Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:49

İsveç parlamenti NATO-ya qoşulmağa səs verdi


İsveç parlamenti martın 22-də Macarıstan və Türkiyə tərəfindən ləngidilmələrə baxmayaraq ölkənin NATO-ya qoşulmasına dair qərarı qəbul edib.

Ölkənin Şimal alyansına yolunu açan bu qərar 349 yerlik Riksdaqda 269 səs leyhinə, 37 səs əleyhinə nisbəti ilə qəbul olunub. 43 millət vəkili səsvermədə iştirak etməyib.

İsveçin xarici işlər naziri Tobias Billström bu münasibətlə deyib:

"NATO üzvlüyü İsveçin təhlükəsizliyinin və Avroatlantika məkanının təhlükəsizliyinə töhfə verilməsinin ən yaxşı yoludur”.

Onilliklərdir neytral siyasət yürüdən Skandinaviya ölkələri - İsveç və Finlandiya Rusiyanın Ukraynaya əsassız və səbəbsiz təcavüzündən dərhal sonra NATO üzvlüyü üçün müraciət ediblər.

Lakin İsveçin üzvlüyə qəbul prosesi NATO üzvü Türkiyənin iradlarına görə ləngiyir.

Ankara Stokholmu onun terrorçu saydığı şəxs və qruplaşmalara sığınacaq verməkdə ittiham edir.

Türkiyə bundan əvvəl eyni iradları Finlandiyamın NATO üzvlüyü ilə bağlı da ifadə etmişdi.

Lakin sonradan Ankara Finlandiyanın üzvlük sənədlərinin tezliklə ratifikasiya olunacağını bildirdi.

Budapeşt və Ankaranın yekdilliyi

Prezident Recep Tayyip Ərdoğan İsveçin isə “hələ bir qədər gözləməli” olacağını bildirib.

İsveçin NATO üzvlüyünə mane olan digər ölkə şimal alyansının üzvü Macarıstandır.

Macarıstanın baş naziri Viktor Orban İsveç siyasətçilərinin onun ölkəsində demokratiyanın vəziyyətini tənqid etməsindən narazıdır.

Budapeşt bəyan edib ki, Finlandiyanın qəbul sənədləri martın 27-də ratifikasiyaya çıxarılacaq, amma İsveçin müraciətinə “daha sonra” baxılacaq.

İsveç parlamentində ölkənin NATO üzvlüyünə qarşı Sol Partiya və Yaşıllar Partiyası çıxıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG