İran ədliyyəsi bəzi rəsmilərin “zəhərlənmə” adlandırdığı hallar üzrə ilk həbslər həyata keçirib. Son aylar ölkədə azı 5 min şagird, əsasən də məktəbli qızlar xəstələnib.
Daxili İşlər Nazirliyi martın 7-də bildirib ki, altı vilayətdə “bir neçə nəfər” xəstələnmə halları ilə əlaqəli ola biləcək “təhlükəli maddələr” hazırlamaq şübhəsiylə saxlanıb.
Daxili işlər nazirinin müavini Məcid Mirəhmədi dövlət televiziyasına deyib ki, “kəşfiyyat agentlikləri” bir neçə həbs həyata keçiriblər və “müvafiq agentliklər tam təhqiqat aparırlar”.
+++
İran ədliyyəsi ölkə boyunca məktəbli qızların müəmmalı və kütləvi zəhərlənməsi ilə bağlı şərhlərinə görə üç media qurumunun rəhbərlərinə və daha üç nəfərə qarşı rəsmi ittiham irəli sürüb.
Tehran prokurorluğu martın 7-də bildirib ki, HamMihan, Roydad24 və Şərq qəzetlərinin rəhbərləri, habelə siyasi fəallar – Azər Mənsuri, universitet professoru Sadeq Zibakəlam və tanınmış aktyor Reza Kiyanian barəsində cinayət işləri açılıb.
Tehran vilayətinin prokuroru Əli Salehi deyib ki, sözü gedən şəxs və media qurumları “şayiə və yalan məlumatlar yaymaqda” ittiham olunurlar.
İran məktəbləri boyunca qızların iddia edilən kütləvi zəhərlənməsi ötən noyabrda Qum şəhərində başlanıb.
Həmin vaxt orada 18 məktəbli qız ürək bulanması, ürək döyüntüsü, tənəffüs darlığı, ayaqlarda və qollarda ağrılarla xəstəxanalara yerləşdirilmişdi.
"Xlor" və "mandarin" qoxusu
O vaxtdan bəri İranda yüzlərlə buna bənzər hallar qeydə alınıb. Zəhərlənən qızlardan bəziləri havada “xlor”, bəziləri isə “mandarin” qoxusu hiss etdiklərini bildirirlər. Buna baxmayaraq zəhərlənmənin səbəbi hələ də naməlum qalır.
İranın ali rəhbəri ayətüllah Əli Xameneyi də baş verənləri “zəhərlənmələr” adlandırıb, amma səhiyyə rəsmiləri məsələnin hələ də araşdırıldığını deyirlər.
Hökumətin hadisəyə qətiyyətsiz reaksiyası bəzilərinin hakimiyyəti məktəblilərin bilərəkdən zəhərlənməsində ittiham etməsinə imkan verib.
Rəsmilər bütün bunların ölkədə sentyabrdan bəri davam edən etirazları daha da qızışdıracağından narahatdırlar.
Yeni etirazlar
Xəbər verilir ki, martın 7-də ölkə boyunca müəllimlər və şagirdlər etiraz aksiyaları keçiriblər.
Ölkənin cənubundakı Nurabad şəhərində isə etirazçılar hökumətin istefasına çağırıblar.
Nurabadda müəllimlərdən biri deyib ki, “təhlükəsizlik xidmətləri hökumətə qarşı şüar yazanları dərhal müəyyənləşdirib həbs etdiyi halda bu zəhərlənmələrlə bağlı hələ də tədbir görə bilmir”.
Martın 6-da paytaxt Tehranın Punək məhəlləsindəki etirazçılar “Uşaq qatili hökumətə istefa!” və “Diktatora ölüm!” şüarları səsləndiriblər.
İran etirazçıları “diktator” deyəndə ölkənin ali rəhbər Əli Xameneyini nəzərdə tuturlar.
Mahabad, Məşhəd Babol, Rəşt, Sənəndəc və bir sıra başqa şəhərlərdə də etiraz aksiyalarının keçirildiyi xəbər verilir.
Polisin hədəfi universitet və məktəblərdir
Hökumətin ölkə boyunca səngimək bilməyən etirazlarla bağlı bir sıra tədbirlərə əl atdığı xəbər verilir.
Təhlükəsizlik xidmətləri xüsusilə də təhsil ocaqlarını hədəfləyir, belə ki, universitetlər və məktəblər etirazların hərəkətverici qüvvəsi hesab olunur.
Polis bütün ölkə boyunca universitet və məktəblərə reydlər keçirir, tələbələr, xüsusilə də hicaba qarşı çıxan qızlar zorakılıqla həbs olunur.
Bu həftənin əvvəlində təhlükəsizlik xəfiyyələri məktəbli qızların kütləvi zəhərlənməsi barədə yazan jurnalisti saxlayıblar.
Fars xəbər agentliyinin martın 7-də verdiyi məlumatda deyilir ki, ölkənin 5 ostanında qeyri-müəyyən sayda şəxslər saxlanıb.
Xameneyi qızların zəhərlənməsi ilə bağlı hadisəni “bağışlanmaz cinayət” adlandırıb və cavabdehlərin sərt cəzalandırılmasına çağırıb.