İtaliyanın xarici işlər naziri Antonio Tayani nazirliyin xarici təmsilçilikləri, olimpiya obyektləri, Kortina-d'Ampezzodakı otellərin saytlarına kiberhücumların qarşısının alındığını bəyan edib. Bu haqda ANSA və "Reuters" xəbər yayıb.
Nazir hücumları "Rusiya mənşəli fəaliyyətlər" adlandırıb. O, başqa detal açıqlamayıb. Tayaninin sözlərinə görə, İtaliya XİN bu haqda digər bütün dövlət qurumlarını məlumatlandırıb.
"France24" İtaliya XİN-ə istinadla yazır ki, hücumlar təxminən 120 obyekti, o cümlədən İtaliyanın Vaşinqtondakı səfirliyini də əhatə edib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ictimaiyyətlə əlaqələr üzrə direktoru Mark Adams qurumun təhlükəsizlik məsələlərini şərh etmədiyini bildirib.
Hücuma görə məsuliyyəti rusiyapərəst "NoName057(16)" haker qrupu götürüb. "İtaliya hökumətinin ukraynapərəst siyasəti nəticəsində ukraynalı terrorçulara dəstəyi DDoS-hücumlarımızla cəzalandırırıq", – ANSA qrupun Telegram-dakı bəyanatından sitat gətirib.
2025-ci ilin iyulunda "Avroyust" (Avropa Ədliyyə İdarəsi) bildirib ki, "NoName057(16)" qrupu Avropa üzrə kritik infrastruktura çoxsaylı DDoS-hücumlara görə məsuliyyət daşıyır. Qurum yeddi nəfər barəsində həbs orderi verib, beş şübhəlinin məlumatlarını açıqlayıb. "Agentstvo"nun araşdırmasına görə, onların hamısı Rusiya vətəndaşıdır. Onlardan ikisi – Mixail Burlakov və Maksim Lupin "Gənclərin Araşdırma və Şəbəkə Monitorinqi Mərkəzi" adlı İT qrupuna rəhbərlik edir. Bu mərkəz Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə "gəncləri destruktiv məzmundan qorumaq" məqsədilə yaradılıb.