Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:45

Dan Brown: “Gələcəyin başqa Allahı olacaq…”


Dan Brown
Dan Brown

Britaniyada çıxan “Express” qəzeti yazır ki, Dan Brown-un sayca beşinci kitabı olan “Mənşə” (Origin) romanının da ziddiyyət və debatlara səbəb olacağı şübhəsizdir.

“Da Vinçi Şifrəsi” əsərinin müəllifi düşünür ki, Süni Zəkanın inkişafi insanın ilahi qüvvə anlayışını dəyişəcək.

Frankfurt Kitab Yarmarkasında çıxış edən yazıçı deyib ki, onun bu proqnozu ruhanilərin xoşuna gəlməyə bilər. O vurğulayıb ki, dünyanın ən böyük dinlərinə sitayiş edənlərlə heç bir dini olmayanlar daha böyük harmoniyada yaşamağı öyrənməlidirlər.

Yazıçı deyib: "Xristianlıq, İudaizm və İslam - bunların hamısı təxminən də olsa “müjdəni” paylaşırlar və insanların bunu bilməsi mühümdür. Bizim dinlərimiz arasında ortaq olanlar, fərqlərdən çoxdur”.

Yazıçının fikrincə, “biz həqiqi ruhi təcrübələrimizi bir-birimizlə ünsiyyətdə tapacağıq”.

Brown-un fikrincə “orada, göydə oturub hökm verən Allah tədricən tükənib itəcək…”

Onun proqnozuna görə “bəşəriyyət nəsə ümumi qlobal bir şüur əldə edəcək və bu da insanlığın ilahisi olacaq”.

Yenə də professor Langdon

Brown-un bu çıxışı onun son kitabı olan “Mənşə” romanının reklamı üçün edilsə də, göstərirdi ki, yazıçı ilk əsərindən bəri daşıdığı ideyadan əl çəkməyib.

Onun “Da Vinci şifrəsi” kitabında Harvard professoru Robert Langdon Xristianlığın tarixini şübhə altına almışdı.

Dan Brown-un kitabları 56 dildə 200 milyon nüsxə satılıb
Dan Brown-un kitabları 56 dildə 200 milyon nüsxə satılıb

“Mənşə” romanında qoyulan sual başqadır: “Allah elımlə mübarizədən salamat çıxa biləcəkmi?”

Yazıçı etiraf edir ki, indiyədək bəşər tarixində belə bir hadisə baş verməyib.

53 yaşlı yazıçı ağzınadək oxucularla dolu olan zalda sual edib: “Biz bu gün doğrudanmı o qədər sadəlövhük ki, indinin Allahının gələcəkdə də qalacağını düşünürük?”

“Mənşə” romanındakı hadisələr İspaniyada baş verir. Professor Langdon Bilbaodakı Guggenheim muzeyinə gəlib elan edir ki, tezliklə “elmin siması tamamailə dəyişəcək”.

Kataloniya - tarixlə indinin müharibəsi

İndiyədək 56 dildə 200 milyon kitabı satılmış Brown etiraf edib ki, son beş ildə bir dənə də olsun roman oxumayıb, amma əvəzində futuroloqlar və ya “gələcəkşünaslarla” çox sayda söhbətlər edərək “Mənşə” kitabının süjet xəttini işləyib.

Kitabın bir hissəsində hadisələr bu günlər separatçı böhran yaşayan Kataloniya bölgəsində, Barselonada cərəyan edir.

Sevilya Universitetində tarixçi ixtisasına yiyələnmiş Brown deyir ki, o bu siyasi qarşıdurmadan hər iki tərəfin məmnun çıxmasını arzu edir.

O deyib: “Mən Kataloniyanı sevirəm. İspaniyanı sevirəm. Arzu edirəm ki, bu mübahisə həll olunsun. Bu ürəkağrıdan vəziyyətdir, amma həm də zəmanəmizin reallığıdır…”

Brown əlavə edib ki, bu gün Kataloniyada baş verənlər həm də indimizlə tarixin müharibəsidir…

Rekord və təsəllilər

Britaniya mətbuatı yazır ki, indi Dan Brown-un elə təkcə adı onun kitabları üçün ən yaxşı reklamdır.

Onun yenicə çapdan çıxmış “Mənşə” (Origin) trilleri elə ilk həftədə Britaniyanın kitab mağazalarında 100 min nüsxədən çox satılıb.

The Guardian” yazır ki, bu, kitab ticarəti ilə məşğul biznes sahiblərini sevindirir, amma yazıçını bir qədər kədərləndirə də bilər.

İndi Britaniya oxucusu Dan Brown-dan soyumuş kimi görünür. Onun 2009-cu ildə çapdan çıxmış “İtirilmiş simvol” (The Lost Symbol) romanı ilk həftədə “Mənşə” romanından beş dəfə artıq satılmışdı.

2009-cu ildə Londonun kitab mağazalarında "İtirilmiş simvol" romanı üçün növbələr yaranmışdı
2009-cu ildə Londonun kitab mağazalarında "İtirilmiş simvol" romanı üçün növbələr yaranmışdı

Amma bütün hallarda ötən həftənin sonunadək “Mənşə” romanının 100 mindən çox nüsxəsi satılıb və Brown-un naşiri Transworld bildirir ki, bu roman ən sürətlə satılan bədii kitab rekordlarını kölgədə qoyub.

Bundan əvvəl Harper Lee-nin “Get gözətçi qoy” (Go Set a Watchman) romanı 2015-ci ildə çap olunduğu ilk beş gündə 168 min nüsxə satılmışdı.

Bookseller saytı qeyd edir ki, “Mənşə” Britaniyada ilk həftə ərzində satışa görə 2013-cü ildə çap olunmuş “Cəhənnəm” (Inferno) kitabından da iki dəfə geri qalır. “Cəhənnəm” ilk beş gündə 229 min nüsxə satılmışdı. “İtirilmiş simvol” isə 2009-cu ildə 551 min nüsxə satılmışdı.

Hələliksə Britaniya kitab mağazalarının çempionu Shari Lapena-nın “Qonşu ər-arvad” (The Couple Next Door) kitabıdır. Bu roman 2017-ci ilin bestselleri sayılır.

Transworld isə təsəlli tapır ki, “Mənşə” e-kitab satışına görə bütün həftə ərzində 1-ci yerdə olub. Kitabın audio variantının 14 min nüsxəsi satılıb. Bu, ümumiyyətlə audiokitablar üçün rekorddur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG