Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Deputat: 'Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə...'


Jalə Əliyeva
Jalə Əliyeva

“Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə, rəhbərlik əleyhinə hər hansı mitinqdə iştirakı qəbuledilən deyil”

Musiqili Komediya Teatrının balet truppasında çalışan Seymar Namazov AzadlıqRadiosu-na işdən çıxarıldığını deyib. O Müsavat partiyasının üzvüdür və işdən çıxarılmasını da noyabrın 3-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən piketdə iştirakıyla əlaqələndirir.

Noyabrın 6-da AzadlıqRadiosu-nun əməkdaşı Musiqili Komediya Teatrına zəng vuraraq rəhbərlikdən bununla bağlı açıqlama almaq istədiyini bildirib, ona az sonra özlərinin zəng edəcəklərini deyiblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bu hadisədən xəbərsiz olduğunu söyləyərək araşdırma üçün vaxt istəyib. Təxminən bir saat sonra o bunları söyləyib:

“O adam deyib ki, xarici ölkəyə işləməyə gedir, buna görə ərizənin imzalanmasını istəyib”.

- Mən Musiqili Komediya Teatrının rəhbərliyi ilə danışdım. O aktyor noyabrın 4-də öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib. Onlarin ştatlı işçisi də deyil. Müqavilə əsasında işləyir. Bir başqa müəssisədə tam ştatdadır. Və burda da rəhbərliyin istənilən vaxt müqaviləni pozmaq imkanı var. Buna baxmayaraq işdən çıxmaqla bağlı özü müraciət edib və ərizə ayın 4-də qəbul edilib. Mənə verilən məlumata görə, rəhbərlik heç orda olmayıb, ərizə də kadrlar idarəsinə verilib. Özüm orda olmadığıma görə mənə verilən məlumatı deyirəm.

Buna da bax: Abbas Qəhrəmanov: 'Çıxıb auditoriya qarşısında özümə bəraət qazandırmağa ehtiyac da görmürəm'

- Jalə xanım, Seymar Namazov özü isə AzadlıqRadiosu-na bildirib: “Piketdən bir gün sonra (noyabrın 4-ü), səhər işə çatan kimi şöbə rəisi dedi ki, işdən çıxarılmısan. Qərar mənim üçün gözlənilməz oldu. O, mənə piketdə çəkilən şəkillərimi göstərdi və aksiyada iştirakıma görə bu cür qərar qəbul edildiyini dedi. Halbuki, elə noyabrın 4-də tamaşam da vardı. Əslində, burada şöbə rəisinə aid bir iş yoxdur. Mənim işdən çıxarılmağım barədə göstərişi teatrın rəhbərliyi verib”.

"Bu aktyorumuz gəncdir, balet truppasında işləyir, özü işdən getməklə bağlı ərizə verib".

- Mən başa düşürəm. Mən də deyirəm ki, siz bununla bağlı onun birbaşa azad olunduğu müəssisə ilə danışsanız daha düzgün olardı, nəinki mənimlə. Mənə verilən informasiya da ondan ibarətdir ki, bu aktyorumuz gəncdir, balet truppasında işləyir, özü işdən getməklə bağlı ərizə verib. Ondan sonra nə açıqlama verməsinə biz məsul deyilik. Mənə elə gəlir ki, bununla bağlı teatr rəhbərliyi ilə danışsanız daha doğru olardı.

- Biz buna cəhd etsək də, danışa bilməmişik.

- Mən də teatrdan verilən məlumatı sizə dedim.

Buna da bax: İşdən çıxarılan aktyor: 'Ərizəni bilmədən yazmışam'

- Bugünlərdə Milli Şuranın mitinqində iştirak etdiyinə görə üç aktyordan izahat istənmişdi. Hətta onlardan biri ərizə yazaraq işdən getməyə məcbur qaldığını söyləmişdi. Son bir ayda bu birinci hal deyil. Hətta mədəniyyət və turizm naziri də aktyorların ünvanına qınayıcı sözlər demişdi.

"Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə, rəhbərlik əleyhinə hər hansı mitinqdə iştirakı mənim düşüncəmə görə, bir o qədər də qəbuledilən deyil".

- Gəlin belə deyək, o teatrların hər biri dövlət qurumlarıdır. Bu qurumlarda işləyirlərsə, deməli, dövlətdən maaş alırlar, dövlətin aktyorlara, sənət adamlarına tətbiq etdiyi sərəncamlardan, fərmanlardan faydalanırlar. Bu halda, gəlin məsələnin o biri tərəfinə də baxaq. Nə dərəcə düzgündür bu? Dövlət və dövlətçilik prinsipi deyilən bir şey var. Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə, rəhbərlik əleyhinə hər hansı mitinqdə iştirakı mənim düşüncəmə görə, bir o qədər də qəbuledilən deyil.

- Bu aktyorlar və ya digər iştirakçılar dövlət əleyhinə orda hər hansı şüar səsləndirməyiblər, dövlət çevrilişinə cəhd də etməyiblər. Milli Şura sadəcə, siyasi hakimiyyəti tənqid edib, onu korrupsiyada, ölkəyə gələn gəlirləri düzgün xərcləməməkdə ittiham edib. Burda nə qəbahət var ki, o mitinqə gələn üç aktyordan izahat istənir və ya basqı altında saxlanırlar?

Buna da bax: Azərbaycanda həkim, müəllim, poçt işçisi olmaq olar, amma... [video]

- Birinci sualınıza cavab olaraq dedim ki, araşdırmadan danışmaq düzgün olmazdı. Bu məsələdə də... Açığı, mən bilmirəm onlar hansı aktyorlardır, adları nədir. Virtual məkan açıqdır, ancaq təəssüflər olsun ki, mən saytlarda onların adına, onlarla bağlı problem olmasına rast gəlməmişəm. Bayaqkı sualınızla bağlı mən araşdırıb cavab verdim sizə, amma ardınca belə sual gələcəyini bilmirdim. Məndə bu haqda məlumat yoxdur. Onlar haranın aktyorlarıdır? Heç olmasa adlarını, işlədikləri teatrları deyin.

Musiqili komediya teatrı
Musiqili komediya teatrı

- Ayşad Məmmədovla Abbas Qəhrəmanov Akademik Milli Dram Teatrında, İlqar Cahangir Gənc Tamaşaçılar Teatrında işləyir. Ayşad Məmmədov işdən getmək barədə ərizə yazmağa məcbur qaldığını bildirib, indi di deyəsən, işə bərpasını gözləyir.

- Abbas Qəhrəmanov kifayət qədər populyar aktyordur. O da azad edilib işdən?

- Ondan sadəcə izahat istənib. Mən sizin dediyiniz bir məqama toxunmaq istəyirdim. Dediniz ki, dövlətdən maaş alan, onun verdiyi üstünlüklərdən, imtiyazlardan yararlanan şəxsin mitinqdə iştirakı doğru olmazdı. Bu halda ölkədə fikir, ifadə azadlığından, plüralizmdən, demokratiyadan danışmaq mümkündürmü, sizcə?

Jalə Əliyeva: "O adam deyib ki, xarici ölkəyə işləməyə gedir, buna görə ərizənin imzalanmasını istəyib”
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00
Direct-ə keçid

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

- Təbii ki, fikir müxtəlifliyinin, plüralizmin mövcud olduğu ölkədə hər kəsin fikirlərinə hörmətlə yanaşılır və yanaşılmalıdır da. Yetər ki, bunlar ədalətli tələblər olsun, düzgün tələblər olsun. Yəni belə deyək o tələblərlə, fikirlərlə aparılan siyasətə kölgə salınmasın. Mənə elə gəlir ki, “ümumi işimizin mənafeyi” deyilən bir şey də var, müharibə şəraitində yaşamağımız da var, qonşu ölkəylə düşmən olmağımız da var. Bütün bunları nəzərə alaraq daha loyal, daha sülhpərvər yollarla bu məsələləri həll etmək olar. Mitinqlər, mitinqlərdə fikir yürütmək hələ hər şeyin həlli deyil. Bu birincisi. Qaldı ki, həmin şəxslərlə işlədikləri təşkilat arasındakı problemlərə, bu sırf iş rejiminin pozulmasından, əmək müqaviləsinin pozulmasından da qaynaqlana bilər. Bunu sadəcə gətirib mitinqə bağlamaq düz deyil. Bəlkə o biri hadisə kimi bunu da araşdıranda altından başqa şey çıxacaq? Necə ki, Muzkomediyanın rəhbərliyi bir şəxsin heç onların əməkdaşı olmadığını, müqavilə əsasında işlədiyini dedi və onun hər an pozulması hüququnu rəhbərlik özündə saxlayır.

- Siz rəhbərliyin dediklərinə inandınız? Siz deputat kimi teatr rəhbərliyinin dediklərini dinlədiniz, amma söhbət məsələnin araşdırılmasından gedirsə, qarşı tərəfi də, balet truppasının keçmiş əməkdaşını da dinləmək doğru olmazdımı?

Buna da bax: Milli Şura Bakıda mitinq keçirdi [foto, video. yenilənib]

"Ortada o yoldaşın imzalı ərizəsi, istefa haqda ərizəsi var. Belə olan halda mən hansına inanmalıyam?"

- Biz məhkəmə deyilik, hakim deyilik. Biz sadəcə araşdıraraq fikir yürüdə bilərik, eləmi? Mən sizin sualınıza göydəndüşmə cavab vermək istəmədim. Deyirsiniz ki, rəhbərliyə inandınızmı? Mənə rəsmi şəkildə cavab verildi. Ortada o yoldaşın imzalı ərizəsi, istefa haqda ərizəsi var. Belə olan halda mən hansına inanmalıyam? Getmək istəmirdisə, ərizə verməyəydi də. Mən nə o tərəfin, nə də bu tərəfin diliylə danışmaq istəyirəm. Görünən tərəfin diliylə danışıram. Orda ərizə verib, sonra başqa şəkildə çıxış etmək düz deyil. Onda ərizə verməyəydi.

- Bəs necə olur ki, o piketdə iştirak edəndən sonra işdən getməli olur?

- Ortada ərizə var, işdən azad olunmaqla bağlı. Deyib ki, xarici ölkəyə işləməyə gedirəm, buna görə ərizənin imzalanmasını istəyib. Mən bundan artıq nə deyim?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG