Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:14

'Gəncə məhbusları'nın valideynləri etirazlarını davam etdirirlər


Valideynlər Prezident Administrasiyası önündə "Gəncə işi"nə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Valideynlər Prezident Administrasiyası önündə "Gəncə işi"nə etiraz edirlər. Video arxiv. 2019

Bu gün, yanvarın 15-də 2018-ci ildə Gəncədə baş verən hadisələrə görə həbs olunan şəxslərin bəzilərinin valideynləri övladlarına azadlıq tələbi ilə Ali Məhkəmənin qarşısında aksiyaya keçirməyə cəhd ediblər. Onlar qısa müddətə yolu bağlayıblar, «Azadlıq!» şüarı səsləndiriblər. «Uşaqlarımızı qanunsuz həbs etdilər, üstəlik də, bizi heç bir məmur qəbul edib dərdimizi eşitmək istəmir», - aksiya iştirakçılarından biri vurğulayıb. Onlardan biri daha sonra da deyib: «Xəstə uşaqlarımız haqsız yerə həbsdə yatır. Onların həyatları məhv olur. Məmurlarımız, sizin də uşaqlarınız var, bu uşaqlara rəhm edin».

Əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını uzaqlaşdıraraq yol hərəkətini bərpa ediblər.

Aksiya iştirakçıları həmçinin bildirib ki, bu gün, yanvarın 15-də onlar Prezident Administrasiyasının qarşısına gələrək qəbula düşmək istəyiblər, lakin oradan uzaqlaşdırılıblar: «Biz Prezident Administrasiyasına qəbula düşmək istədik. Bizə deyiblər ki, jurnalistlərsiz gələk, bizi sivil qaydada qəbul edəcəklər. Amma bizi orada jurnalistsiz görən polislər kobud şəkildə avtobuslara doldurdular. Dedilər ki, Ali Məhkəməyə gedək, orada bizim üçün xəbər var. İndi burada saatlarla gözləyirik, qəbul edən yoxdur».

«…dərman çatdıra bilmirik»

Valideynlərdən biri sonra da bunu deyib: «Günahsız uşaqları həbs etdilər. Əgər onların günahı varsa, sübut etsinlər, boyunlarına qoyulan ittihamın heç biri sübuta yetirilmədi. 1 il 7 aydır yollardayıq. Uşaqlarımızı azad etsinlər, onları da götürüb Azərbaycan vətəndaşlığından çıxacağıq. Prokuror bizdən soruşur, «uşaqlarınız niyə namaz qılır?». Namaz qılmaq pisdir, cinayətdir? Uşaqlarımızı o qədər döyüb, işgəncə veriblər ki, dərman çatdıra bilmirik. Hər ay üç dəfə dərman aparırıq. Uşaqlarımızı azadlığa buraxsınlar, onlar günahsız yerə yatır».

Aksiya iştirakçıları iddia ediblər ki, onları Gəncədən Bakıya gətirən sürücüləri hədələyirlər: «Taksi sürücülərinə zəng vurub bizi Bakıya gətirməməyi tapşırırlar. Əks halda, həbslə hədələyirlər. Onların nə günahı var? Biz yolpulu ödəyirik, onlar da gətirir. Uşaqlarımızı buraxsınlar, bir də Bakıya ayağımız dəyməyəcək».

Aksiya zamanı saxlanılan olmayıb. Amma onların səsləndirdikləri fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ali Məhkəmə və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

«Gəncə işi»nə görə həbs edilənlərin valideynləri bundan öncə də müxtəlif dövlət qurumlarının qarşısına toplaşaraq uşaqlarının günahsız yerə həbs edildiklərini və saxlandıqdan sonra işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

Amma məhkəmə prosesində işgəncə iddiaları təkzib edilib. Azərbaycanın rəsmi qurumları polis və cəzaçəkmə müəssisələrində işgəncələrlə bağlı şikayətləri, əsasən, yalanlayırlar.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər.

Rəsmi məlumata görə, həmin olaydan 7 gün sonra, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunaraq, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb. 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələr davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur. Onların məhkəməsi yenicə başlayıb.

Multimedia

XS
SM
MD
LG