Hüquq müdafiəçiləri kürd siyasi fəal Peyman Qolvaninin İranın şimal-qərbindəki Urmiyə şəhərində Kəşfiyyat Təcridxanasında vəfat etdiyini deyirlər. Digər siyasi məhbus Musa İsmaili ondan təxminən 24 saat öncə həmin təcridxanada dünyasını dəyişib.
“Hengaw” insan haqları qrupunun məlumatına görə, Qolvani təcridxanadan Urmiyədəki Xomeyni xəstəxanasına köçürüldükdən sonra iyulun 9-da vəfat edib.
Qançır izləri
Qolvanini təhlükəsizlik qüvvələri iyunun 25-də Məhabadda ailəsinin evində saxlayıb. Ailəsi onun həbsinin səbəblərini və mümkün ittihamları öyrənməyə cəhd göstərsə də, rəsmilər heç bir şərh verməyib. “Kurdpa” xəbər agentliyi Qolvaninin kürd müxalifət partiyasına qoşulduğunu yazıb.
“Hengaw” mənbələrə istinadən bildirib ki, Qolvani xəstəxanaya, təhlükəsizlik qüvvələrinin dediyi kimi, "yüksəklikdən yıxılaraq" komaya düşdüyünə görə yerləşdirilib. Lakin Qolvaninin bacısı fəalı görmək imkanı əldə edə bilib. O, qrupa danışıb ki, qardaşının bədənində, üzündə və başında böyük qançır izləri olub, bu da onun işgəncələrə məruz qalması ehtimallarını artırıb.
İsmaili 62 gün “izahatsız” saxlanıb
Urmiyədəki təcridxana illərlə məhbuslara qarşı işgəncə və qeyri-insani rəftar iddiaları ilə üzləşib.
Qolvaninin ölüm xəbərindən bir gün öncə hüquq müdafiəçiləri Piranşəhrdən kürd siyasi məhbus Musa İsmailinin həmin təcridxanada ölməsi haqda məlumat yayıblar.
35-yaşlı İsmaili mayın 7-də kəşfiyyat agentləri onun avtomobilini müsadirə etdikdən sonra həbs olunub. İnsan haqları qrupları onun “izahat verilmədən” 62 gün saxlanıldığını deyirlər.
“Hengaw” İsmailinin ailəsinə yaxın mənbəyə istinadla bildirir ki, təhlükəsizlik əməkdaşları İsmailinin "hər hansı əsaslandırma, yaxud hüquqi proses və məhkəməylə bağlı sənəd təqdim olunmadan edam edildiyini" söyləyiblər.