Keçid linkləri

2026, 02 Oktyabr, cümə, Bakı vaxtı 14:44

ABŞ hərbçiləri getdi: İraqı İranla İŞİD bölüşəcək?

Xalq Səfərbərlik Qüvvələri Bağdadda ABŞ zərbələri ilə öldürülən döyüşçülərin nəşini daşıyır.
Xalq Səfərbərlik Qüvvələri Bağdadda ABŞ zərbələri ilə öldürülən döyüşçülərin nəşini daşıyır.

Ekspertlərin fikrincə, ABŞ qüvvələrinin İraqdan çıxması İranı daha cəsarətli addımlara sövq edəcək. Onlar xəbərdarlıq edirlər ki, Tehran mümkün təhlükəsizlik boşluğundan yararlanmağa və özündən kiçik qonşu ölkədə nüfuz dairəsini genişləndirməyə çalışa bilər.

İran onsuz da İraqda mühüm siyasi və iqtisadi oyunçudur, güclü şiə silahlı qruplaşmalarını dəstəkləyir. Onların bəziləri dövlətin təhlükəsizlik strukturlarının tərkibində yer alsalar da, xeyli dərəcədə müstəqildirlər.

Tehran sentyabrın 30-da ABŞ-nin 20 ildən sonra İraqı tərk etməsini Amerika ordusunu Yaxın Şərqdən tamamilə çıxarmaq hədəfi yolunda böyük bir zəfər kimi qələmə verib.

"İran ABŞ-nin istənilən zəifliyini təzyiqi artırmaq və daha aqressiv davranmaq üçün fürsət sayır. Buna görə də iranlıların İraqdakı yeni vəziyyətdən yararlanmağa çalışacaqlarını və öz güclərini ortaya qoyacaqlarını gözləyirəm", – deyə Nyu-Yorkda yerləşən "Sufan Mərkəzi" araşdırma institutunun icraçı direktoru Kolin Klark bildirib.

Ekspertlər həm də xəbərdarlıq edirlər ki, ABŞ ordusunun bölgədən çəkilməsi "İslam Dövləti" (İŞİD) ekstremist qruplaşmasının yenidən güclənməsinə şərait yarada bilər. Bu qruplaşma xeyli zəifləsə də, İraqda gizli fəaliyyətini davam etdirir.

İran nəzarətini gücləndirə bilər

İran ABŞ-nin İraqdan çıxmasını "müqavimət oxu" adlandırdığı şəbəkənin qələbəsi sayır. İranın dəstəklədiyi bu şəbəkə İslam Respublikasının əsas düşmənləri sayılan İsrail və ABŞ-yə qarşı fəaliyyət göstərir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) oktyabrın 1-də yaydığı bəyanatda ABŞ qüvvələrinin çıxmasını bu şəbəkənin böyük uğuru, "Amerikanın İraqdakı ağır və rüsvayçı məğlubiyyətinin məntiqi yekunu" olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp isə hərbçilərin çıxarılmasını həm Vaşinqton, həm də Bağdad üçün "qələbə" adlandırıb və əlavə edib ki, "Amerikanın evə qayıtmasının vaxtıdır!".

Ancaq ABŞ-nin İraqı İranla davam edən müharibə fonunda tərk etməsi suallar doğurub. Ekspertlər bu addımın Tehrana yanlış mesaj verə biləcəyini vurğulayırlar.

"Tehran bunu münaqişə vəziyyətində olan Vaşinqtonun öz öhdəliklərindən geri çəkilməsinin sübutu, İraqda öz nəzarətini gücləndirmək üçün fürsət kimi qəbul edəcək", – deyə Vaşinqton İnstitutunun İranın müdafiə məsələləri üzrə eksperti Fərzin Nədimi bildirib. Onun fikrincə, İran bu addımı təzyiqin nəticə verdiyinin sübutu sayacaq.

Fevralın sonlarında ABŞ və İsrail İranda hava əməliyyatına başlayanda Tehranın İraqda dəstəklədiyi qüvvələr də ABŞ-nin diplomatik və hərbi obyektlərinə hücumları intensivləşdirmişdi.

İran isə ölkənin şimalındakı yarımmuxtar Kürdüstan bölgəsinə silsilə raket və dron zərbələri endirib. İranın kürd müxalifət qruplarının düşərgə və qərargahları məhz bu bölgədə yerləşir.

İRANPƏRƏST "MÜQAVİMƏT OXU"NUN APARICI QÜVVƏLƏRİ

İranın proksiləri üçün yeni imkanlar?

İranın dəstəklədiyi şiə silahlı qruplaşmalarını birləşdirən "İraq İslam Müqaviməti" hərəkatı ABŞ-nin çəkilməsindən ruhlanaraq, bunu öz hücumlarının nəticəsində qazanılmış qələbə kimi təqdim edib.

Bu birliyə daxil olan bəzi İranpərəst qruplaşmalar həm də Xalq Səfərbərlik Qüvvələrinin (Həşd əş-Şaabi) tərkibindədir. Əsasən şiə silahlı dəstələrini cəmləşdirən bu qurum 2016-cı ildən rəsmən İraq ordusunun bir hissəsidir.

Buna baxmayaraq, İranın "müqavimət oxu"na daxil olan bəzi qruplaşmalar silahları dövlətə təhvil verməkdən imtina ediblər. Bağdad rəhbərliyi tərksilah üçün əvvəlcə sentyabrın 30-na təyin etdiyi son müddəti 2027-ci ilin iyununa qədər uzatmağa məcbur olub.

İraqdakı ən güclü İranpərəst silahlı qruplaşmalardan biri olan və ABŞ-nin terror təşkilatları siyahısına salınan "Kətaib Hizbullah" isə Amerika qüvvələrinin çıxması ərəfəsində Bağdad hökumətini açıq şəkildə hədələyib. "Öz xalqının rifahı üçün çalışmayan hökumət mümkün olan bütün vasitələrlə devriləcək", – qruplaşmanın bəyanatında deyilir.

Ekspertlərin fikrincə, "Kətaib Hizbullah" kimi qruplaşmalar ABŞ-nin çəkilməsini öz fəaliyyət zonalarını genişləndirmək üçün "yaşıl işıq" kimi görəcəklər. Bu ərazilərə İranın şimal-qərbi ilə həmsərhəd İraq Kürdüstanı da daxildir. Sentyabrın 30-da bağlanan ABŞ aviabazası da burada yerləşirdi.

Vaşinqton İnstitutundan Nədimi deyir ki, bu qruplaşmalar Kürdüstan Regional Hökumətinə təzyiqləri artıra və İraqın rəsmi təhlükəsizlik qurumlarındakı mövqelərini daha da möhkəmləndirə bilərlər.

Digər tərəfdən, Pentaqon bildirib ki, ABŞ İraq hökumət qüvvələrinə təlim keçməyə və kəşfiyyat məlumatları verməyə davam edəcək.

İŞİD üçün fürsət?

Bir çox iraqlı ABŞ qüvvələrinin ölkədən çıxmasını alqışlayıb. Ancaq bəziləri 48 milyon əhalisi olan bu Yaxın Şərq ölkəsində hökumət qüvvələrinin təhlükəsizliyi təkbaşına qorumağa nə dərəcədə hazır olmasından narahatdır.

ABŞ 2003-cü ildə İraqa hərbi müdaxilə edərək diktator Səddam Hüseyni devirib. Bunun ardınca başlayan daxili müharibə və məzhəblərarası qarşıdurma illərlə davam edib, fəsadları ölkədə bu gün də hiss olunmaqdadır.

2011-ci ildə İraqı tərk edən ABŞ İŞİD ekstremistləri ilə mübarizə üçün 2014-cü ildə yenidən ölkəyə hərbçi göndərib.

Hazırda İraqın hava qüvvələri hələ də böyük ölçüdə xarici logistik dəstəkdən asılıdır. Ekspertlər hesab edirlər ki, ABŞ-nin gedişi İraqda təhlükəsizlik rejimini zəiflədəcək və radikal qruplaşmalar bu boşluqdan maksimum yararlanmağa çalışacaqlar.

"İŞİD bunu yeni bir fürsət kimi görəcək... İndiki vəziyyətə baxanda ABŞ-nin 2011-ci ildə İraqdan çıxmasını xatırlamamaq qeyri-mümkündür. İŞİD-in qısa müddətdə yüksəlişinə zəmin yaradan da məhz həmin vaxt ordunun geri çəkilməsi olmuşdu", – deyə "Sufan Mərkəzi"ndən K.Klark xəbərdarlıq edir.

​
XS
SM
MD
LG