Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 08:01

İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı qalmaqal böyüyür


İranda qız məktəbi (Arxiv fotosu)
İranda qız məktəbi (Arxiv fotosu)

İran prezidenti İbrahim Rəisi ölkə boyunca məktəbli qızlar arasında kütləvi zəhərlənmə halları barədə yayılan xəbərlərlə bağlı təhqiqatın aparılmasına göstəriş verib.

Martın 1-də hökumət müşavirəsində danışan prezident ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzliyə noyabr ayından bəri baş verdiyi deyilən zəhərlənmələrlə bağlı araşdırmanın keçirilməsini tapşırıb.

AzadlıqRadiosunun farsdilli Fərda radiosu bildirir ki, indiyədək azı 26 zəhərlənmə qeydə alınıb.

İran Daxili İşlər Nazirliyinin martın 1-də verdiyi bəyanatda deyilir:

"Bəzi məktəblərdə şagirdlərin zəhərlənməsi ilə bağlı yaranmış narahatlıqla əlaqədar prezident daxili işlər nazirinə məsələnin araşdırılmasını, kökünün üzə çıxarılmasını və bu barədə müntəzəm yazılı məlumat verməsini tapşırıb”.

Rəsmilər ölkədə belə bir problemin olduğunu yalnız dünən, fevralın 18-də etiraf ediblər.

Millət vəkillərindən Əbdüləli Rəhimi Müzəffəri parlamentin spikerini məsələnin araşdırılmasına çağırıb.

İranda məktəbli qızların kütləvi zəhərlənməsi baş verir

Son aylar ərzində İranda yüzlərlə qız “yüngül zəhərləmə” hücumuna məruz qalıb.

Reuters agentliyi xəbər verir ki, bu bəyanatı İranın səhiyyə naziri verib.

Bəzi siyasətçilər isə qızların onların təhsil almalarının əleyhinə olan dini qruplaşmalar tərəfindən hədəfləndiyini düşünürlər.

Agentlik vurğulayır ki, sözü gedən hadisələr ölkənin ruhani rəhbərliyi üçün böhranlı bir vaxta təsadüf edir.

Belə ki, ölkədə ötən sentyabr ayından bəri 22 yaşlı qadının polis məntəqəsində vəfat etməsinə görə başlanmış antihökumət aksiyaları davam edir.

Məhsa Əmini adlı həmin gənc qadın deyilənə görə guya hicab qaydasını pozduğu üçün əxlaq polisi tərəfindən saxlanmışdı.

Xəbər verilir ki, noyabr ayında şiələrin müqəddəs Qum şəhərindən başlanan zəhərlənmələr ölkənin azı dörd şəhərinin 30-dan çox məktəbində qeydə alınıb.

İran mediası xəbər verir ki, bu hadisə bir çox valideynlərin övladlarını məktəbə buraxmaması ilə nəticələnib.

Ürəkbulanma və ürək döyüntüsü

Sosial media postlarından bəzilərində xəstəxanalara yerləşdirilmiş məktəbli qızlar görünür.

Onlar ürək bulanmasından və sürətli ürək döyüntüsündən şikayət edirlər.

Yerli media səhiyyə naziri Bəhram Eynullahiyə istinadən yazır ki, hazırda bu zəhərin haradan qaynaqlandığı və zəhərləmənin bilərəkdən törədilib-törədilmədiyi araşdırılır.

Nazir müavini Yunes Pənahi ötən həftəsonu bildirmişdi ki, bəzi adamlar məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyirlər.

Dövlət mediası xəbər verir ki, Borucərd şəhərindəki oğlan məktəbində də zəhərlənmələr baş verib.

Millət vəkili Əlirza Monadi deyib ki, qızların məktəbdən məhrum edilməsi kimi “şər niyyət” ölkəyə çox ciddi təhlükədir.

Deputat məsələnin xırdalıqlarına varmayıb, amma əsas şübhənin özlərini İslamın müdafiəçisi elan etmiş sərt xətt-hərəkət tərəfdarı qruplaşmaların üzərinə düşdüyü deyilir.

Ziddiyyətli bəyanatlar

2014-cü ildə İsfahan şəhərində qadınlara qarşı silsilə kimyəvi turşu hücumları adamları küçələrə çıxıb etiraz bildirməyə məcbur etmişdi.

Belə görünürdü ki, turşu hücumları hicab qaydasını pozan qadınlara qarşı yönəlib.

İslahatyönlü siaysətçi Azər Mənsuri Twitter-də yazıb ki, “o vaxt hücumları edənlər tapılıb cəzalandırılsaydılar, bugünkü mürtəcelər qızlarımıza qarşı dəstə bağlamazdılar".

Bir neçə nüfuzlu ruhani, millət vəkili və siyasətçi hökuməti zəhərləmə hücumlarına son qoya bilməməkdə, hücumun motivləri barədə ziddiyyətli məlumatlar verməkdə ittiham ediblər.

Onlar bildiriblər ki, bu hücumların qarşısının alınmaması etirazları daha da qızışdıra bilər.

Ayətüllah Məhəmməd Cavad Təbətəbayi-Borucərdi yerli mediaya deyib:

"Rəsmilər ziddiyyətli bəyanatlar verirlər. Biri deyir ki, hücumlar qəsdən edilir, digəri deyir ki, burda təhlükəsizlik xidmətlərinin əli var, bəziləri isə hətta məktəblərdə istilik sisteminin işləməməsini əsas gətirirlər. Bu cür bəyanatlar adamların hökumətə inamını sarsıdır”.

Dövlət mediasının xəbərlərinə görə kütləvi zəhərlənmələrlə bağlı rəsmi istintaq aparılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG