Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:47

Azərbaycanın İsraillə milyonlarla dollarlıq dron kontraktı imzaladığı xəbər verilir


Aeronautics şirkətinin dronlarından biri
Aeronautics şirkətinin dronlarından biri

İsrailin The Jerusalem Post qəzeti yazır ki, ölkənin Aeronautics müdafiə şirkəti özünün ixrac lisenziyası bərpa olunandan iki həftə sonra Azərbaycandan milyonlarla dollarlıq kontrakt aldığını bəyan edib.

Şirkətin bəyanatında müqavilənin 13 miyon dollar dəyərində olduğu və Azərbaycanın Orbiter dronlarına texniki xidməti nəzərdə tutduğu deyilir.

Qəzet yazır ki, Orbiter 1K - “kamikaze” tipli intihar dronudur və 1-2 kiloqram ağırlığında partlayıcı daşıya bilir. Maşından atılan bu pilotsuz uçuş aparatı yüksək səyyarlığa malikdir və çoxsensorlu kamerası ilə gecə və gündüz şəraitində üç saatadək uça bilir.

The Jerusalem Post daha sonra yazır ki, Orbiter 1K katapultdan atıldıqdan sonra müstəqil olaraq ərazini görüntüləyir, hərəkətli və ya hərəkətsiz hədəfləri aşkara çıxararaq məhv edir. Hədəf aşkar olunmadıqda dron bazaya qayıdaraq paraşütlə eniş edə bilir.

Məqalədə deyilir ki, Aeronautics şirkətinin satış lisenziyası 2017-ci ildə Maariv qəzetinin reportajından sonra ləğv edilmişdi. Qəzet yazmışdı ki, guya şirkətin nümayəndələri kontraktı yekunlaşdırmaq üçün Azərbaycanda olarkən onlardan Ermənistanın hərbi mövqeyinə zərbə endirmələri istənib.

Sözü gedən hadisənin təfərrüatları məhkəmənin məxfilik qərarı altında saxlanır, lakin iki İsrail əməliyyatçısının erməni mövqeyini vurmaqdan imtina etdikləri bildirilir. Bu da iddia edilir ki, əvəzində şirkətin vəzifəli nümayəndələri dronu uçurublar, lakin son nəticədə dron hədəfdən yan keçib.

Bu hadisədən sonra İsrailin Müdafiə Nazirliyi Orbiter 1K modeli üçün marketinq və ixrac lisenziyasını ləğv etmişdi.

AzadlıqRadiosu da bu hadisə barədə geniş məqalə ilə çıxış etmişdi.

137 milyon dollar

İsrailin Beynəllxalq Cinayət Axtarışı Polis Birləşməsi, Müdafiə Nazirliyinin təhqiqat bölümü və Dövlət Prokurorluğu bu insidentin araşdırılmasına başlamışdı.

2011-ci ildə Azərbaycanda Aerostar və Orbiter tipli dronların zavodunu açmış Aeronautics şirkəti bu məsələdə qanunsuzluğa yol vermədiyində israr edir.

İsrailin erməni icması Azərbaycana dron satılmasına etiraz bildirir (2014)
İsrailin erməni icması Azərbaycana dron satılmasına etiraz bildirir (2014)

The Jerusalem Post xatırlatmağı lazım bilir ki, Azərbaycan İsrailin əsas neft təchizatçısıdır. Bakı həm də son illərdə İsrail hərbi sənayesinin məhsullarının əsas alıcılarından birinə çevrilib.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (The Stockholm International Peace Research Institute – SIPRI) 2017-ci il məlumatına görə Azərbaycan İsrail silahlarının üçüncü ən böyük alıcısıdır və bu silahlara 137 milyon dollar xərcləyib.

"Sakit uçan, gözəgörünməz, dəqiq və qəfil”

Yanvar ayında İsrailin Elbit Systems şirkəti Azərbaycana uzaqmənzilli dəqiq vuran SkyStriker dronlarını satıb.

Şirkətin özü SkyStriker dronlarını “sakit uçan, gözəgörünməz, qəfil zərbə cihazı” kimi xarakterizə edir.

Şirkət bildirir ki, bu dronlar müasir hərb meydanlarında son dərəcə dəqiq vuruşu və etibarlığı ilə fərqlənir.

İsrailin "intiharçı" kimi tanınan bu dronunun Dağlıq Qarabağ üzərində videoya çəkildiyi iddia edilirdi
İsrailin "intiharçı" kimi tanınan bu dronunun Dağlıq Qarabağ üzərində videoya çəkildiyi iddia edilirdi

The Jerusalem Post yazır ki, 2016-cı ildə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda münaqişə alovlananda Bakı İsrailin Harop dronundan istifadə etməklə erməni hədəflərini vurmuş və nəticədə 7 erməni əsgər həlak olmuşdu.

İsrailə dost iki ölkə

Bu insidentdən az sonra Ermənistanın İsraildəki səfiri Armen Melkonyan bu silahların Azərbaycana satışına görə İsrailə rəsmi nota təqdim etmişdi.

Ermənistan bu notada, İsrail tərəfindən satdığı silah sistemlərinin hər hansı bir tərəfdən hücum üçün istifadə edilməyəcəyinə təminat verilməsini istəmişdi:

“Ermənistan və Azərbaycan – hər ikisi İsrailə dost ölkədir və İsrail silahlarından bu iki ölkə arasında Dağlıq Qarabağ üstündə gedən müharibədə istifadə edilməsi başa düşülən deyil”.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Azərbaycan və İsrail arasında milyonlarla dollarlıq yeni müqavilə barədə Yerevan hələlik heç bir rəy bildirməyib.

Lakin bu ayın əvvəllərində İsrail şirkətinin lisenziyası üzərindən qadağan qaldırılanda Ermənsitan XİN-in sözçüsü Anna Nagdalian demişdi ki, rəsmi Yerevan bu məsələni ikitərəfli danışıqlar zamanı qaldıracaq.

“Biz beynəlxalq partnyorlarımıza daim belə bir mesaj göndərməliyik ki, bizim regionumuzda silahlanma yarışı son dərəcə təhlükəlidir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG