Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Həbsdəki jurnalistin durumu: Xanımı bir söz, Penitensiar Xidmət başqa söz deyir


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Jurnalist Araşdırma Mərkəzinin və "jam.az" saytının həbsdə olan rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) həyat yoldaşı deyir ki, onun səhhətində kəskin problemlər olsa da, saxlandığı 2 saylı həbsxanada müalicəsinə imkan verilmir.

Faiqə Nüsrəti AzadlıqRadiosu-na bildirib ki, o, ərinin sağlıq durumunun pisləşməsi barədə Penitensiar Xidmətin "Qaynar xətt"inə və başqa əlaqədar şəxslərə xəbər verib. Amma heç bir addım atılmayıb:

"Fikrət yüksək təzyiqdən, qan laxtalanmasıyla bağlı problemdən əziyyət çəkir. İki ildir saxlandığı durum əsəb sistemini də sıradan çıxarıb. Onu müalicə eləməkdən ötrü heç bir addım atmaq istəmirlər. Deyirlər ki, "heç bir xəstəlik müşahidə olunmadı". Adamı sanki ölümə sövq edirlər".

Penitensiar Xidmət jurnalistin xanımının söylədiklərini təkzib edir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib ki, səhhətində problem olan şəxsin müalicəsinə imkan verilməməsi mümkün deyil. Onun sözlərinə görə, hətta məhkumların yaxınlarına kənardan mütəxəssis dəvət edib, müayinə olunmalarına da şərait yaradılır:

"Həbsdə olan şəxslərin müayinə və müalicəsini Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri həyata keçirir. Baxmayaraq ki, həmin həkimlər Penitensiar Xidmətə tabe deyil, ayrıca strukturdur, tam məsuliyyətlə deyirəm ki, onlar kiminsə müalicəsinin qarşısını almır. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında yeni, müasir avadanlıqlarla təchiz olunmuş sanitar hissələr var, yetərincə peşəkar həkimlər fəaliyyət göstərir. Məhkumların səhhətində problem varsa, dərhal reaksiya verilir. Məhkum əgər oradakı müayinə və müalicədən narazı qalıbsa, qanun imkan verir ki, yaxınları ödənişli tibb müəssisələrindən mütəxəssis dəvət etsinlər. Onlar da gəlib bizim həkimlərin müşayiətilə müayinələri həyata keçirsinlər. Biz dəfələrlə məhkumlara bu imkanı, bu şəraiti yaratmışıq".

Xatırlatma

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edirlər.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov ona böhtan atıldığı iddiası ilə jurnalisti məhkəməyə vermiş və jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG