Keçid linkləri

2026, 16 Oktyabr, cümə, Bakı vaxtı 02:26

İranda Xameneini təqlid edən satirikə cinayət işi açılıb

Səid Şəkiba
Səid Şəkiba

İran hakimiyyəti "Instagram"da populyar olan satirik Səid Şəkibaya qarşı cinayət işi qaldırıb. Bu, satirikin ölkənin keçmiş ali rəhbəri Əli Xameneini təqlid etdiyi videosu sosial şəbəkələrdə yayıldıqdan sonra baş verib.

Məhkəmə sisteminə bağlı "Mizan" xəbər agentliyi oktyabrın 14-də bildirib ki, Tehran prokurorluğu Şəkibaya qarşı "təhqiredici və alçaldıcı məzmun yaymaq" ittihamı irəli sürüb və onun barəsində "müvafiq tədbirlər" görülüb.

Videoda Şəkiba Xameneinin şairlərlə tez-tez keçirdiyi görüşləri parodiya edir.

Son günlər hakimiyyətyönlü sosial şəbəkə istifadəçiləri bu videonu paylaşaraq satirikin barəsində hüquqi tədbirlər görülməsini tələb ediblər. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" xəbər agentliyi videonu "təhqiredici və alçaldıcı" adlandıraraq, orada "iyrənc və nalayiq" ifadələrin yer aldığını bildirib.

Şəkibanın tərəfdarları isə onun sadəcə ifadə azadlığı hüququndan istifadə etdiyini vurğulayırlar.

Satirikin "Instagram" səhifəsinin təxminən 1 milyon izləyicisi var. Amma bu səhifə hakimiyyət orqanları tərəfindən artıq bağlanıb və oradakı bütün paylaşımlar silinib.

Şəkiba əsasən məşhur şəxslərin səslərini təqlid etməsi və komediya xarakterli videoları ilə tanınır. O, əvvəllər də İran İslam Respublikasını və onun yürütdüyü siyasəti tənqid edib.

Satirik yanvar etirazlarından sonra da hakimiyyəti tənqid atəşinə tutmuşdu. Dövlət həmin aksiyaları qəddarlıqla yatırtmış, nəticədə minlərlə insan qətlə yetirilmişdi.

​
XS
SM
MD
LG