Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:54

İranla gərginlik Türkiyəyə baha başa gələ bilər


R.T.Erdoğan və Ayatollah Ali Khamenei
R.T.Erdoğan və Ayatollah Ali Khamenei

Türkiyə ilə İran arasında gərginlik artmaqdadır. Onların regionda nüfuz dairəsini genişləndirmək uğrunda həmişə mübarizə apardıqları bəllidir, amma diplomatlarının son zamankı çıxışları «qazanın daha örtülü qaynamadığını» göstərir. Bu haqda «Amerikanın səsi» radiosu yazır.

«İran bizdən ötrü mühüm qonşudur. Biz həmişə dialoqda olmuşuq. Amma bu o demək deyil ki, indi İranın regionda nüfuzu ələ keçirmək cəhdlərinə göz yumacağıq». Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən – fevralın 22-də həftəlik mətbuat konfransında deyib. Bununla o, İranın Ali Lideri Ayatollah Ali Khamenei-nin müşaviri Ali Akbar Velayati-yə cavab verib. A.Velayati bu günlərdə türk əsgərlərinə İraq və Suriyadan çıxmağı tövsiyə etmişdi, əks halda, yerli xalqların onları qovacağını demişdi.

«NİYYƏTLƏRİ GİZLİ DEYİL»

«Global Source Partners» analitik şirkətində siyasi konsultant Atilla Yeşilada «Amerikanın səsi»nə müsahibəsində İranla Türkiyə arasındakı qarşıdurmanın təhlükəli hal aldığın bildirib. «Onlar çox ciddidirlər. Bunu hamı bilir, Türkiyəylə İran kiçik otağa girmiş iki fil kimidir. İran işğalçıdır, ekspansionist ölkədir. Onların Tehrandan tutmuş Livana qədər hər yerdə şiə dairəsi yaratmaq niyyəti gizli deyil».

Türkiyəylə İranın ədavətinin birinci səbəbi dini təriqətçilikdir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan, adətən, özünü sünnilərin müdafiəçisi kimi göstərir. Bu yaxınlarda o, Tehranı regionda dini təriqətçilik siyasəti yeritdiyinə görə qınayıb, Tehranın arxa durduğu «Hizbullah» hərəkatını «terrorçu təşkilat» adlandırıb.

Bəs Türkiyənin bu çıxışları başına bəla açmazmı? Türk analitiklərini narahat edən də budur.

«HƏRBİ GÜCÜMÜZ VARMI?»

«Bizim belə qarşıdurmaya hərbi gücümüz varmı? Xarici siyasətimizin iqtidarı nə qədərdir? Kəşfiyyatımızın gücü yetərincədirmi?». Bu sualları keçmiş türk diplomatı Aydın Selcen verir. Onun fikrincə, Türkiyə İrana qarşı sərt mövqeyini götür-qoy etməlidir.

Tehranda hərbi parad.
Tehranda hərbi parad.

«Biz regional qüvvə hesab oluna bilərikmi? Bəli. Qlobal qüvvə hesab oluna bilərikmi? Xeyr», – deyən politoloqun fikrincə, Türkiyə bütün məsələləri özbaşına həll edə bilməz və regionun digər liderləriylə, yəni həm də İranla birgə işləməlidir.

R.T.Erdoğan isə dayaqlarını möhkəmlətməkdən ötrü o biri sünni ölkələrə üz tutub. «Amerikanın səsi» Türkiyə prezidentinin bu ay Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə səfər etdiyini, müşahidəçilərin fikrincə, oralarda İranın regiondakı nüfuzunu azaltmaq məsələsini gözdən keçirdiyini xatırladır. Politoloqlar hesab edirlər ki, Ankaranın belə israrlı və cəsarətli gedişləri ABŞ prezidenti Donald Trump-ın təsirinin nəticəsidir.

«Ankara qollarını Tehrana qarşı çırmalamış Trump-ı, yəqin ki, özünə fürsət bilir, Tehranla arasındakı ziddiyyətləri aşkara çıxararaq, Suriya və İraqdakı zəif mövqeyini gücləndirməkdən ötrü bu fürsətdən yararlanmaq niyyətindədir», – A.Yeşilada belə hesab edir.

«İRAN ÖZ ƏLİNİ YANDIRMAZ»

Amma politoloqun fikrincə, bu siyasət Türkiyəyə baha başa gələ bilər. Çünki Türkiyənin İranla böyük qaz anlaşması var, iqtisadi əməkdaşlıq ölkəyə çox şey vəd edir. Digər tərəfdən, İran İraq və Suriyada daha üstün mövqe tutub və öz strateji üstünlüklərindən elə-belə imtina edəsi deyil. Bütün bunlar bir yana, ekspert Ankaranın Tehranın proksi müharibələri üzrə təcrübəsini nəzərə almalı olduğunu vurğulayır. Regionlardan gələn məlumatlarda da İranın kürdlərin terrorçu PKK təşkilatının qeydinə qalmağa çalışdığı deyilir.

«İran kürd kartından istifadə edə bilər. Keçmişdə Türkiyə İranı PKK-ya yardımda günahlandırıb. Amma burda başqa məsələ də var: İranın özü də ərazisindəki kürdlərlə problem yaşayır və onun PKK-ya yardım etməklə öz əlini yandıracağı şübhə doğurur», – «Al Monitor» saytının siyasi şərhçisi Semih Idiz deyir.

Ekspertlər hesab edirlər ki, bugünkü gərginlik tarixən çəkişib-bərkişən Türkiyə və İrandan ötrü növbəti sınaq olacaq. «Biz Suriya və İraqda həlledici məqama çatmışıq. İranla gərginlik bunun nəticəsidir. Əslində, bu iki ölkənin ziddiyyətlərin həddini keçməmək kimi bir adəti var. Ancaq diplomatların son çıxışları indi onların çox fərqli mövqe tutduğunu göstərir. İranla Türkiyənin dəstəklədiyi qüvvələr arasında qarşıdurma, xalqları millətçi olan bu iki ölkə üçün çox təhlükəli ola bilər». S.Idiz belə hesab edir.

XS
SM
MD
LG