Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:05

İsrail şirkəti Dağlıq Qarabağda erməni əsgərləri ‘vurmaqda’ ittiham olunur


İsrailin "intiharçı" kimi tanınan bu dronunun Dağlıq Qarabağ üzərində videoya çəkildiyi iddia edilirdi

İsrail ölkənin dron istehsalçısını satış nümayişi zamanı Azərbaycandan olan müştərilərin ricası ilə mübahisəli Dağlıq Qarabağdakı erməni əsgərləri bombalamaqda ittiham edir.

AzadlıqRadiosu AFP-yə istinadən yazır ki, bu barədə məlumatı İsrail hökuməti və yerli media yayıb.

İsrail Ədliyyə Nazirliyinin 29 avqust tarixli ittihamında konkret olaraq Azərbaycanın və Dağlıq Qarabağın adları çəkilmir. Lakin İsrail mediasının yazdığına görə Müdafiə Nazirliyinə verilmiş şikayətdən söhbətin Azərbaycan rəsmilərindən və etnik erməni əsgərlərdən getdiyi bəlli olur. Nazirliyin təhqiqata başlamasına məhz bu şikayət səbəb olub.

Müdafiə Nazirliyinin göndərdiyi şikayət Maariv qəzetinə sızdırılıb. Şikayətin kim tərəfindən yazıldığı bilinmir.

İsrail Ədliyyə Nazirliyinin 29 avqust tarixli bəyanatında deyilir ki, nazirlik bu insidentlə bağlı İsrailin Aeronautics Defense Systems şirkətinin rəhbərinə, başqa rəsmilərə və şirkətin əməkdaşlarına qarşı ittiham irəli sürməyi planlaşdırır.

The Times of Israel qəzetinin yaydığı məlumata görə “Aeronautics və onun 10 əməkdaşı onlara qarşı ittihamların və bununla bağlı dinləmənin hazırlanması barədə xəbərdar edililblər”.

Qəzet yazır ki, Aeronautics şirkətinin heyəti “ağırlaşdırıcı şəraitdə nəyinsə fırıldaq yolu ilə əldə olunmasında” və “İsrailin ixraca təhlükəsizlik nəzarəti qanununu pozmaqda” şübhəli bilinir.

Lakin Yavnedə mənzillənmiş şirkət əmin olduğunu bildirib ki, elə ilk dinləmədəcə Dövlət Prokurorluğu şirkətə və onun işçilərinə qarşı hər hansı məhkəmə işinin açılmasına ehtiyac olmadığı barədə nəticəyə gələcək və bu işi bağlayacaq.

Azərbaycan İsrail dronlarının ən böyük alıcılarından biri sayılır
Azərbaycan İsrail dronlarının ən böyük alıcılarından biri sayılır

Vaşinqtondakı Azərbaycan səfirliyi AzadlıqRadiosuna İsraildə görülən hüquqi tədbirlər barədə şərh verməkdən imtina edib. Səfirlik bildirib ki, başqa ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil. Ermənistanın və İsrailin də Vaşinqton səfirliklərindən şərh almaq mümkün olmayıb.

Maariv və The Times of Israel qəzetləri hadisənin Azərbaycan ərazisi olan Dağlıq Qarabağda baş verdiyini iddia edirlər.

Bu qəzetlərin materiallarında deyilir ki, Aeronautics rəsmiləri 2017-ci ildə Bakı ilə 20 milyon dollarlıq potensial alqı-satqı sövdələşməsi üzərində işləyiblər. Qəzetlərin iddiasına görə məhz bu zaman Azərbaycan rəsmiləri Orbiter 1K silahlı dronunun erməni əsgərlər üzərində nümayiş etdirilməsini istəyiblər.

Məqalələrdə deyilir ki, şirkətin iki əməkdaşı bunu etməkdən boyun qaçırıb, lakin bundan sonra şirkətin iki vəzifəli işçisi bunu etməyə razılaşıblar. Onlar deyiblər ki, dron hədəfləri birbaşa vurmayıb, lakin bu hücumda iki erməni əsgər yaralanıb.

The Times of Israel qəzeti Ermənistan ordusunun generalı Armen Gyozalian-ın iki əsgərin yüngül yaralandığı bu insidenti təsdiq etdiyini yazır.

Məqalələrdə deyilir ki, İsrail hökuməti Müdafiə Nazirliyinə verilmiş şikayətdən sonra Aeronautics şirkətinin ixrac lisenziyasını ləğv edib.

Azərbaycan İsrail hərbi avadanlığının ən böyük idxalçılarından biridir. 2016-cı ildə İsrail istehsallı dronun içində yeddi erməni olan avtobusu vurduğu xəbər verilmişdi.

The Times of Israel qəzeti yazır ki, həmin dronu İsrailin başqa bir şirkəti olan Aerospace Industries istehsal etmişdi.

AzadlıqRadiosu düz bir il əvvəl sözü gedən Aeronautics şirkətinin ixrac lisenziyasının ləğv olunduğu barədə xəbər yaymışdı.

O vaxt Vaşinqtondakı Azərbaycan səfirliyinin sözçüsü “Aeronautics” şirkətinə qarşı iddiaları “hesablanmış saxtalaşdırma” adlandırmışdı.

Sözçü “Ermənistan ordusu Azərbaycan torpaqlarının işğalını əsaslandırmaqdan ötrü ümidsizcəsinə saxta xəbərlər yayır” demişdi.

Azərbaycanın Müdafiə Nazirliyi o zaman məlumatlara şərh verməmişdi.

XS
SM
MD
LG