İran hakimiyyəti Dünya Çempionatının təsnifat oyununa qadınları buraxmayıb. İrandan gələn xəbərlərdə polisin qadınlara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
Hadisə martın 29-da Məşhəd şəhərində baş verib. Ölkə yığmasının Livana qarşı oyununa baxmaq üçün 2 minədək qadına bilet satılsa da, polis onların İmam Rza futbol stadionuna girməsinə mane olub. Etiraz edən qadınların üstünə gözyaşardıcı qaz buraxılıb.
Qadınlara 2 min bilet satılıb
Futbolun çox populyar olduğu İranda qadınlarla belə rəftar böyük qəzəb doğurub. İran mediası ölkə bayrağına bürünmüş onlarla qadın və qızın stadion yaxınlığındakı fotolarını paylaşıb. İran həmin oyunu 2-0 hesabıyla udub.
Qadınlar onlayn bilet almağa vaxt və pul sərf etdiklərini deyiblər. Bir qadının sözlərinə görə, stadion işçiləri qadın tamaşaçıları buraxmaq məsələsində çaş-baş qalıb.
Yarırəsmi ISNA xəbər agentliyi onlayn satılmış 12 min 500 biletin 2 mininin qadınlar üçün rezerv olunduğunu yazıb.
Stadiona buraxılmayan onlarla qadın “etiraz edirik, etiraz edirik” şüarları səsləndiriblər.
Talibanla müqayisə
Bir videoda qadınlar öskürür, təngnəfəs olurlar. Onlardan biri gözyaşardıcı qaz buraxıldığını deyir. Amma buna kimin əl atdığı bəlli olmur.
Bu foto və videolar ölkədə geniş qəzəb yaradıb, bəziləri ölkənin klerikal rejimini Əfqanıstanda ötən il hakimiyyəti ələ keçirmiş Taliban silahlı qruplaşması ilə müqayisə edib. Taliban qadınlara və qızlara qarşı xeyli məhdudiyyətlər tətbiq edib.
“Kabildə qızları məktəbə buraxmırlar. Məşhəddə isə qadınlar stadiona girə bilmirlər”, – jurnalist Pejman Musəvi Twitter-də yazıb.
“Talibanı qadınlarla rəftara görə ittiham etməkdənsə, onları yamsılayırıq”, – keçmiş deputat Əli Mötəhəri Twitter-də yazıb. O, qərarın arxasında olanları cəzalandırmağa çağırıb.
Cəza?
Bəzi iranlılar FIFA-nı ölkəni cəzalandırmağa səsləyib.
Tanınmış fotojurnalist Araş Aşuriniya Twitter-də qeyd edib ki, İranı bu il Qətərdə keçiriləcək Dünya Çempionatına buraxmamaq “ədalətli” olardı.
İranda 1979-cu il islam inqilabından sonra qadınlar futbol yarışlarına buraxılmayıb. Ancaq son illər FIFA-nın təzyiqilə müəyyən sayda qadının oyunları izləməsinə icazə verilib.
İran Futbol Federasiyasının (FFI) keçmiş başçısı Amir Abedini Radio Fərda-ya deyib ki, FIFA İranı “mütləq” cəzalandırılacaq.
“Anlamıram qadınlarla niyə belə rəftar edirlər. İsteblişment bir tərəfdən qadınlara dəyər verdiyini deyir. Digər tərəfdən onları sosial mövqedən məhrum edir”, – Abedini Macarıstandan telefon müsahibəsində deyib.
FFI Məşhəd insidentinin İranın bu il noyabrın 21-də başlanacaq Dünya Çempionatına buraxılmamasına səbəb olacağından ehtiyatlanır.
AzadlıqRadiosu məsələyə FIFA-dan mövqe ala bilməyib.
Prezident İbrahim Rəisi isə martın 30-da Daxili İşlər Nazirliyinə insidenti araşdırmaq göstərişi verib.