İran ədliyyəsi Rahmatollah Novruzovu ötən ay Şiraz şəhərindəki Şah Çıraq məqbərəsinə hücuma görə ölüm cəzasına məhkum edib.
Bu hücum nəticəsində iki nəfər həlak olmuşdu.
Fars ostanı ədliyyəsinin rəhbəri Kazem Musəvi deyib ki, Novruzov bu hücumun əsas şübhəlisidir və o İslam Dövləti (İD) ekstremist təşkilatı ilə bağlı olduğunu etiraf edib.
Həm də Mustafa İslam-Yar adı ilə tanınan Novruzov “Allaha qarşı müharibədə” və “milli təhlükəsizliyə qəsddə” ittiham olunur.
Ədliyyəyə bağlı Mizan saytı yazır ki, Novruzov 13 avqust hücumuna görə hər iki ittiham üzrə edam cəzasına məhkum edilib.
Bu, Şah Çırağa ikinci hücum idi
Bu, Şah Çıraq məqbərəsinə bir il ərzində ikinci basqın idi. Bundan əvvəl hücumda 4 nəfərin həlak olduğu bildirilsə, son məlumata görə ölənlərin sayı ikidir.
Ədliyyə sentyabrın 21-də bildirib ki, daha iki şübhəlinin ittihamlarına qismən xitam verilib, çünki onlar əsas şübhəlinin əsl niyyətindən xəbərdar olmayıblar.
Onlar barəsində 5 il müddətinə şərti cəza və İrandan deportasiya qərarı çıxarılıb.
Şah Çıraq məqbərəsinə bundan əvvəlki hücum 2022-ci ilin noyabrında baş vermişdi.
13 nəfərin ölümü ilə nəticələnmiş həmin hücuma görə məsuliyyəti öz üzərinə İD götürmüşdü.
Ötən hücumun əsas şübhəlisi Azərbaycan vətəndaşı idi
İran Kəşfiyyat Nazirliyi 2022-ci ilin 7 noyabrında bəyan etmişdi ki, ölkə daxilində hücumları yönləndirən və əlaqələndirən əsas şəxs Azərbaycan vətəndaşıdır.
Nazirlik bunu da bildirirdi ki, Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları da daxil bu iş üzrə 26 əcnəbi saxlanıb.
Dekabr ayında Şah Çıraq hücumuna görə daha 5 nəfərə qarşı ittiham verilmişdi.
2023-cü ilin əvvəllərində Şiraz İnqilab Məhkəməsi onlardan ikisi – Məhəmməd Ramiz Rəşidi və Seyid Naim Haşemi Qatalı barəsində ictimaiyyət qarşısında edam hökmü çıxarmışdı.
Beş nəfərin hamısının İD üzvü və əcnəbi olduqları bildirilirdi. Bu iş üzrə qalan iki nəfərə uzunmüddətli həbsxana cəzaları verilib.
İyul ayında iki Əfqanıstan vətəndaşının edamı insan haqları fəalları tərəfindən narahatlıqla qarşılanmışdı. Onlar edam cəzası kəsilən mühakimələrin qanunsuz keçirildiyini deyirdilər.
İran İnsan Haqları Qrupu bildirirdi ki, Rəşidi və Qatalı barəsində çıxarılmış edam hökmləri qanunsuzdur, çünki onların ifadələri işgəncə altında alınıb.