bakı sakinləri arasında bu barədə rəy sorğusu keçirib:

Dövlət ilk növbədə kimin mənzil problemini həll etməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Maliyyə naziri Samir Şərifov 2018-ci ilin yekunlarına dair İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında deyib ki, sosial mənzillərin tikintisinə 100 milyon, güzəştli ipoteka proqramının davamı üçün isə 50 milyon manat ayrılıb. O bildirib ki, bundan başqa, qaçqın və məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, hərbçilərə mənzillər verilib.

Prezident İlham Əliyev həmin iclasda bildirib ki, hökumətin əsas hədəfi həm də əhalinin mənzil şəratinin yaxşılaşdırılmasıdır:

"Müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi addımlar atılıb. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilibdir. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Yəni, bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik".

Azərbaycan hökuməti həm də bütün əhali qruplarının mənzil problemlərini həll etmək üçün sosial evlər, güzəştli ipoteka kimi proqramlar da gerçəkləşdirir.

Amma iqtisadçı ekpert Rəşad Həsənov hökumətin bu istiqamətdə apardığı siyasətdə də nöqsanlar olduğunu bildirir.

Azərbaycan hökuməti müxtəlif proqramlar, müxtəlif tədbirlər vasitəsilə vətəndaşların mənzil problemlərini həll etdiyini bəyan edir. Amma müstəqil ekspertlər hesab edirlər ki, dövlət vətəndəşın mənzil əldə etmək imkanlarını artırmalıdır, tək-tək fərdi şəkildə evlər paylamalı yox.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG