Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 05:25

ABŞ İrana qarşı yeni sanksiyalar elan edir


İranın ballistik raket sınağı

Birləşmiş Ştatlar fevralın 3-də İranın üzərinə yeni sanksiyalar qoyduğunu elan edib. Bundan bir neçə gün əvvəl Tehran ballistik raket sınağı keçirmiş və Vaşiqntondan xəbərdarlıq almışdı.

Fevralın 2-də ABŞ Maliyyə Nazirliyi İran sanksiyalarının siyahısına bu ölkə ilə bağları olan daha 13 fərdi və 12 hüquqi vahidi əlavə edib. Bu fərdlərdən birinin çinli olduğu xəbər verilir.

Nazirliyin rəsmi sənədində bildirilir ki, sanksiyalar “İranın ballistik raket proqramlarını texnologiya və materiallarla təchiz edən və İran İslam Keşikçilərinin Qüds Korpusuna dəstək verən fərd və vahidlərə şamil edilir”.

Yeni sanksiyalar Livan, Çin və Birləşmiş Ərəb Əmirliklərindəki hüquqi şəxs və şirkətləri hədəfləyir.

Maliyyə Nazirliyinin rəsmisi John Smith deyib ki, İran özünün ballistik raket proqramı ilə Birləşmiş Ştatları və onun partnyorlarını hədələyir.

Ağ Evin sözçüsü Sean Spicer brifinq zamanı bildirib ki, bu sanksiyalar hələ Donald Trump-ın vəzifəyə gəlişindən əvvəl hazırlanıb.

ABŞ administrasiyası bildirib ki, bütövlükdə İranla münasibətlərin təkrar “strateji analizi” keçirilir.

Bununla belə administrasiyaya daxil bir rəsmi vurğulayıb ki, Birləşmiş Ştatlar Tehran və dünyanın aparıcı gücləri arasında imzalanmış nüvə sazişi üzrə öhdəliklərinə sadiq qalır.

ABŞ administrasiyasından olan ikinci rəsmi deyib ki, son sanksiya siyahısına daxil edilən fərd və vahidlər “Birləşmiş Ştatlarla təmas nöqtələrinə” malikdirlər.

Burada söhbət “Amerika mənşəli məhsullardan və ya Amerikanın bank sistemindən ona ziyan vurmaqla istifadə” nəzərdə tutulur.

Bundan əvvəl “İranla nüvə sazişini cırıb atacağı” ilə hədələyən Donald Trump fevralın 3-də yazdığı tvitdə bildirir ki, “Tehran Vaşinqtonun lütfkarlığına nankorluq edir”.

Bu arada Trump-ın özü “İrana qarşı sərt siyasət xəttini gecikdirdiyinə” görə tənqid olunur.

Konqresin Xarici İşlər Komitəsinin sədri, respublikaçı Ed Royce Trump administrasiyasını “İrandan məsuliyyət tələb etməkdə lənglik göstərdiyinə” görə tənqid edib.

İrana qarşı yeni sanksiyaları bir sıra demokrat millət vəkilləri də alqışlayıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin yazdığı tvitdə deyilir ki, “İran heç kimlə müharibə başlamaq niyyətində deyil, amma öz müdafiəsi üçün yalnız özünə arxalana bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG