Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:36

İsrail Azərbaycana dron ixracını dayandırıb


İsrail dronu

İsrailin Müdafiə Nazirliyi «Aeronautics Defense Systems» şirkətinin ixrac lisenziyasını dondurub. Bir müddət öncə Azərbaycanın bu şirkətdən aldığı dronların Ermənistanın hərbi mövqeyini hədəfə almasını xahiş etdiyi barədə məlumatlar yayılmış və bununla bağlı araşdırma başlanmışdı.

«The Jerusalem Post» qəzetinin yazdığına görə, şirkət bazar ertəsi gecə Təl-Əviv birjasına xəbər yollayıb ki, Müdafiə Nazirliyinin Müdafiə İxracına Nəzarət Agentliyi şirkətin «Orbiter 1K» modelli dronunun «mühüm müştəriyə» marketinq və ixrac icazəsini ləğv edib.

20 MİLYON DOLLARLIQ KONTRAKT

Məlumatda Azərbaycanın adı çəkilməyib. Ancaq rəsmi Bakı illərdir bu şirkətin mühüm müştərilərindəndir və şirkət 2011-ci ildə burada «Aerostar» və «Orbiter» dronlarının istehsalından ötrü zavod da açıb.

***Buna da bax-Azərbaycan dedi, İsrail vurdu?

«Aeronautics» şirkətinin bildirməsinə görə, «Orbiter 1K» üzrə kontraktın dəyəri 20 milyon dollar idi və gələn iki ildə gerçəkləşdirilməsi nəzərdə tutulurdu. Bu lisenziyanın dondurulması şirkətin dron ixracını önləmiş olur. Şirkət kontraktı yekunlaşdırmaq mərhələsindəydi.

«Orbiter-1K» bir-iki kiloqramlıq xüsusi partlayıcı daşımaq qabiliyyətinə malik intiharçı- drondur.

İsrailin «Maariv» qəzeti bu ayın əvvəlində yazıb ki, şirkətin komandası «Orbiter 1K»nın satış sazişini yekunlaşdırmağa Azərbaycana gedib və onlardan Ermənistan ordusunun mövqeyini vurmaq xahiş olunub. Məlumata görə, dronu idarə edən israilli pilotlar bundan imtina edəndə, şirkət təmsilçiləri nəzarəti ələ alaraq aparatı idarə ediblər, ancaq hədəfə dəyməyiblər.

Azərbaycanın olduğu deyilən kamikadze dron
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

ERMƏNİSTAN İKİ ƏSGƏRİNİN YARALANDIĞINI DEYİRDİ

Azərbaycanın Müdafiə Nazirliyi o zaman məlumatlara şərh verməmişdi.

Ermənistan mənbələri isə polkovnik Armen Gyozalian-a istinadla yazırdı ki, hərbi avadanlığa ziyan dəyməyib, ancaq iki əsgər yüngülcə yaralanıb. Hadisə iyulun 7-də baş verib.

***Buna da bax-Azərbaycan İsraildən 'Dəmir günbəz' alır

«Aeronautics» şirkəti isə hadisənin baş verdiyini tam inkar edib, şirkətin heç vaxt canlı atəşlə sınaq keçirmədiyini bildirib. İsrail qanunları canlı hədəfə atəş açılmasını yasaqlayır.

İsrailin Müdafiə Nazirliyi məsələnin araşdırıldığını vurğulayırdı.

Qəzet Beynəlxalq Böhran Qrupuna istinadla yazır ki, 2016-cı ildə Dağlıq Qarabağda dördgünlük toqquşmalardan sonra Azərbaycan silahlara daha çox pul xərcləyir, İsrail, Rusiya, Pakistan və Türkiyədən hərbi avadanlıq alır.

SƏHMLƏR UCUZLAŞIB

«Foreign Policy» dərgisinin yazdığına görə, şirkət lisenziyanın dondurulması barədə açıqlama yayandan sonra Təl-Əviv birjasında səhmləri 17 faiz ucuzlaşıb.

Vaşinqtondakı Azərbaycan səfirliyinin sözçüsü isə «Aeronautics»ə qarşı iddiaları «hesablanmış saxtalaşdırma» adlandırıb.

«Ermənistan ordusu Azərbaycan torpaqlarının işğalını əsaslandırmaqdan ötrü ümidsizcəsinə saxta xəbərlər yayır», – o deyib.

Dərgi İsrail və Ermənistan səfirliklərindən, eləcə də «Aeronautics» şirkətindən əlavə açıqlama ala bilməyib. Şirkət investorlara məktubunda vurğulayıb ki, lisenziyanın təhqiqat getdiyi bir vaxtda müvəqqəti dondurulduğuna inanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG