İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində nümayişçilərin öldürülməsinin birinci ildönümünü aksiya ilə qeyd edən yüzlərlə etirazçını saxlayıb.
İnsan haqları qruplarının oktyabrın 2-də verdiyi məlumata görə İranın Sistan-Bəlucistan ostanında sentyabrın 30-dan bəri azyaşlılar da daxil azı 216 nəfər həbs olunub.
Norveçdə mənzillənən İran İnsan Haqları qrupu bildirib ki, ötən il sentaybrın 30-da ostanın mərkəzi şəhəri Zahedanda təhlükəsizlik qüvvələri azı 104 nəfəri güllələyib.
Bəluc etnik azlığının yaşadığı bu ostanda baş vermiş həmin hadisə “Qanlı cümə” kimi yad edilir.
Son günlərdə isə ostan boyunca Zahedan, Çabahar, Xaş və Mircave şəhərləri də daxil pərakəndə etiraz aksiyaları olub.
Sakit və yoxsul ostanda...
İnsan haqları qrupu bildirir ki, 38 azyaşlı da daxil həbs olunanlardan 121 nəfərinin kimliyi müəyyənləşdirilib.
Həbs edilənlərin durumu və harda olmaları barədə məlumat yoxdur.
İran rəsmiləri Əfqanıstan və Pakistanla həmsərhəd olan bu sakit və yoxsul ostanda saxlanmalar barədə şərh vermirlər.
İnsan haqları fəalları bildirirlər ki, şiə İranında sünni azlığı təmsil edən bəluclar hakimiyyət tərəfindən daim ayrıseçkiçilik və zorakılıqla üzləşiblər.
AzadlıqRadiosunun Sistan-Bəlucistan ostanındakı mənbələri bildirirlər ki, Zahedan həbsxanası qanlı hadisənin ildönümü ərəfəsində əvvəlcədən boşaldılmışdı.
Mövləvi Əbdülhəmid
Son günlərdə saxlananların arasında Zahedandakı Darül-Ülum seminariyasının və Məkki məscidinin işçiləri də var.
Son aylarda habelə İranın ən ali sünni ruhanisi Mövləvi Əbdülhəmidin yaxınları və qohumları da saxlanıb.
Zahedanın cümə xatibi olan Əbdülhəmid İran hakimiyyətinin etnik və dini azlıqların hüquqlarını pozmasını həmişə açıq tənqid edib.
O deyib ki, Zahedanda törədilmiş qanlı hadisələrə görə İranın ali vəzifəliləri, o cümlədən ali rəhbər ayətüllah Əli Xameneyi məsuliyyət daşıyır.
Abdülhəmidin sözlərinə görə təhlükəsizlik qüvvələri Zahedanın əsas məscidi Müsəlləh Məscidinə reyddən sonra adamlara nizamsız atəş açıb.
Sistan-Bəlucistan ostanındakı mənbələr AzadlıqRadiosuna deyiblər ki, son vaxtlarda nüfuzu xeyli yüksələn Əbdülhəmid hakimiyyət tərəfindən təhdid və hədələrə məruz qalır.