Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:52

Moskvada ‘İvan Qroznıya’ qəsd olub


İlya Repinin "İvan Qroznı" tablosu
İlya Repinin "İvan Qroznı" tablosu

Rusiyada polis İlya Repinin məşhur “İvan Qroznı və onun oğlu 16 noyabr 1581-ci ildə” adlı tablosuna qarşı vandalizm aktı törətmiş şəxsi saxlayıb.

Həm də “İvan Qroznı oğlunu öldürərkən” adı ilə tanınan bu tablo Moskvadakı Tretyakovskaya qalereyasında saxlanır.

Hadisə ilə bağlı bir neçə videolar və şəkillər sosial media platformalarında yayılıb. Vandalizmi törədən şəxs ilkin dindirmə zamanı deyib ki, sərxoş olub və yaxındakı metal dirəkciyi götürərək şəklə çırpıb:

“Axşam 8-də bufetə gəldim. Artıq getmək istəyirdim. Yüz qram araq içdim. Qalereyaya gəldim ki, bu şəklə baxım...”

İnterfax agenтlyinin verdiyi xəbərə görə saxlanan şəxs Moskvaya Voronej vilayətindən gəlib və daimi yaşayış yeri yoxdur. Hazırda müstəntiqlər bu adamın psixi vəziyyətini müəyyənləşdirməyə çalışırlar.

Mayın 25-də baş vermiş hadisə barədə polisə muzeyin mühafizəçilərindən biri xəbər verib.

İlya Repin bu əsəri 1883-1885-ci illərdə yaradıb. Bu tabloda çar İvan Qroznının qəzəblənərək oğluna ölümcül zərbə endirdiyi andan sonrakı dəqiqələr əks olunub.

Snob.ru saytı yazır ki, İvan Qroznıda belə tutmaların olduğu barədə məlumatlar olsa da, bu təsdiq edilmiş fakt hesab olunmur.

Tabloda oğluna əl qaldırmış atanın üzündəki dəhşət, can verməkdə olan şahzadənin çöhrəsində isə qorxu və zəiflik görünür. O gözüyaşlı şəkildə sanki atasının günahını bağışlayır.

Qalereyanın mətbuat xidmətindən Dojd telekanaklın bildiriblər ki, tabloya çox ciddi ziyan dəyib. Onun kətanı üç yedən yırtılıb, şüşənin sınması nəticəsində müəllifin özünə məxsus çərçivə də zədələnib.

Muzeyin əməkdaşları deyirlər ki, “xoşbəxtlikdən bu əsərin ən mühüm elementlərinə - çar və şahzadənin əlllərinə və üzlərinə heç nə olmayıb”. Tablonu bərpaya göndəriblər.

Lakin bu hadisə haqda başqa məlumatlar da var. Vandalizmi törədən şəxs deyib ki, bu şəkil “düzgün deyil – İvan Qroznı oğlunu heç vaxt öldürməyib”. Tabloya yarım milyon rubl ziyan dəydiyi xəbər verilir.

Maraqlıdır ki, 2013-cü ildə pravoslav fəallar və tarixçilər qalereyanın qarşısında aksiya keçirərək bu tablonun ekspoziyadan yığışdırılmasını tələb edirdilər. Onlar deyirdilər ki, Repin bu əsərlə “nəinki rus çarına, hətta rus xalqına və rus dövlətinə şər atıb, çünki İvan Qroznının öz oğlanlarını öldürməsi barədə yazılanlar uydurmadır”.

Bu şəklin başı əvvəllər də bəlalı olub. Onun nümayişini çar III Aleksandrın hakimiyyəti illərində (1881-1894) qadağan ediblər.

Bu tabloya qəsd də ilk dəfə deyil ki, edilir. 1913-cü ildə 29 yaşlı ikonaçəkən və dindar Abram Balaşov tabloya üç bıçaq zərbəsi endiribmiş.

O vaxtdan bəri tablo ciddi mühafizə altında idi və daim şüşə arxasında saxlanırdı.

Lakin ən maraqlısı budur ki, İvan Qroznının oğlunu öldürməsinə inanmayanlardan biri də, nə az, nə çox, Rusiya prezidenti, həm də yeri gəlmişkən III Aleksandrın pərəstişkarı kimi tanınan Vladimir Putindir.

O çıxışlarından birində bu barədə hətta ictimai bəyanat vermişdi:

“Qroznı bəlkə də öz oğlunu heç öldürməyib. Bəlkə də bunu Roma papasının o vaxt çarı katolikliyə çəkmək istəyən elçisi uydurub? Çar elçini göndərib filan yerə... Əlbəttə, demək istəmirəm ki, Qroznı “ağappaq və yumşaq” adam olub. Belə başa düşmək olar ki, o sərt insan olub. Lakin belə informasiya müharibələri bizim ölkəmizə qarşı həmişə aparılıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG