Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Naziri xarici səfərdə müşayiət edən jurnalist qaçıb və sığınacaq istəyib


Amir Tohid Fazel (solda) xarici işlər naziri Mohammad Javad Zarifdən müsahibə alarkən (Foto ehtimalən Tehranda çəkilib)
Amir Tohid Fazel (solda) xarici işlər naziri Mohammad Javad Zarifdən müsahibə alarkən (Foto ehtimalən Tehranda çəkilib)

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İran xarici işlər naziri Mohammad Javad Zarifi bu ayın əvvəllərində rəsmi Avropa turunda müşayiət edən jurnalist qaçıb və İsveçdən sığınacaq istəyib.

Məqalədə deyilir ki, buna baxmayaraq tənqidçilər jurnalist Amir Tohid Fazelin dediklərini şübhə altına alır və onu İran kəşfiyyat orqanlarına işləməkdə ittiham edirlər.

Bəziləri hətta deyirlər ki, Fazelin sığınacaq istəməsi İran kəşfiyyat orqanlarının Qərbdəki iranlı diasporaya soxulmaq cəhdidir.

İsveçin Miqrasiya Agentliyi bütün hallarda jurnalistin sığınacaq ricasının diqqətlə öyrəniləcəyini bildirib.

Fazel sərt xətt-hərəkət tərəfdarı olan Movj xəbər agentliyinin siyasi redaktorudur.

Jurnalist, yoxsa “işverən”

O İsveçin ictimai televiziyasına bildirib ki, avqustun 21-də Stokholmda naziri müşayiət edərkən həmkarlarından biri ona dörd nəfər mülki geyimlinin onun Tehrandakı ofisinə gəldiklərini və onu həbs etmək istədiklərini xəbər verib.

Fazel deyib ki, o ikili vətəndaşlığı olan İran rəsmilərinin siyahısını dərc etdikdən sonra təzyiqlərlə üzləşib.

Jurnalist deyib ki, prezident, onun müavinləri və başqa vəzifəlilər də daxil xarici vətəndaşlığı olan rəsmilərin siyahısını bir millət vəkilindən alıb. Bu ölkələrdən bir çoxu İranın düşmənləri hesab edilir.

Fazel bunu da bildirib ki, hökumət bu siyahının dərci ilə bağlı şikayət verəcəyini açıqlayıb.

Bəzi xəbərlərə görə Fazelə sözü gedən siyahını İran prezidenti Hassan Rohani və xarici işlər naziri Zarifin qatı tənqidçisi olan deputat Javad Karimi Ghodousi verib.

İran ikili vətəndaşlığı tanımır və insan haqları qrupları bildirirlər ki, bu adamlardan Qərblə qarşıdurmada alver vasitəsi kimi istifadə olunur.

Fazel bunu da deyib ki, o siyahını dərc edəndən bəri onun arvadı işdən qovulub.

Fazel deyib ki, o Zarifin dəstəsini avqustun 21-də, səhər tərk edib. O iddia edib ki, nazirin mühafizə üzvlərinə siqaret çəkmək üçün oteldən çıxmaq istədiyini demişdi.

Bundan sonra Fazelin dediyinə görə o taksiyə minərək yaxınlıqdakı polis məntəqəsinə gəlib.

Həmkarların ittihamları

Lakin başqa iranlı jurnalistlər Fazeli İran kəşfiyyat orqanlarına işləməklə rejimin repressiya aparatına xidmət göstərməkdə ittiham edirlər.

Jurnalist Mehdi Afsharnik deyib ki, hakimiyyət orqanları Fazelin məqalələrinə görə onu 2011-ci ildə həbs ediblər. Afsharnik 1980-1988-ci il İran-İraq müharibəsi barədə sənədli film çəkmişdi.

Nyu Yorkda yaşayan iranlı jurnalist Roozbeh Mirebrahimi Twitter-də yazıb ki, o 2004-cü ildə həbs edilib işgəncələrə məruz qalanda Fazel onun dindirilmələrindın birində iştirak edib.

Berlində yaşayan jurnalist Ehsan Norouzi isə AzadlıqRadiosuna deyib ki, İranda mühafizəkar medianın bəzi təmsilçiləri kəşfiyyat orqanlarının “ikili agentləridir”.

Fazel güclü təzyiq altında olduğunu əsas gətirərək AzadlıqRadiosuna şərh verməkdən boyun qaçırıb.

Lakin o İsveç televiziyasına müsahibəsində deyib ki, İran siyasətindəki qarşıdurmaya görə hər iki tərəfdən hücumlara məruz qalır.

Fazel bildirib ki, onu həm mühafizəkar, həm də islahatyönlü həmkarları ittiham edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG