Keçid linkləri

2026, 13 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:10

İranda tanınmış vəkil həbs olunub

Amirsalar Davudi
Amirsalar Davudi

İranda tanınmış hüquq müdafiəçisi və vəkil həbs edilib. Bu barədə onun yaxınları AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə bildiriblər.

Amirsalar Davudi oktyabrın 11-də İsfahan şəhərində, məhkəmə zalında müvəkkilini müdafiə edərkən saxlanılıb.

Vəkilin nədə ittiham olunduğu və harada saxlanıldığı hələlik bəlli deyil.

İran İslam Respublikasında müxalif fikirlərə qarşı təzyiqlər güclənib; hakimiyyət vəkilləri, fəalları, jurnalistləri və ziyalıları həbs edir.

Bu ilin yanvarında İranda dini hakimiyyətə qarşı kütləvi etirazlar keçirilib. Fevralın sonlarından isə ABŞ və İsraillə müharibə gedir.

Davudi məhz həmin etirazlarla bağlı həbs edilən bir neçə şəxsin hüquqlarını müdafiə edir.

Edamdan əvvəl toylarını edib

Onlardan biri etirazçı Məhsəd Kəşanidir. O, oktyabrın 4-də edam edilən nümayişçi Əlirza Sepahinin nişanlısıdır.

Sepahi asılmazdan əvvəl Davudi cütlük üçün onların iştirakı olmadan rəmzi toy mərasimi keçirib. O, müvəkkilinin edamını "ədalətsiz" adlandırıb və İran ədliyyəsinin başçısını canlı teledebata çağırıb.

Sepahi yanvarın 8-də İsfahanda İran xüsusi təyinatlılarının dörd üzvünün öldürülməsində iddia olunan roluna görə edam edilən beş nəfərdən biridir.

Bu iş üzrə daha yeddi müttəhim də edam edilə bilər. Onlardan çoxunun ailəsi doğmalarının həbsxanada işgəncə gördüyünü və ittihamları boyunlarına almağa məcbur edildiklərini bildirir. Bəzilərinə "Allahla müharibə aparmaq", "müharibə"yə yardım etmək və onu təşviq etmək, eləcə də İslam Respublikasına qarşı təbliğat aparmaq kimi ittihamlar irəli sürülüb.

Fevralın 28-də ABŞ və İsraillə müharibə başlayandan bəri İranda edamların sayı artıb. Onların arasında etirazçılar, qadağan olunmuş qruplara üzvlükdə şübhəli bilinənlər və casusluğa görə məhkum edilənlər var.

Siyasi məhbusların müdafiəsi ilə tanınan Davudi dəfələrlə həbs olunub və məhkum edilib. O, 2019-cu ildə 30 il həbs cəzasına məhkum edilib. Apellyasiya şikayətindən sonra cəza 15 ilə endirilib. İki ildən çox həbsdə qaldıqdan sonra girovla azadlığa buraxılıb.

2023-cü ildə Davudiyə Lüdovik Traryö adına Beynəlxalq İnsan Hüquqları Mükafatı verilib.

​
XS
SM
MD
LG