Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:13

İran prezidentinin Tacikistana səfəri get-gedə artan yaxınlaşmanın rəmzidir


İran prezidenti ötən həftə Tacikistana rəsmi səfər edib.
İran prezidenti ötən həftə Tacikistana rəsmi səfər edib.

Son 10 ildə İranla Tacikistan arasında münasibətlər gah soyuyub, gah da istiləşib. İran prezidenti İbrahim Rəisinin noyabrın 8-9-da Düşənbəyə rəsmi səfəri münasibətlərin yenə isindiyindən xəbər verir. Bu son ilyarımda Rəisinin Tacikistan paytaxtına ikinci səfəridir.

Səfər zamanı Rəisi və tacikistanlı həmkarı Emoməli Rəhmon iki ölkə vətəndaşları üçün tarixi vizasız səfər razılaşmasının əldə edildiyini açıqlayıblar. Üstəlik, ticarət, nəqliyyat və mədəniyyət sahələrində də müqavilələr imzalanıb.

AzadlıqRadiosunun müxbiri Fərəngis Nəcibullahın müəllifi olduğu məqalədə deyilir ki, son bir ildə iki ölkə arasında yüksək səviyyəli səfərlər aramsız hal alıb. Oktyabrda İranın müdafiə naziri Məhəmməd Rza Aştiani, iyun ayında baş prokuror Məhəmməd Cəfər Müntəzirinin rəhbərliyi ilə nümayəndə heyəti Düşənbəyə səfər edib.

Hər iki ölkənin əsas müttəfiqi Rusiyadır

Ancaq iki farsdilli ölkə arasındakı münasibətlər heç də həmişə belə yaxın olmayıb. Bu ölkələri təkcə ortaq dil, yaxın mədəni və tarixi bağlar birləşdirmir. Onların hər ikisinin əsas müttəfiqi Rusiyadır.

Son 10 ildə iki ölkə arasında münasibətlərdə yaranan gərginlik investisiya və ixracat sövdələşmələrinə mənfi təsir göstərib, birbaşa uçuşların dayandırılmasına, İranın Tacikistandakı xeyriyyə və mədəniyyət mərkəzlərinin bağlanmasına səbəb olub.

İran 2015-ci ildə Tacikistanın İslami Dirçəliş Partiyasının rəhbərini konfransa dəvət etməklə Tacikistanı qəzəbləndirib. Bu dəvətdən cəmi bir neçə ay öncə Düşənbə bu partiyanı yasaqlayaraq terrorçu qrup elan etmişdi.

Bu dəvət azmışcasına, partiyanın sədri Muhuddin Kəbirinin İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei tərəfindən salamlanarkən şəkli yayılıb.

Ayətullah Əli Xamenei Muhiddin Kəbiri ilə görüşür. 2015
Ayətullah Əli Xamenei Muhiddin Kəbiri ilə görüşür. 2015

2017-ci ildə Tacikistanın dövlət televiziyası İranı Tacikistanda siyasi qətlləri maliyyələşdirməkdə və sifariş etməkdə günahlandırandan sonra iki ölkə arasındakı münasibətlər daha da pisləşib. 1997-2004-cü illər arasında Tacikistanda bir neçə tanınmış ictimai xadim, o cümlədən siyasətçi və alim qətlə yetirilib.

Buna cavab olaraq İran Tacikistanı əsassız, həyasız yalanlar danışmaqda ittiham edib.

Bu gərginlik səbəbindən Emoməli Rəhmon 2017-ci ildə prezident Həsən Ruhaninin ikinci müddət üçün andiçmə mərasiminə qatılmayıb. Ancaq 2019-cu ildə Ruhani Düşənbəyə səfər etdi və iki ölkə aralarındakı münasibətləri düzəltməyə çalışmağa başladı.

Ziddiyyətli sənədli film

2020-ci ilin sentyabrında Tacikistanın dövlət televiziyası İranı Tacikistanda silahlı qrupları maliyyələşdirməkdə suçlayan daha bir ziddiyyətli sənədli film yayımladı.

Tehran bu iddianı "əsassız iddia" adlandırdı və Düşənbəyə "dostluq münasibətlərinin qaydalarını" pozan belə davranışın fəsadları barədə xəbərdarlıq etdi.

Sözügedən sənədli filmin göstərilməsi İran universitetlərinin məzunu olan 50 nəfərədək Tacikistan vətəndaşına Tacikistan Ali Məhkəməsinin vətənə xəyanət və dini ekstremizm ittihamları ilə həbs cəzası kəsməsindən sonraya təsadüf etmişdi. Məhkəmə bağlı qapılar arxasında keçirilmişdi.

Tacikistan prezidenti Emoməli Rəhmonun İrana rəsmi səfəri və İran prezidenti İbrahim Rəisi ilə görüşü. 2022
Tacikistan prezidenti Emoməli Rəhmonun İrana rəsmi səfəri və İran prezidenti İbrahim Rəisi ilə görüşü. 2022

Tacikistan dövlət mediası və məhkəməsi hökumətin mövqeyini tam əks etdirdiyindən Düşənbənin İranla əlaqələrini poza biləcək bu cür addımının səbəbi bilinmir.

Rəhmon 2021-ci ilin avqustunda Rəisinin andiçmə mərasiminə də getməyib. Ancaq növbəti ay Rəisi özünün prezident qismində ilk rəsmi səfəri üçün Tacikistanı seçib. O, regional güvənlik sammitinə də qatılıb.

O zamandan bəri ikitərəfli əlaqələr get-gedə möhkəmlənib.

Ötən ilin əvvəllərində Düşənbə və Tehran gələcəkdə ikitərəfli ticarəti 500 milyon dollaradək artırmaq planını açıqlayıb. 2021-ci ildə bu göstərici 121 milyon dollar olub. Ötən ilin mayında Rəhmon Tehrana gedib. Bu onun doqquz ildə Tehrana ilk səfəri idi.

"Hər hansı önəmli siyasi dəyişiklik" münasibətləri korlaya bilər?

Bu da var ki, iki ölkə arasındakı münasibətlərin son illərdəki dinamikasını nəzərə alan bəzi təhlilçilər gələcəklə bağlı o qədər də nikbin deyillər.

Yaxın Şərq və Mərkəzi Asiya üzrə tanınmış ekspert, Leyden Universitetinin (Niderland) professoru Turac Atabəki yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlərdə yeni problemlərin meydana gələ biləcəyini istisna etmir.

Atabəki deyir ki, bu iki ölkədən birində, yaxud dünyada baş verə biləcək hər hansı mühüm siyasi dəyişiklik Düşənbə ilə sanksiyalardan əziyyət çəkən İran arasındakı münasibətlərə təsir göstərə bilər.

XS
SM
MD
LG