Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 01:20

İranda ruhi xəstə diaqnozlu məhkum edam edildi


İranda İslam Respublikasının liderlərinə etiraz olaraq keçirilən “Qadın, Həyat, Azadlıq” aksiyalarından birində polis zabitini öldürməsinə dair iddia ilə 2022-ci ildə ölüm cəzasına məhkum edilmiş Məhəmməd Qubadlı insan haqları qruplarının çoxsaylı müraciətlərinə baxmayaraq edam edilib.

Bu qruplar Qubadlıya ruhi xəstəlik diaqnozu qoyulması ilə bağlı məhkəmə prosesinin dayandırılmasını istəyirdilər.

23 yaşlı Qubadlı gənc qadın Məhsa Əmininin iddia olunduğuna görə hicab qaydasını pozması ilə bağlı saxlanması və polisdə ikən ölməsinə etiraz aksiyalarından birində həbs olunmuşdu.

O maşını polislərin üstünə sürməklə bir polis zabitini öldürməkdə və daha beş polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunurdu.

Qubadlının edamından əvvəl onun vəkili Əmir Rəisian demişdi ki, edam üçün legitim əsas yoxdur, çünki Ali Məhkəmə bu ölüm cəzası hökmünü ləğv etmiş və onu məhkuma bipolyar pozuntu diaqnozu qoyulması ilə bağlı təkrar baxılmaq üçün ədliyyəyə qaytarmışdı.

Vəkil bu barədə X platformasında yazıb:

"Məhəmməd Qubadlının edam hökmünün icrası bu edamın əslində qətl kimi qiymətləndirilməsinə əsas verir”.

Doğrusunu kim deyir?

Lakin ədliyyə sisteminə yaxın Mizan agentliyi Rəisianın bəyanatını rədd edib və bildirib ki, Ali Məhkəmə “edamın müvəqqəti dayandırılması” barədə hökm verib, həkimlər isə onun iddia olunan cinayəti törədərkən heç bir ruhi xəstəlikdən əzab çəkmədiyini müəyyənləşdiriblər.

Amma Ali Məhkəmə ötən il mediaya Qubadlının diaqnozu ilə bağlı ölüm hökmünün “ləğv” edildiyini bildirmişdi.

Qubadlının anası Məsumə Əhmədi ötən il video müraciətində demişdi ki, oğlu etirazlardan əvvəl dərmanların qəbulunu dayandırmışdı.

Edamdan bir neçə saat əvvəl Amnesty International İran hakimiyyətini Qubadlının qanunsuz edamını dayandırmağa çağırmışdı.

Təşkilat bildirmişdi ki, Qubadlıya qarşı bütün iş məxfi şəraitdə və işgəıncələr altında alınmış saxta sübutlar əsasında qurulub.

Çağırışlara məhəl qoyulmayıb

Media xəbərlərində deyilir ki, Qubadlının yanvarın 22-də edam olunmasına dair xəbər sosial şəbəkələrdə geniş əks-səda yaradıb.

Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbsxana divarları arasından etirazlara çağırmış, keçmiş İran şahının oğlu və keçmiş vəliəhd şahzadə Rza Pəhləvi isə Qubadlının ədalətli şəkildə mühakimə olunmamasını tənqid etmişdi.

Norveçdə mənzillənmiş İran İnsan Haqları Təşkilatı da daxil, bir sıra qruplar Qubadlının işində çoxsaylı qüsurlara yol verildiyini demişdilər.

Almaniya parlamentinin nümayəndəsi və Qubadlının siyasi müdafiəçisi Klara Bunger və kanadalı deputat Melissa Lantsman da edamın dayandırılmasına çağırmışdılar.

Qubadlı 2022-ci il etirazları ilə bağlı edam edilmiş 9-cu məhkumdur.

XS
SM
MD
LG