Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:11

S-300 Tehranın mərkəzində sərgilənib


İnsanlar Tehranın Baharestan meydanında yerləşdirilmiş, Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sisteminin yanında şəkil çəkirlər. 24 sentyabr, 2017
İnsanlar Tehranın Baharestan meydanında yerləşdirilmiş, Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sisteminin yanında şəkil çəkirlər. 24 sentyabr, 2017

İranın İnqilab Keşikçiləri Korpusu ilk dəfədir ki, paytaxt Tehranın mərkəzində, parlament binasının yaxınlığında Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemini nümayiş etdirir.

İran İraqla müharibənin bitməsinin 29 illiyini hərbi paradlar və ictimai tədbirlərlə qeyd edir.

SİSTEMİN RAKETLƏRLƏ BİRGƏ FOTOLARI YAYILIB

Bayram tədbirlərinin bir hissəsi kimi, sentyabrın 24-də S-300 hava hücumundan müdafiə sistemi sərgilənib.

İran 10 il idi ki, qiyməti 800 milyon ABŞ dolları olan bu müdafiə sistemini əldə etməyə çalışırdı. Ancaq Rusiya BMT sanksiyalarından dolayı bu silahın satışını ertələyirdi.

Nəhayət, 2017-ci ilin fevralında Rusiya sistemin hissələrini İrana ötürməyə başlayıb.

İran mətbuatı yer-hava tipli S-300 sisteminin «Seccil» və «Ğadr» ballistik raketləri ilə birlikdə şəkil və videolarını yayıb.

Tehranın ballistik raket proqramı Birləşmiş Ştatlar, onun avropalı müttəfiqləri, xüsusilə də İsrail və bəzi ərəb dövlətləri tərəfindən sərt tənqid edilir. ABŞ İranın İnqilab Keşikçiləri Korpusunun gerçəkləşdirdiyi raket sınaqlarının ölkənin 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişinin ruhuna zidd olduğunu deyir.

İsrail, eyni zamanda, uzun müddət idi ki, Rusiya hökumətini S-300 sistemini İrana satmamağa inandırmağa çalışırdı.

TRUMP-IN ƏLİNƏ FÜRSƏT KEÇİB

Şənbə günü İslam İnqilab Keşikçiləri Korpusu «Xorrəmşəhr» ortamənzilli ballistik raketini uğurla sınaqdan keçirdiyini elan edib. «Tasnim» Xəbər Agentliyi «Xorrəmşəhr»i «İsrailin kabusu» adlandırıb. ABŞ prezidenti Donald Trump-sa öz tvitində fürsətdən yararlanaraq, nüvə sazişini bir daha tənqid edib.

Ötən ay D.Trump İranın ballistik raket proqramına bağlı şəxs və qurumlara, habelə onlarla iş görənlərə cəzaların tətbiqinə dair qanun imzalayıb. O, həmçinin, nüvə sazişini yenidən müzakirə edə, yaxud da ondan imtina edə biləcəyini deyib.

İranın ali dini lideri Ali Khamenei isə bu yaxınlarda Tehranda bildirib ki, Vaşinqton bu məsələdə hər hansı «yanlış addım» atarsa, Tehran buna sərt reaksiya verəcək.

İrandan başqa, yer-hava tipli S-300 hava hücumundan müdafiə sisteminə malik olan dövlətlər bunlardır: Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Ermənistan, Əlcəzair, Misir, Qazaxıstan, Slovakiya, Suriya, Ukrayna, Venesuela, Vyetnam və Yunanıstan.

İnfoqrafika: S-300 Rusiya hava hücumundan müdafiə sistemi
İnfoqrafika: S-300 Rusiya hava hücumundan müdafiə sistemi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG