Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:24

İranlı gənc Bakıda şərləndiyini iddia edir


arxiv foto
arxiv foto

30 yaşlı Reza Dolatabadi İranda doğulub böyüyüb, əslən azərbaycanlıdır. Deyir ki, atası Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının fəallarından olub, ana dilində təhsil uğrunda mübarizə aparıb. Onun haqqında edam hökmü çıxarılıb. Rezanın dediyinə görə, özü də azadlıq mübarizəsində atasının yolunu davam etdirib.

R. Dolabati həkim olmaq istəyib. Bundan ötrü ali təhsilini də Azərbaycan Tibb Universitetində alıb. O, 6 il oxusa da, təhsilini başa vura bilməyib.

“UĞUR GÖRÜNTÜSÜ YARATMAQ ÜÇÜN MƏNİ ŞƏRLƏYİBLƏR”

İndi Reza elə Azərbaycanda məhkəmə qarşısına çıxarılıb. O, külli miqdarda narkotik satışında suçlanır, ancaq özünü qətiyyən günahkar saymır. Bildirir ki, Azərbaycanın gömrük işçiləri narkotik ticarətinə qarşı mübarizədə uğur görüntüsü yaratmaqdan ötrü onu şərləyiblər.

İTTİHAM: “İDMAN ÇANTASINDAN KÜLLİ MİQDARDA NARKOTİK MADDƏ TAPILIB”

arxiv foto
arxiv foto

İttihamda yazılıb ki, R. Dolabati hüquq-mühafizə orqanlarının şərti alıcısına narkotik satmaq barədə razılaşıb. Bu üzdən onu həbs ediblər. İdman çantasından da külli miqdarda narkotik maddə tapılıb. Ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham verilib.

ÇAYXANA GÖRÜŞLƏRİ

Amma Reza özü məhkəmədə bu ittihamı yalanlayıb. Danışıb ki, bəzi çətinliklər üzündən ali təhsili bitirə bilməsə də, Bakıda yaşamağa davam edib. Onun sözlərinə görə, həbsindən xeyli əvvəl gömrük xidmətində çalışan iki nəfər özü zaman-zaman onunla yoldaşılıq edib. Onlar ara-sıra çayxanada görüşüb, müxtəlif mövzularda söhbətləşiblər:

“Özləri narkotikdən, narkotik tərkibli dərmanlardan söhbət salırdılar. Başlayırdılar ki, İranda filan dərmanın çox ucuz olduğunu deyirlər, gətirib satmaq olar? Yəni özləri təhrik edirdilər. Düzü, heç bilmirdim mənə tələ qurmaq üçün eləyirlər. Amma istənilən halda, razılaşmırdım”.

“PLAN QURDULAR”

R. Dolatabadi iddia edir ki, gömrükçülər uzun müddət gözləyiblər, onu faktla tuta bilməyəcəklərini anlayıb, plan qurublar. Onun sözlərinə görə, tutulduğu gün günorta saat 2-də adəti üzrə idman zalına məşqə gedəcəkdi. Gömrükçü yoldaşları zəng eləyib, onu çayxanaya çağırıb:

“Günorta saat 12 olardı. İsrar elədilər. Elə idman çantasını da götürüb evdən çıxdım ki, çayxanadan birbaşa məşqə gedərəm. Evdən çıxan kimi məni tutdular”.

VƏKİL: “NİYƏ ALQI-SATQI VAXTI--İŞ BAŞINDA TUTMAYIBLAR ONU?”

Rezanın vəkili də iddia edir ki, o, günahsızdır. Vəkil məhkəmədə vəsatət qaldırıb ki, onun haqqındakı cinayət işinə xitam verilsin. Müdafiəçi soruşur ki, əgər Reza narkotiki şərti alıcıya satmağa razılıq vermişdisə, niyə gözləyib, elə alqı-satqı vaxtı iş başında tutmayıblar onu:

“Reza həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindiriləndə müdafiəçisi olmayıb. Baxış protokolunda da yoxdur. Bu qədər ciddi qanun pozuntuları olub. Bu adamı 2019-cu il fevralın 2-dən izləyiblər. Öncə onun narkotik tərkibli dərmanlar gətirəcəyindən şübhələniblər. Amma bu, elə şübhə olaraq qalıb. Görüblər ki, istədikləri alınmır, sonradan şərti alıcı ilə saxlanılması üçün əməliyyat keçiriblər”.

“ŞƏRTİ ALICI KƏNARDA DAYANIB”

Vəkil burada da əməliyyatın qeyri-peşəkar aparıldığına diqqət çəkir:

“Gömrükçülər evinin yanında Rezaya yaxınlaşanda, şərti alıcı kənarda dayanıb. Rezanı idarəyə aparıb, sonra da işin istintaqını polisə veriblər. Əgər bu əməliyyat həqiqət idisə, niyə gözləmədilər ki, onu şərti alıcı ilə alqı-satqı vaxtı tutsunlar?”.

“ÇANTADA NARKOTİK YOX, İDMAN PALTARLARI OLUB”

Müdafiəçinin sözlərinə görə, həmin vaxt idman çantasında narkotik yox, Rezanın məşqdən ötrü götürdüyü idman paltarları olub.

Hakim bildirib ki, cinayət işinin materiallarında idman çantasında məşq paltarları və ya başqa bir əşya olması haqda heç nə yazılmayıb.

arxiv foto
arxiv foto

“MƏHKƏMƏ ARAŞDIRMASI DAVAM EDİR”

Vəkilin cinayət işinə xitam verilməsi barədə vəsatəti təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qərarı belə əsaslandırıb ki, məhkəmə araşdırmaları davam edir. Araşdırmalar yekunlaşandan sonra məhkəmə qərarını verəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG