İranın hərbi komandanlığı İsrailə qarşı zərbələri dayandırdığını elan edərək bildirib ki, Beyrutun Dahiyə bölgəsinə endirilən zərbələrin qarşılığında İsrailə "ağrılı cavab" verilib. Bəyanatda həmçinin belə bir xəbərdarlıq yer alıb ki, İsrailin hər hansı yeni hücumuna "xeyli sərt və sarsıdıcı" cavab veriləcək.
Bu açıqlamadan az öncə ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb ki, "hər iki tərəf – İsrail və İran dərhal atəşkəs əldə etmək istəyir". O əlavə edib ki, ABŞ ilə İran arasında sülh sazişi üzrə yekun danışıqlar davam edir, amma İran limanlarına qarşı ABŞ blokadası yekun razılaşma əldə olunanadək qüvvədə qalacaq.
"Səsləndirdiyi təhdidin etibarlılığını qorumaq istəyirdi"
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı birbaşa atəşkəs elan etməyib, əməliyyatın müəyyən şərtlərlə tamamlandığını bildirib. Bəyanatda bu fasilə gərginliyin azaldılması kimi deyil, müəyyən bir mesajın çatdırılmasının tamamlanması kimi təqdim olunub.
Azadlıq Radiosunun İran üzrə yazarı Kian Şərifi yazır ki, bu yanaşma Tehranın güc görüntüsünü qorumağa çalışdığını və Vaşinqtonun təklif etdiyi çıxış yolundan yararlandığını göstərir.
Zərbələr davam edərkən analitiklər də bunu proqnozlaşdırırdılar. İran açıq şəkildə xəbərdarlıq etmişdi ki, Livandakı müttəfiqinin yerləşdiyi Dahiyə bölgəsinə hücum olarsa, İsrailin şimalını vuracaq. İsrail Beyrutun cənub ətrafına zərbə endirdikdən sonra Tehran ya verdiyi təhdidi gerçəkləşdirməli, ya da gələcək hədələrinin etibarlılığını itirməli idi.
"Bu addım əsasən İranın artıq ictimaiyyət qarşısında səsləndirdiyi təhdidin etibarlılığını qorumaq məqsədi daşıyırdı. Cavablar məhduddur, tərəflərin heç biri bunun tammiqyaslı müharibəyə çevrilməsini istəmir", – Corc Vaşinqton Universitetinin mühazirəçisi Məhəmməd Qaedi Azadlıq Radiosunun fars xidmətinə müsahibəsində deyib.
İranın mesajı
Londonda yaşayan təhlilçi, keçmiş iranlı diplomat Mehrdad Xansari də hadisələri bənzər şəkildə şərh edib. Onun fikrincə, Tehran hesab edir ki, Vaşinqton yaxınlaşan BMT Baş Assambleyası, Hörmüz boğazının bağlanması riski və qlobal iqtisadiyyata yönələn təhdidlər fonunda İsrailə təzyiq göstərərək onun cavab tədbirlərini məhdudlaşdırmağa çalışacaq. "İran öz imkanlarını nümayiş etdirir. Mesaj budur: Mövqeyim möhkəmdir, müttəfiqlərimi müdafiə edirəm və zəiflik saydığınız vəziyyətdən sui-istifadə etməyinizə imkan verməyəcəyəm", – Xansari söyləyib.
K.Şərifi İranın bəyanatının bu məntiqə uyğun olduğunu yazır.
Bəyanat həm təmkin nümayiş etdirir, həm də gələcək mərhələ üçün təhdidin səviyyəsini yüksəldir. "Əvvəlkindən xeyli sərt və sarsıdıcı cavab" ifadəsi bugünkü geri çəkilmənin zəiflik kimi qəbul edilməməsinə hesablanıb.
Fasilə davamlı olarsa, İran əvvəlki status-kvonu bərpa edəcək və çəkindirmə qabiliyyətini formal olaraq qoruyub saxlayacaq. Tehran açıq şəkildə verdiyi vədə əməl etdi, İsrailin mümkün cavabını qəbul etməyə hazır olduğunu göstərdi və qarşıdurma nəzarətdən çıxmazdan əvvəl dayandı.
Tramp: "Bütün qərarları mən verirəm"
İsrailin baş naziri Binyamin Netanyahu iyunun 8-də yaydığı qısa videomüraciətində Tehran hücumları dayandırdıqdan sonra İrana qarşı əməliyyatlara ara verildiyini bildirib. Bununla belə, o xəbərdarlıq edib ki, Tehran "bizə qarşı hücumları bərpa etmək səhvinə yol verərsə, tam gücümüzlə cavab verəcəyik".
Trampın paylaşımı tərəflərin dərhal atəşkəsə doğru meyl etdiyini göstərir. Amma bu münaqişədə İsrail rəsmiləri bəzi hallarda Vaşinqtonun xahişlərindən asılı olmayaraq, tamamilə müstəqil hərəkət ediblər.
Tramp iyunun 7-də "The Financial Times" qəzetinə müsahibəsində deyib ki, Netanyahunun ABŞ-nin İranla əldə edəcəyi istənilən razılaşmanı qəbul etməkdən başqa seçimi olmayacaq.
"Bütün qərarları mən verirəm. Qərarları o vermir", – Tramp vurğulayıb.