Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:19

Vikinqlərin qəbrində 'Allah' və 'Əli' kəlmələri


İspaniya - Catoira kəndi. "Skandinaviyalı vikinqlərin İspaniyaya hücumu". Səhnələşdirilib. 2007
İspaniya - Catoira kəndi. "Skandinaviyalı vikinqlərin İspaniyaya hücumu". Səhnələşdirilib. 2007

İsveç universiteti vikinq məzarlarından çıxan, vikinqlərin dəfn olunduğu geyimlərinin üzərində ərəb əlifbasıyla "Allah" və "Əli" sözləri aşkar edib.

Bu barədə Britaniyanın "Guardian" qəzeti yazır.

Uppsala Universitetinin araşdırmaçıları ipək üzərində kufi xətti ilə yazılmış bu kəlmələrin aşkar edilməsini "heyrətamiz" adlandırıblar.

Uppsala İsveçin ən qədim universitetidir və alimlər xeyli əvvəl tapılmış geyimləri təkrar nəzərdən keçirirmişlər.

Həmin geyimlər vaxtilə Birka və Gamla Uppsalada vikinq qəbirlərində tapılıb.

Qədimi geyimlər üzrə ixtisaslaşan arxeoloq Annika Larsson BBC-yə deyib ki, o əvvəlcə tapılan simvolların nə olduğunu anlaya bilməyib, amma sonra buna oxşar naxışlara İspaniyada müsəlman geyimlərində rast gəldiyini xatırlayıb.

Video: Vikinqlərin dəfn libasında 'Allah' və 'Əli' kəlmələri

Alimlər bu naxışların nə demək olduğunu onlara güzgüdə baxanda anlayıblar. Larsson deyir ki, bu, sağdan sola dua yazmaq cəhdi olub. Halbuki ərəblərin yazısı sağdan sola olur.

Larssonun fikrincə, bu yazılar indiyəcən mövcud olan nəzəriyyə ilə uzlaşmır. Həmin nəzəriyyədə iddia olunur ki, vikinq qəbirlərindən çıxan İslama aid əşyalar ticarətin, eləcə də məzarların içindəkilərin talanmasının nəticəsidir. Larsson bu nəzəriyyəni qəbul etmir, deyir, İslam atributları Vikinq dövrü üçün xarakterik olan geyimlərin üzərində aşkar edilib. O geyimlər ki, onların üzərində Valkiriyanın da (Skandinaviya mifologiyasıda döyüşçülərin meyitini öz atıyla meydandan çıxaran qadın obrazı) rəsmləri var.

Larsson deyir ki, vikinqlərin dəfn ayinləri güman ki İslamın təsirinə məruz qalıb. Daha dəqiqi, öləndən sonra insanın cənnətə düşməsi, onun ruhunun əbədi həyata qovuşması ideyasının.

Vikinqlərin İslam dünyası ilə əlaqələri çoxdan təsdiqini tapmış faktdır.

Skandinaviyada İslam ölkələrində buraxılmış və vikinq dövrünə aid 100 minəcən gümüş sikkə - dirhəm tapılıb.

DNT analizləri göstərib ki, bəzi vikinq qəbirlərindəki sümüklər əslən İrandan olan şəxslərə aiddir.

2007-ci ildə Harrogate yaxınlığında aşkar edilmiş saxlancdan üç inanc sisteminə - xristianlıq, İslam və Thora sitayişlə əlaqəli əşyalar çıxıb. Bunlar 7 müxtəlif dilə aid olub. 2015-ci ildə isə tapılan vikinq qadın üzüyünün üstündə "Allah" kəlməsi olub.

Vikinqlər 8-11-ci əsrlərdə yaşamış skandinaviyalı dənizçilərdi. Onlar öz gəmiləri ilə Avropanın bir çox ölkələri ilə ticarət ediblər. Amma həm də hərbi yürüşlərə çıxaraq qarətlərdə iştirak ediblər.

Buna da bax: Dan Brown: “Gələcəyin başqa Allahı olacaq…”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG