Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

'İşıq məhbusları': 'Ola bilsin, etiraz aksiyası keçirərkən səhv eləmişik'


İmişli rayon məhkəməsi. 14 iyul 2017

Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbədə elektrik enerjisinin kəsilməsinə etiraz etdiklərinə görə həbs olunan beş nəfərin məhkəməsində vəkillərin vəsatətləri təmin edilməyib.

Cəbrayıldan olan məcburi köçkünlərin işinə İmişli Rayon Məhkəməsində hakim Təranə Hüseynovanın sədrliyi ilə baxılır.

İyulun 14-də vəkillər məhkəmə qarşısında vəsatət qaldıraraq təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, onların ev dustaqlığına buraxılmasını istəyiblər.

Buna da bax:​ 'İşıq məhbusları'nın məhkəməsi təciliyardımla başladı

“Onların heç bir suçu yoxdur. Sosial tələblərlə aksiya keçiriblər. Onların məhkəmə zamanı həbsdə tutulmaması üçün hüquqi əsaslar var”, - deyə iş üzrə vəkillərdən Bəhruz Bayramov məhkəmədə bildirib.

Ancaq məhkəmə heyəti vəsatəti rədd edib.

Vəkilin təqsirləndirilən şəxslərin yaxınlarının məhkəmə prosesində iştirakına şərait yaradılması barədə vəsatəti isə qismən təmin edilib. Bir neçə valideyn iclas zalına buraxılıb.

Proses zamanı təqsirləndirilən şəxslərin çıxışları dinlənilib.

Buna da bax:​ Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'

Cəlal Quliyev deyib ki, o və onunla birgə həbs olunan şəxslər polisə, etiraz aksiyasının keçirildiyi əraziyə gəlmiş rəsmilərə daş atmayıblar. O, həmçinin “ola bilsin, etiraz aksiyası keçirərkən səhv eləmişik”, - söyləyib.

Təqsirləndirilən şəxslər Qarabağ əlili və hakim Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını da məhkəmənin diqqətinə çatdırıblar.

Prosesdə ifadə verən polis əməkdaşları, icra nümayəndələri isə istintaqa verdikləri ifadələri təsdiqləyiblər. Həmin ifadələrdə təqsirləndirilən şəxslərin rəsmilərə müqavimət göstərdiyi, daş atdıqları qeyd olunub.

İş üzrə ümumilikdə 25 polis əməkdaşının, icra hakimiyyətinin 2 nümayəndəsinin adı keçir.

Buna da bax:​ 'Məcburi köçkünlər iğtişaş yox, işıq istəyirdi'

Məhkəmə prosesi başlamazdan əvvəl İmişli Məhkəməsinin qarşısında qalmaqal yaşanıb. Nəzarətçilər təqsirləndirilən şəxslərin yaxınlarını, jurnalistləri, hüquq müdafiəçilərini məhkəmə zalına buraxmayıblar. Bu zaman təqsirləndirilən şəxslərdən İlkin İsgəndərovun bacısının halı pisləşib. Ona tibbi yardım göstərilib.

Təqsirləndirilən şəxslərdən İlkin İsgəndərovun bacısının halı pisləşib.
Təqsirləndirilən şəxslərdən İlkin İsgəndərovun bacısının halı pisləşib.

XATIRLATMA

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir.

Buna da bax:​ Vaqif Bayatlı Odər: 'İşıq istəyənləri həbs etmək ona bənzəyir ki, ...'

Rəsmi məlumata görə, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, aksiya iştirakçılarından da xəsarət alanlar var və üstəlik, polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.

Qəsəbədə yaşayan Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərova CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.

Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG