Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:05

İranda müstəntiqin ‘həbsxanadan sağ çıxmayacaqsan’ dediyi etirazçı həbsdə ölüb


İranda etiraz
İranda etiraz

Ötən il İrandakı etirazlarda iştirak edən Cavad Ruhiyə üç dəfə ölüm hökmü kəsilsə də, o yenə həyatda qalıb. Ancaq ötən həftə müəmmalı şəraitdə həyatını itirib.

31-yaşlı Ruhinin işi barədə məlumatlı şəxslərin sözlərinə görə, hətta Ali Məhkəmənin ona verilən ölüm hökmünü ləğv etməsinə baxmayaraq, onun heç vaxt həbsxanadan sağ çıxmayacağı deyilmişdi.

Ruhinin ailəsinə yaxın bir mənbə AzadlıqRadiosunun “Radio Fərda” xidmətinə Ruhinin ona 10 ay bundan öncə “üç ölüm hökmü kəsildiyi an” öldüyünü deyib.

"Sonradan bu hökmlər ləğv edilsə də, Cavad heç vaxt normal vəziyyətinə qayıtmadı. …Hökm və ittihamların səbəb olduğu psixi təzyiq və travma dəhşətli idi”, – anonimlik şərtilə danışan həmin mənbə bildirib.

Ailəsi xəbər tuta bilməyib

Ruhi ötən il sentyabrın 22-də İranın şimalındakı Mazandaran əyalətinin Novşəhr şəhərində İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən həbs edilib. İİKK bir videoda onun bir gün öncə etirazlar zamanı rəqs etdiyini görüb.

Ailəsi uzun müddət ondan xəbər tuta bilməyib. Altı həftə sonra Ruhidən çox qısa bir telefon zəngi gəlib. O, adı çəkilməyən tibb müəssisəsində olduğunu deyib. Ailəsi yalnız noyabrda Ruhinin Novşəhrin əsas həbsxanasında saxlandığını öyrənib. Bundan sonra ailənin onu ziyarət etməsinə icazə verilib.

Dekabrda Mazandaran əyalətinin paytaxtı Sari şəhərində İnqilab məhkəməsi Ruhiyə “Allaha qarşı düşmənçilik”, “Yer üzündə pozğunluğu yaymaq” və “kafirlik” ittihamı ilə üç ölüm hökmü çıxarıb. İnsan haqları qrupları deyirlər ki, sonuncu ittiham onun işgəncə altında Quranı yandırdığını etiraf etməsi ilə bağlıdır.

Müstəntiqin dediyi...

İnsan haqları qruplarının “ədalətsiz” adlandırdığı və bircə dinləmədən sonra çıxarıldığını dediyi bu ittihamları Ali Məhkəmə sonradan, iyunda ləğv edib.

Ancaq Ruhinin ailəsinə yaxın mənbə ötən həftə “Radio Fərda”ya müsahibəsində deyib ki, həbsxana rəsmilərinin heç vaxt onu sağ buraxmaq niyyəti olmayıb:

"Müstəntiq əl çəkmədi, ona demişdi: ‘Sən heç vaxt həbsxanadan sağ çıxmayacaqsan’”.

Avqustun 31-də Ruhinin vəkili Məcid Kaveh gözlənilənin baş verdiyini təsdiqləyib.

Ailə üzvləri vəkilə deyiblər ki, Ruhi həmin gün Novşəhr həbsxanasında dünyasını dəyişib.

İranın ədliyyə sisteminə bağlı “Mizan” xəbər agentliyi Ruhinin avqustun 31-də qıcolma keçirməsindən sonra həbsxana xəstəxanasına köçürüldüyünü, ancaq tibb personalının onu xilas edə bilmədiyini söyləyib. Agentlik Ruhinin öldüyü gündən bir gün öncə xəstəxanaya iki dəfə gəldiyini, ona iltihab və soyuqdəymə əleyhinə dərmanlar yazıldığını və oksigen müalicəsi verildiyini bildirib.

Ancaq ailəyə yaxın mənbə Ruhinin həbsdən sonra psixi baxımdan əziyyət çəkdiyini, normal qayğı görmədiyini, xəstəxanada uzunmüddətli müalicə almalı olmasına rəğmən dəfələrlə həbsxanaya göndərildiyini deyir:

"Heç yaxşı deyildi… Onlar çox gec olanadək onun vəziyyətinə məhəl qoymadılar”.

Ağır döyülmə, şallaqlanma, cinsi zorakılıq

İnsan haqları qurumları Ruhinin həbsini və həbsxanada ona göstərilən münasibəti kəskin qınayıblar. “Amnesty International” yanvarda təcili tədbir görülməsinə çağırış edib. Qurum öz müraciətində Ruhinin məhkəmə dinləmələrində dəfələrlə Mazandarandakı aksiyalarda iştirakının dinc xarakter daşıdığını deməsini vurğulayıb.

Qurumun müraciətində deyilir ki, zorla və gizli həbsdə saxlandığı ilk altı həftə ərzində – “Amnesty International” bu hərəkətin beynəlxalq hüquqa zidd olduğunu ayrıca xatırladıb – Ruhi “ağır döyülmə və şallaqlanmaya, dondurucu temperaturlara məruz qoyulub; onu dirəyə bağlayaraq ayaqlarının altına vurublar; 48 saat ərzində xayalarına buz qoyaraq ona qarşı cinsi zorakılıq törədiblər”.

İyunda Ali Məhkəmənin Ruhiyə kəsilən ölüm hökmlərini ləğv edərək işi yenidən aşağı instansiyalı məhkəməyə qaytarmasına baxmayaraq, onu həbsdə saxlamağa davam ediblər. Avqustda vəkil Kaveh bu hərəkəti “Ali Məhkəmənin hökmünə hörmətsizlik” adlandırıb və vəziyyətlə bağlı narahatlıq ifadə edib.

“Amnesty International” bildirib ki, “Cavad Ruhiyə qarşı beynəlxalq hüquqa görə cinayət sayılan hərəkətlərdə şübhəli bilinən şəxslərin hamısının hərəkətində cinayət tərkibi araşdırılmalı və …onlar məsuliyyətə cəlb edilməlidir”.

Müstəqil araşdırma aparılması ilə bağlı çağırışları dəstəkləyən qurum bildirib ki, Ruhinin həbsxanada ölməsi “İran rəsmilərinin yaşamaq hüququna hücumunu [növbəti dəfə] nümayiş etdirir".

XS
SM
MD
LG