Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:17

‘İslamda yoxdur’ kitabı ilə bağlı çəkişmə davam edir


İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” adlı kitabı ilə bağlı apellyasiya şikayəti verilib.

Bu yaxınlarda 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu kitabın kütləvi çapında yaranan problemlərlə bağlı verilən şikayəti təmin etməyib.

Bununla razlaşmayan ilahiyyatçının vəkilləri Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Bu haqda Azadlıq Radiosuna Elşad Miri məlumat verib.

İlahiyyatçının müəllifi olduğu “İslamda yoxdur” adlı kitabla bağlı verilən şikayətə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində artıq 6 ay idi ki, baxılırdı.

“Bu cür qərar veriləcəyi gözlənilən idi. Mən öz ölkəmin adının kitab qadağan edən ölkə olaraq adlandırılmasının tərəfdarı deyiləm. Təəssüflər olsun ki, məhkəmənin "İslamda yoxdur" kitabı ilə bağlı qərarı ölkədə senzuranın olduğunu təsdiq etdi”, deyən Elşad Miri qeyd edib ki, apellyasiya şikayətinə nə vaxt baxılacağı bəlli deyil.

Elşad Mirinin müəllifi olduğu “İslamda yoxdur” adlı kitabın çapına bu ilin əvvəllərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin lazımı rəy vermədiyi bildirilir. Həmin kitabda qeyd edilir ki, İslam dinində sehr, siğə, huri, azyaşlıların evləndirilməsi, seyidlik, ölüyə Quran oxutdurulması, peygəmbərlərin məsumluğu kimi məsələlər yoxdur.

Elşad Mirinin verdiyi məlumata görə, kitabla bağlı dinşünaslıq ekspertizasının rəyində yazılıb ki, orada ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər yer alıb. Həmin fikirlər isə, əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır.

Bu rəylə razılaşmayan Elşad Miri məhkəmə yolunu tutub.

Dini kitablara senzura məsələsi: Rəsmilər nə deyir?

Dini məzmunlu kitablara qadağa mövzusu müxtəlif vaxtlarda Azərbaycanda gündəmə gəlir.

Hüquq-mühafizə qurumları bəzən rəsmi açıqlamalarında dini ədəbiyyatların saxlandığını, müsadirə edildiyini bildirirlər. Ancaq həmin ədəbiyyatlar haqda ümumi məlumatlar açıqlanmır. Əksər ekspertlər bunu doğru saymırlar. Onlar hesab edirlər ki, əlaqəli qurumlar yayılmasını, çapını istəmədikləri kitabların siyahısını hazırlamalıdır. Həm də həmin siyahı hər kəsə əlçatan olmalıdır. Ekspertlər eyni zamanda yayılmasına, çapına yasaq tətbiq edilə biləcək dini ədəbiyyatlarla bağlı aydın qaydaların olmasını vacib sayırlar.

Hökumət təmsilçiləri isə rəsmi açıqlamalarında Azərbaycanda dini ədəbiyyatın çapı, yayılması ilə bağlı heç bir problemin olmadığını deyirlər.

İki gün əvvəl, oktyabrın 1-də Azərbaycan Prezidenti Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov jurnalistlərə açıqlamasında demişdi ki, Azərbaycanda dini ədəbiyyatlara senzuradan söhbət belə gedə bilməz:

“...Çox təəssüf ki, dövlətin bu istiqamətdə atdığı addımlar bəzən beynəlxalq hesabatlarda Azərbaycana qarşı tənqidi formada öz əksini tapır. Guya Azərbaycanda dini ədəbiyyatlara senzuranın qoyulduğu deyilir. Amma anlamaq lazımdır ki, Azərbaycanda senzuradan söhbət gedə bilməz”.

Bəs qanunuvericilik nə deyir?

"Dini etiqad azadlığı haqqında” Qanuna görə, dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin) dini təyinatlı ədəbiyyatı, əşyaları, dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG