Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 19:51

İranın təhsil naziri gender-əsaslı dərsliklər təklif edir


İranda məktəb
İranda məktəb

İranın təhsil naziri ölkənin təhsil sistemində fundamental transformasiya planlarını açıqlayıb, qadın və kişi tələbələr üçün gender-əsaslı dərsliklər təklif edib. Bu, teokratik rejimin idarəçiliyində daha dərin ideoloji dəyişikliyi göstərir.

Noyabrın 12-də "Behindoxt" festivalının bağlanış mərasimində çıxış edən Reza Murad Sahrai deyib ki, bu təşəbbüs İranın təhsilə yanaşmasında əhəmiyyətli dəyişiklik deməkdir, hakimiyyətin istədiyi "təvazökarlıq mədəniyyəti"nə uyğundur.

Nazir gender-əsaslı dərsliklərin tətbiqi qrafikini, yaxud bununla bağlı detalları açıqlamayıb.

"Böyük" dəyişiklik anonsu

Bu açıqlama İranda köklü təhsil dəyişikliyi fonunda verilir. Sahrai deyib ki, ölkədəki 120 mindən çox məktəbi "böyük" dəyişiklik gözləyir.

İki ay qabaq, yeni tədris ili ərəfəsində Sahrai "məktəblərdə transformasiya yaratmaq" üçün 20 minə yaxın məktəb direktorunun dəyişdirildiyini açıqlamışdı.

İran parlamentinin Məhabaddan olan sünni üzvü Cəlal Mahmudzadə ötən ay təqdim olunan hökumət proqramındakı "təmizləmə"ni tənqid edib. Onun sözlərinə görə, beş aydan da az bir müddət ərzində İranda 15 mindən 20 minədək məktəb direktoru siyasi və ideoloji səbəblərə görə kənarlaşdırılıb.

Etirazlardan dolayı məktəblərə təzyiq artıb

İran məktəbləri, xüsusən də qız məktəbləri 2022-ci ilin sentyabrında hicab məsələsinə görə polis nəzarətində olan Məhsa Əmininin ölümündən sonra iğtişaşların mərkəzinə çevrilib.

Hökumət bu etirazları amansızlıqla yatırdıb, tələbə şəhərciklərinə zorakı hücumlar olub, nümayişləri dəstəkləyən çoxsaylı müəllimlər ya işdən çıxarılıb, ya da həbs edilib.

Bir çox təhsil ocaqlarında məhdudiyyətlər daha da sərtləşdirilib, müəllimlərə təzyiqlər artıb, hər hansı formada narazılıq bildirən tələbələr ağır intizam tədbirləri ilə üzləşiblər.

Təhlükəsizlik qüvvələri hökumətdən geniş narazılığı boğmağa çalışır. Fəalların HRANA xəbər agentliyinin məlumatına görə, iğtişaşlar zamanı 71-i azyaşlı olmaqla 500-dən çox insan həlak olub.

Minlərlə insan həbs olunub, məhkəmələr etirazçılara sərt cəzalar, o cümlədən ölüm cəzası kəsib.

XS
SM
MD
LG