"Euronews" yazır ki, Rusiyanın dövlət mediası bütün qadağalara rəğmən hələ də öz kontentini Avropa İttifaqının (Aİ) ərazisində yaya bilirmiş.
Yeni yaradılmış Dezinformasiya Vəziyyəti Mərkəzi (Disinformation Situation Center) Kremlin nəzarətində olan "Sputnik" və "Russia Today"in (RT) məqalələrinin hələ də sosial media vasitəsilə Aİ-də istifadəçilərə göründüyünü aşkarlayıb.
Müharibə təbliğatı yayılmaqdadır
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyanın üç dövlət yayımçısının qadağan edilməsi ilə bağlı planları açıqlayıb. Bu qadağa altıncı sanksiya paketinin tərkib hissəsidir.
Birlik artıq martda RT və "Sputnik"in Aİ ərazisində kontent paylaşmasını qadağan edib. Ancaq tədqiqatçılar deyir ki, Rusiya televiziyaları qadağanı pozaraq Kremlin müharibə təbliğatını milyonlarla Aİ vətəndaşı arasında yaymağa davam ediblər.
"RT təkcə sanksiyalardan boyun qaçırmağın yollarını tapmaqla kifayətlənməyib. Onlar özlərini nizamlayıcılardan bir neçə addım qabağa aparan dəyişikliklər ediblər", – tədqiqatçıların hesabatında deyilir.
"Twitter" daha çevikdir, amma...
Hesabatda göstərilir ki, "Facebook", "Instagram", "Twitter" və "YouTube"un bu kontenti tapıb üzə çıxarması və işarələməsi hər zaman mümkün olmur.
"Twitter"in materialı tapıb işarələmək işində daha çevik olduğu görünür. Ancaq o belə RT və "Sputnik"ə bağlı olan 47 kanalı, o cümlədən "Radio Sputnik"in hesabını tapa bilməyib.
Hesabatda daha sonra deyilir ki, Rusiya dövlət mediasının kontenti proksi saytlar vasitəsilə AB-də yaşayan "Facebook" istifadəçilərinə də açıqdır. Bura üzərində RT loqoları olan vizual kontent də daxildir.
"Instagram" ümumilikdə Kremlə bağlı media qurumlarının 72 hesabından yalnız 28-ni bloklayıb və ya ləğv edib. 44 "YouTube" kanalı isə hələ də açıqdır.
Fərdi propaqanda
Hesabatda RT və "Sputnik" jurnalistlərinin də fərdi qaydada müharibə haqda Rusiya propaqandasını yaydığı göstərilir. Bu məsələdə RT-nin baş redaktoru Marqarita Simonyanın adı xüsusi çəkilir. O, tvitlər əvəzinə RT materiallarının mətnlərini paylaşır.
Hesabatda deyilir ki, RT-nin əsas beynəlxalq saytına giriş hələ də VPN vasitəsilə mümkündür. Qurumun almandilli podkastları isə hələ də "Apple" platformalarında açıqdır. Aİ-dən olan istifadəçilər həm RT, həm də "Sputnik"in kontentini "Telegram" mesajlaşma xidmətindən görə bilirlər.
Avropa Komissiyası bildirib ki, Kremlin nəzarətində olan media Rusiyanın Ukraynaya hücumunu asanlaşdırmaq işində mühüm rol oynayır. Von der Leyen televiziya kanallarını "Putinin yalan və propaqandasını aqressiv şəkildə ucadan yayan ruporlar" adlandırıb.
"Biz bundan sonra onlara bu yalanları yaymağa səhnə verməməliyik", – o, mayda Strasburqda AB millət vəkilləri qarşısında çıxış edərkən deyib.
Yeni xidmət yaradılır
Sosial media platformaları qadağan olunmuş Rusiya propaqandasını önləməyə çalışır. Aİ isə onlayn medianı daha yaxşı tənzimləyə bilməkdən ötrü yeni Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act - DSA) üzərində çalışır.
Yeni qaydalar "Facebook", "Twitter", "YouTube" və digər platformaları paylaşılan kontentin moderasiyasına məcbur edəcək. Bunu etməyən platformalarsa qlobal dövriyyələrinin 6 faizi qədər cərimə ödəməli olacaqlar.
"Twitter" sözçüsü "Euronews"a şirkətin dövlət media qurumlarının bu platformada öz kontentlərini qabartmasının qarşısını almaq üçün tədbirlər gördüyünü deyib. "Biz aydınlığı artırmaq və konteksti daha yaxşı göstərməkdən ötrü hökumət və dövlətlərə bağlı media hesablarını işarələməyə davam edirik", – o deyib.
"Twitter" fevralın 28-dən bəri Rusiya dövlət mediasına aid 260 mindən çox tviti sildiyini və bu kontentin istifadəçilərə çatmasını 30 faizədək azalda bildiyini deyib.