Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 05:38

İsrail Livandan qismən çəkilir, 'Hizbullah' narazıdır – Vaşinqtonda razılaşma

ABŞ dövlət katibi Rubio, Dövlət Departamentinin müşaviri Holler, İsrailin ABŞ-dəki səfiri Leyter və Livanın ABŞ-dəki səfiri Həmadə Vaşinqtonda görüşüblər.
ABŞ dövlət katibi Rubio, Dövlət Departamentinin müşaviri Holler, İsrailin ABŞ-dəki səfiri Leyter və Livanın ABŞ-dəki səfiri Həmadə Vaşinqtonda görüşüblər.

İyunun 26-da Vaşinqtonda İsrail və Livan nümayəndələri atəşkəs və sülhün bərqərar olması ilə bağlı çərçivə sazişi imzalayıblar. Sənədə hər iki ölkənin ABŞ-dəki səfirləri imza atıblar.

"Axios" və "The Times of Israel"in yazdığına görə, saziş İsrail ordusunun Livanın cənubundakı "bufer zona"dan qismən çəkilməsini nəzərdə tutur. Bu zona bu ilin yazında İsrailin "Hizbullah"a qarşı hərbi əməliyyatları zamanı yaradılıb. ("Hizbullah" Livanda həm siyasi partiya, həm də silahlı təşkilat kimi fəaliyyət göstərir və ABŞ ilə İsrail tərəfindən terror qruplaşması sayılır.) Məlumata görə, İsrail bufer zonanın yalnız iki hissəsini tərk edəcək – həmin ərazilərə Livan ordusu daxil olacaq. Buna baxmayaraq, zonanın böyük hissəsində İsrail əsgərləri yaxın gələcəkdə də qalacaq.

İsrailin baş naziri Binyamin Netanyahu deyib ki, ordu Livanın cənubundakı "təhlükəsizlik zonası"nda "Hizbullah" təhdidi tamamilə aradan qalxana, yəni qruplaşma tərk-silah olunana qədər qalacaq.

Livanla İsrail arasında apreldən bəri ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər bundan əvvəl də bir neçə dəfə atəşkəs razılığına gəlmişdilər.

"Reuters" agentliyi isə "Hizbullah" rəsmisinin "Əl-Mayadin" telekanalına açıqlamasına istinadən qruplaşmanın bu sazişi tanımadığını və əməl etməyəcəyini yazıb. Livan hökumətindən asılı olmayan təşkilat özünü İranın başçılıq etdiyi "müqavimət oxu"nun bir hissəsi bilir. Rəsmi Tehran ABŞ ilə danışıqlarda Livan ordusunun geri çəkilməsini əsas şərt kimi qoysa da, bu tələb yerinə yetirilməmiş olsa belə, ötən həftə Vaşinqtonla anlaşma memorandumu imzalayıb.

İsrail isə bəyan edib ki, Birləşmiş Ştatların İranla razılaşmalarına baxmayaraq, yalnız öz təhlükəsizlik maraqlarını rəhbər tutacaq. Təl-Əvivin bu barışmaz mövqeyi ABŞ administrasiyasını İsrailin Livandakı addımları ilə bağlı kəskin bəyanatlar verməyə vadar edib.

XS
SM
MD
LG