İran hökuməti universitet professorları arasında “təmizləmə” apararkən “tələbələri icazəsiz nümayişlər keçirməyə təşviq etmə”, “hökumətə qarşı şüarlar səsləndirməyə təşviq”, “qadın tələbələri hicablarını çıxarmağa təşviq etmə”, “islam dəyərlərini sarsıtma və sistemin maraqlarına qarşı hərəkət etmə” kimi səbəbləri əsas gətirir.
Bu yaxınlarda işdən çıxarılan təcrübəli professor tələbələrin ümummilli etirazlara dəstək nümayişindən sonra təqibə məruz qalıb.
Ötən ilin sentyabrında baş qaldıran etirazların birinci ildönümü ərəfəsində hökumət bu qəbildən nümayişlərə dözümlü yanaşmayacağını bildirib.
Son günlərdə və həftələrdə rəsmilər tələbə və müəllimlərin sərtləşdirilmiş nəzarət altında olacaqları barədə xəbərdarlıq ediblər. Çox sayda professor da vəzifəsindən azad olunub.
Onların çoxunun Məhsa Əmininin ölümü ilə bağlı və baş örtüyünə qarşı tələbə etirazlarını dəstəkləməkdə suçlanaraq qovulduğu bildirilir.
Avqustun 29-da azı 10 professor işdən qovulub. Onların bəzilərini telefon zəngi ilə işdən azad ediblər. Tələbə birlikləri bu hərəkəti “universitet professorlarını təzyiqə məruz qoymağın və işdən çıxarmağın təzə üsulu” adlandırır.
“Çox kədərlidir”
Bu həftə anonimlik şərtilə AzadlıqRadiosuna danışan professor daha əvvəl, “etirazların başlanğıcından bəri” də təzyiqə məruz qaldığını deyir.
"Mən rəsmi müəllim heyətinin tələbələrə dəstək bəyanatı ilə çıxış edən ilk üzvü idim”, – o deyir.
Professor deyir ki, hər şey ötən ilin payızında nümayişçi tələbələrin universitet ərazisində təhsil ocağının təhlükəsizlik əməkdaşlarının “qəddar hücumuna” məruz qalmasından sonra başlayıb. O zaman professoru beş dəfə nümayişçiləri “təşviq etməkdə” günahlandırıblar. Professor həmin etirazlarda iştirak etmədiyini deyir. Çox sayda tələbə də etiraz aksiyalarında iştiraka görə universitetdən qovulub. Ancaq professor onları dəstəkləməyə davam edib.
"Bu repressiya və təzyiq dövründə tələbələrin yanında durdum”, – o bildirir. Onun sözlərinə görə, professorların çoxu “tələbələrin işinə qarışmaq arzusunda deyil”.
"Bu, İran universitetlərinin bugünkü eybəcər və kədərli halıdır. Vəzifəsi universitetin müstəqilliyini qorumaq və gənclərin şərəfini müdafiə etmək olan alimlər, mütəxəssislər və professorlar … onlar niyə yatıb? Hər gün bunu düşünəndə gözümdən yaş axır və ürəyim ağrıyır. Bu çox kədərlidir”, – professor söyləyir.
Universitetlərin etirazlarda rolu
İranda universitetlər tarixən sosial və siyasi islahatlar uğrunda döyüş meydanı olub.
1979-cu ilin İslam inqilabı zamanı, o cümlədən ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasında da universitet tələbələri əsas rolu oynayıb. Mollalar hakimiyyətə gələndən sonra hökumət İran universitetlərində kütləvi təmizləmə aparıb, yüzlərlə professoru işdən çıxarıb, tədris proqramını isə öz maraqlarına uyğun dəyişdirib.
İnqilabdan bəri universitet tələbələri molla istəblişmentinə qarşı səsini ucaltmağa davam edib. 1999-cu ildə islahatçı qəzetin bağlanmasına etiraz zamanı hökumət Tehran Universitetinin yataqxanalarında reyd keçirib. Nəticədə bir tələbə həyatını itirib.
Ötən il sentyabrın 16-da Məhsa Əmininin ölümündən sonra baş qaldıran etirazların ardınca tələbələrə, xüsusən hicab tələblərinə uymayan qadın tələbələrə qarşı təzyiq yenilən gücləndirilib.
Ancaq iranlı alimlərin ölkəni kütləvi tərk edərək Qərbə axışması fonunda hökumətin professor və tələbələri hədəfə alması risk kimi görünür. Ölkənin təhsil böhranı ilə üzləşdiyi zamanda son iki ildə 60 professorun işdən qovulduğu bildirilir.
Hökumət çox dərinə getməkdən çəkinir
İşdən qovulan başqa bir universitet müəllimi avqustun 30-da Radio Fərda-ya müsahibəsində deyib ki, hökumət universitetləri islamiləşdirməyə və dini istəblişment üçün təhlükəli saydığı müəllimləri təmizləməyə çalışsa da, çox dərinə getməkdən çəkinir.
"Son 44 il göstərib ki, istəblişmentin bir hissəsi – hamısını demirəm, bir seqmenti – universitetlərdən, xüsusən də sosial elmlərdən qorxur”, – Tehran Universitetinin tarix professoru Dariuş Rəhmanian deyir.
İran Yazıçılar Birliyi bu yaxınlarda yaydığı bəyanatında professorlara qarşı təzyiqi qınayır. "Repressiya burulğanı sərtləşib və repressiya olunanlar arasında öncəki repressiyaları sükutla izləyənlər də var”, – bəyanatda deyilir.
Bəyanatda daha sonra deyilir ki, cəmiyyət bu gün baş verənləri sakit izləsə, universitetlərdə keçmişdə baş verən təmizləmələr təkrarlana bilər.