Son statistik məlumatlara görə, Azərbaycanda muzdla işləyənlər 26 min azalsa da, işsiz kimi qeydiyyata düşənlərin sayı cəmi 5 min artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatından məlumat əldə etmək mümkündür.
Komitə bildirir ki, 2026-cı il martın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250.3 min nəfər olub. Bu, fevralın 1-nə nisbətən 4.7 min nəfər çoxdur: "İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 460.9 manat təşkil edib".
DSK-nın məlumatına görə, 2026-cı il fevralın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər təşkil edib. Aylıq hesabatların təhlili göstərir ki, Azərbaycanda təkcə yanvarda 26 min nəfər işini itirib.
Amma ekspertlər deyirlər ki, Azərbaycanda işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan daha çətindir. Ona görə də, onların ehtimalına görə, ölkədə işsizlik sayının cəmi 5 faiz göstərilməsi həqiqətə söykənmir.
Dövlət Məşğulluq Mərkəzi son aylar nə qədər işsizin işlə təmin edilməsi ilə bağlı statistika açıqlamayıb. Qurumdan bildirilib ki, bu il artıq 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.
Hər bir vətəndaş yaşadığı ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işaxtaran kimi qeydiyyatdan keçə bilər. Mövcud qanunvericiliyə görə, beş iş günü ərzində münasib iş təklif etmək mümkün olmadıqda həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur.