Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

İranda qadının motosiklet sürməsi qadağan deyil, amma olmaz?


İranın motosiklet idmanı çempionu Behnaz Shafiei
İranın motosiklet idmanı çempionu Behnaz Shafiei

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, bir iranlı millət vəkili İsfahan polisindən adı çəkilməyən bir qadına motosiklet üçün sürücülük vəsiqəsi verilməsini tələb edən məhkəmə qərarını alqışlayıb.

Faride Oladghobad avqustun 5-də yarımrəsmi ISNA agentliyinə deyib ki, İnzibati Ədalət Məhkəməsinin qərarı mövcud qanunlara əsaslanır və icra olunmalıdır.

O polisi qadınlara motosiklet üçün sürücülük vəsiqəsi verilməsi məsələsini qadın millət vəkilləri ilə müzakirəsinə dəvət edib.

İran mediasının avqustun 4-də yaydığı xəbərlərə görə İnzibati Ədalət Məhkəməsi İsfahandan olan bir qadının şikayətinə baxaraq onun xeyrinə qərar çıxarıb.

Məhkəmənin qərarında deyilir ki, “qadınların ağır və ya yüngül avtomobilləri, motosikletləri və ya başqa maşınları sürməsini heç bir qanun qadağan etmir”.

Məhkəmə hökmdən şikayət edilməsi üçün polisə 20 gün vaxt verib.

Əslində bu məhkəmə qərarı mayın 28-də verilsə də, bu barədə xəbərlər yalnız indi yayılıb.

Bir çox şərhçilər bildirirlər ki, bu məhkəmə qərarı presedent xarakterlidir, çünki bu qəbildən olan başqa şikayətlərin də ərizəçilərin xeyrinə həll olunmasına yol açır.

Lakin polis bildirib ki, sözü gedən qərar “fərdi qaydada” şikayətçinin xeyrinə verilib və başqa hallara şamil olunmamlıdır.

Esfandiari yazır ki, son illərdə İranda motosiklet sürən qadınların sayı artıb. Bu isə öz növbəsində mühafizəkarların narazılığına səbəb olur.

2017-ci ildə İran mediası yazırdı ki, ölkənin cənub-qərbindəki Dezful şəhərində motosiklet sürərkən videoları yayılmış iki gənc qadın saxlanıb.

Amma elə həmin 2017-ci ildə paytaxt Tehranın ətrafındakı yollarda yalnız qadın motosikletçilərin istifadəsi üçün yol cığırları ayrılmışdı.

"Bizim İranımızda..."

İyul ayında sosial mediada yayılmış videoda İranın motosiklet çempionu Behnaz Shafiei-nin iki polislə mübahisə etdiyi görünür.

Polis ona ictimai yerlərdə motosiklet sürməsinin qadağan olunduğunu izah etməyə çalışırdı.

Videodakı polislərdən biri deyir: “Bizim İranımızda qadınlara motosiklet lisenziyası verilmir”.

Qadın isə bildirir ki, o bu vəsiqəni İranda yox, ABŞ-da alıb.

Polis yenə də təkrar edir: “Bizm İranımızda heç bir qadının motosiklet vəsiqəsi yoxdur. Varsa, birini bizə göstər”.

Olaghobad isə deyir ki, qadın millət vəkillərindən Massoumeh Aghapour onun Şərqi Azərbaycan ostanındakı seçicilərindən bir qadının hər gün işə motosikletlə gedib-gəldiyini deyib.

Millət vəkili bildirib ki, onlar qadınların motosiklet sürmək hüququnun məhdudlaşdırılması ilə bağlı problemi polislə müzakirə etməyə hazırlaşırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG