İtaliya parlamentinin təhlükəsizlik komitəsi Putin dezinformasiyasının xəbər platformalarında yayılması ilə bağlı araşdırmaya başlayıb.
Rusiyanın Ukraynaya hücuma başlamasından bəri Rusiya Müdafiə Nazirliyinə aid TV kanalının aparıcısı Nadana Fridrixson tez-tez italyan tok-şoularının qonağı olub. O, həmin şoularda Ukraynanın nasist probleminin olduğunu iddia edib və Rusiya qüvvələrinin Buçada Ukraynanın dinc əhalisinə qarşı törətdiyi hərəkətləri danıb.
Fridrixson italyan kanallarının balans adı ilə efirə çıxardığı çoxsaylı Kreml ruporlarından sadəcə biridir. "Politico" saytı yazır ki, bəzi qonaqlar və onların Putin propaqandasını tutuquşu kimi əzbərdən təkrarlaması reytinqləri artırsa da, İtaliya mediası Kremlə qarşı yumşaq davrandığı üçün tənqidlərlə üzləşib.
"Hazır mətndən oxuyur"
Romada yerləşən NATO Müdafiə Kollecindən Andrea Cilli Fridrixsonla eyni proqramlara çıxmaqdan imtina edən bir neçə geosiyasət ekspertindən biridir.
"O, açıq-aydın yanlış sözlər deyib və hazır mətndən oxuyur. Birbaşa Kremlin propaqanda bürosunda hazırlanan yalan məlumatları yayanlarla fikir … və çıxış yolu mübadiləsi edə bilməzsiniz", – o deyib.
İtaliyanın təhlükəsizlik üzrə parlament komitəsi (COPASIR) Putin propaqandasının İtaliya mediasından istifadəsi ilə bağlı narahatlıqla bağlı araşdırmaya başlayıb.
Yüksəkvəzifəli Rusiya rəsmisinin Qərb mediasından dezinformasiya məqsədilə istifadə etməsinin ən üzdə olan nümunəsi Xarici İşlər naziri Sergey Lavrovun keçmiş baş nazir Silvio Berluskoninin təsis etdiyi özəl TV kanalındakı müsahibəsidir. O, əlinə düşən fürsətdən yararlanaraq Adolf Hitlerin guya yəhudi qanının olması kimi araqarışdıran yalanları efirdə səsləndirib. Putin sonradan bu hərəkətə görə İsraildən üzr istəməli oldu.
Hərbi strategiyanın bir hissəsi
Avropa Komissiyası isə Aİ yayımçılarına öz tokşoularında zorakılıq, nifrət və Rusiya propaqandasına imkan verməmək barədə xatırlatma etməyə məcbur oldu.
"Çoxsaylı Avropa parlamentləri aşkar ediblər ki, dezinformasiya Rusiya hərbi strategiyasının bir hissəsidir. Putin rejimi demokratik debatlara sızmaq, çaşdırmaq və şübhə yaratmaq bacarığı baxımından çox effektivdir. Buna göz yummaq ağılsızlıq olardı", – İtaliya parlamentinin Demokratik Partiyadan seçilən üzvü, COPASIR araşdırmasının təşəbbüskarı Andrea Romano deyib.
Parlamentin təhlükəsizlik komitəsinin rəhbəri Adolfo Urso isə deyir ki, Rusiya ictimai rəyi çirkləndirən yalan xəbərlər və dezinformasiya ilə aparılan hibrid müharibədə İtaliyanı qəsdən hədəfə alıb. Onun sözlərinə görə, 2016-cı ildən bəri AB azı 13 min yalan xəbər yayma halını qeydə alıb. "Məqsəd sadəcə çaşdırmaq yox, seçimlərə təsir etməkdir", – o deyib.
Avropadakı Troya atı
İtaliya çox vaxt Kreml dezinformasiyası üçün rahat qapı, Avropadakı potensial Troya atı kimi görülür. Bu, İtaliyanın Rusiya ilə güclü tarixi və iqtisadi bağlarından qaynaqlanır. Qərb dünyasındakı ən iri kommunist partiyası İtaliyadadır.
Urso deyir ki, İtaliya NATO üzvü olsa da, həmişə Rusiyanı dəstəkləyib. Putin hakimiyyətə gələndən sonra Berluskoni ilə ortaq iqtisadi maraqlara əsaslanan isti münasibətlər qurub. Son 10 ildə isə, hətta Krımın ilhaqından sonra belə Putinin populist və antiisteblişment partiyalarının yüksəlişi ilə əlaqəsi olub. Söhbət xüsusilə də Şimal Liqası partiyasından gedir. Bu partiya Putini AB və Qərb elitalarına qarşı mübarizədə müttəfiq kimi görür.
İtaliyada müzakirələrə təsir etmək cəhdləri heç vaxt səngiməyib. Pandemiya dövründə Rusiyanın məqsədi Rusiya və Çinin guya virusla mübarizədə Qərb demokratiyasından daha effektiv olduğu təsəvvürünü yaratmaq olub.
Təbliğatın nəticəsi
Antiqərb təbliğatı aparan təkcə TV kanalları deyil. "Fatto Quotidiano" qəzeti Ukraynada baş verən qırğında ABŞ və Aİ-ni günahlandıran, bütöv bir qəzet səhifəsini tutan məqalə dərc edib. Məqalə Rusiyanın mövqeyini o qədər yaxşı əks etdirib ki, Rusiyanın İtaliyadakı səfirliyi Twitter-də onu paylaşıb.
Rusiyanın italyanları çaşdırmaq cəhdləri müəyyən mənada uğur qazanır. Son sorğuların nəticələrinə görə, italiyalıların yarısı Ukrayna ilə bağlı xəbərlərin təhrif olunduğunu düşünür. 25 faizi isə Ukrayna ilə bağlı xəbərlərə inanmadığını deyir.
İtalyanlar Ukraynanın silahlandırılmasını da digər müttəfiqlərə nisbətən daha az dəstəkləyirlər. Bu ölkədə respondentlərin yalnız 30 faizi Ukraynaya daha çox silah göndərilməsini dəstəkləyir. Müqayisə üçün Britaniyada bu göstərici 60 faizdir.