Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

"Ət Rusiyada 58.6, Azərbaycanda 32.9 kq norma kimi təsdiqlənib” (media icmalı)


arxiv foto
arxiv foto

Ordu quruculuğu, minimum istehlak səbətinin tərkibi, Xəzər çimərliklərində vətəndaşların istirahət hüququnun məhdudlaşdırılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

"MİNİMUM İSTEHLAK SƏBƏTİNİN TƏRKİBİNƏ HƏR İL BAXILMALIDIR"

“Yeni Müsavat” qəzetində “Azərbaycanda minimum istehlak səbətinin tərkibinə yenidən baxıla bilər” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu ilin sentyabrından minimum əməkhaqqı 250 manat, oktyabrından isə minimum pensiya 200 manat olacaq.

Müəllifin qeyd etməsinə görə, bununla da ilk dəfə olaraq, Azərbaycanda minimum əməkhaqqı məbləği ölkə üzrə yaşayış minimumunu üstələyəcək. Yazıda xatırlanıb ki, bu il üzrə 180 manat yaşayış minimumu müəyyən edilib:

“Bu artımlardan sonra Azərbaycanda yaşayış minimumunun müəyyənləşməsində əsas rol oynayan minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi gündəmə gəlib.

Qeyd edək ki, qanunvericiliyə əsasən minimum istehlak səbətinin tərkibinə 3 ildə bir dəfə baxılmalıdır. Axırıncı dəfə 9 illik fasilədən sonra 2014-cü ildə Nazirlər Kabineti tərəfindən səbətin tərkibinə baxılaraq, bir sıra dəyişikliklər edilib”.

ərzaq mağazası
ərzaq mağazası

​Yazıda qeyd edilir ki, dəyişikliklərdən sonra Azərbaycanın minimum istehlak səbətində 40-dan artıq qida məhsulu var. Müəllifin vurğulamasına görə, inkişaf etmiş ölkələrdə isə bu səbətdəki qida məhsullarının sayı 100 ətrafında dəyişir:

“Yaxud Azərbaycanda indiki normativlə kartof istehlakı ay ərzində 4 kq edir. Belarusda bu göstərici 11 kq, Qazaxıstanda və Moldovada 10 kq təşkil edir...”

Yazıda vurğulandığına görə, bir nəfər üçün ət və ət istehlakı qonşu Rusiyada 58.6 kq, Azərbaycanda isə 32.9 kq norma kimi qəbul edilib.

İqtisadçı-ekspert Pərviz Heydərov “Yeni Müsavat”a bildirib ki, ölkə üzrə yaşayış minimumunun müəyyənləşməsində əsas rol oynayan minimum istehlak səbətinin tərkibinə hər il baxılmalıdır:

“İqtisadiyyat inkişaf edirsə, əhalinin gəlirləri artırsa, demək, istehlak davranışları, istehlakçı zövqü də dəyişir...”

Ekspert hesab edir ki, minimum istehlak səbətinin tərkibinə yenidən baxılması ilə yanaşı, bir sıra sosial müavinətlərin müəyyənləşməsindən ötrü istifadə edilən ehtiyac meyarı anlayışı da ləğv olunmalıdır.

"XƏZƏRİ ÇƏPƏRLƏYƏNLƏR"

“Biziyol.info” saytında “Xəzəri çəpərləyənlər polisin köməyinə arxalanırlar”sərlövhəli yazı yer alır.

Müəllif qeyd edir ki, artıq dəniz mövsümü başlayıb, havanın isti olması minlərlə insanın yolunu dəniz kənarından salıb. Yazıda vurğulandığına görə, lakin insanlar istirahət etməklə yanaşı xoşagəlməz anlarla da qarşılaşırlar:

“Bugünlərdə Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlikdə xoşagəlməz hadisə yaşanıb. Dəniz kənarına istirahətə gələn şəxs polis əməkdaşlarının, eləcə də dəniz kənarında yerləşən obyektlərdən birinin təzyiqi ilə üzləşib. İstirahət etməyə gələn şəxs avtomobilini dəniz sahilində saxlasa da, həmin ərazini çəpərləyən və qanunsuz olaraq nəqliyyat vasitələrinin girişini məhdudlaşdıran obyektin adminstratoru tərəfindən təzyiqə məruz qalıb”.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bizimyol.info”ya bildirib ki, polis əməkdaşları hansısa sahibkarın subyektiv tələblərini yerinə yetirməməlidir:

“Post patrul əməkdaşları hansısa bir sahibkarın özəl, subyektiv tələblərini yerinə yetirməyə borclu deyil. Əgər asayiş pozulursa, kiminsə hüquqları tapdalanırsa, ictimai münasibətlərə ziyan dəyirsə, təbii ki, post patrul xidmətinin əməkdaşları reaksiyalarını bildirməlidirlər. Amma kiminsə subyektiv tələbi əsasında “bu maşın burada mənə mane olur, bu maşını burdan götür” tələbinə reaksiya verməsi onun səlahiyyətinə aid deyil”.

Ş.Əliyev Xəzər dənizini ümumxalq sərvət sayaraq deyib ki, kimlərsə oranı qanunsuz hasarlaya, çəpərləyə bilməz, bu ölkə Konstitusiyasına ziddir.

Şüvəlan çimərliyi, arxiv foto
Şüvəlan çimərliyi, arxiv foto

Yazıda qeyd edilənlərə polis və sahibkarın münasibətini öyrənmək mümkün olmayıb.

Amma sonradan Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, çimərliklər pulsuzdur.

AZƏRBAYCAN ORDUSU

“Azərbaycan” qəzetində isə “Güclülər sırasında yer alan Azərbaycan Ordusu” sərlövhəli yazı dərc edilib.

Yazı Azərbaycan Milli Ordusunun yaradılmasının 101 illiyinə həsr edilib.

Müəllif yazıb ki, ordu ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlətçiliyin sütunlarından biridir.Yazıda vurğulandığına görə, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun vacibliyi hər zaman prioritet məsələlərdən olub.

Azərbaycan ordusu, 2018-ci il
Azərbaycan ordusu, 2018-ci il

Yazıda hazırkı prezident İlham Əliyevin hakimiyyətdə olduğu ötən 16 ildə Azərbaycanda ordu ilə bağlı görülən işlər də dəyərləndirilib:

“Bu dövrdə Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrilib və İlham Əliyevin hələ 16 il əvvəl qarşıya qoyduğu məqsədlər bu gün real həyatda öz təcəssümünü tapır”.

Müəllif daha sonra da yazıb ki, dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, qarşısında duran bütün vəzifələri həll etməyə qadir, ölkənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik qüdrətli, peşəkar və mübariz hərbi gücdür:

“Ordu quruculuğu prosesi isə davamlıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu işlər səngimədən, dayanmadan, sürətlə və uğurla davam etdirilir...”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG