Keçid linkləri

2026, 27 Fevral, Cümə, Bakı vaxtı 03:46

Kinorejissor İlanlu: 'İran ölüm yatağında can verən xəstədir'

Müjgan İlanlu
Müjgan İlanlu

Sənədli film rejissoru və fəal Müjgan İlanlu İranın "ölüm yatağında xəstə" olduğunu deyir. O, ölkədəki sosial və iqtisadi böhranların ənənəvi çatlardan kənara çıxdığını bildirir.

Tehranda yaşayan İlanlu AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) danışıb. O, Novruz bayramı ərəfəsində adətən izdiham yaşanan Tehrandakı Böyük Bazarda, böyük ticarət mərkəzlərində indi qorxunc səssizliyin hökm sürdüyünü deyir, supermarketlərin və çörəkçilərin "cəmiyyətin qızdırma və həyəcan termometri" rolunu oynadığını iddia edib.

"2021-ci ildən bəri yoxsulluq, narahatlıq və sosial çöküş şəhərin dəbdəbəli məhəllələrinə yayılaraq ölkəni ağuşuna alıb", – deyə İlanlu ölkə boyunca pisləşmənin adi vətəndaşların yaşadığı küçələrdə daha çox göründüyünü bildirib, nəinki rəsmi statistikada.

İlanlu İran qadınlarının mübarizəsini sənədləşdirdiyinə, aktivizminə görə işləməkdən məhrum edilib.

"Xəyal qurmaq"

O, "Radio Fərda"ya Cenevrədə ABŞ və İran rəsmilərinin görüşündən az öncə danışıb. Məqsəd Tehranın nüvə proqramı ilə bağlı mümkün hərbi qarşıdurmanın qarşısını almaqdır.

İranlılar internetdə potensial hərbi eskalasiya, siyasi dəyişikliklər üçün üfüqün daralması sarıdan qorxularını dilə gətirirlər. İlanlu deyir ki, artıq milli psixologiya xəyal qurmağa yönəlib, bu, bir müdafiə vərdişidir, insanlar möcüzəvi xilas ümidi ilə yaşamağa başlayırlar.

"Yuxu görmək beyinin çıxılmaz vəziyyətə qarşı müdafiə reaksiyasıdır... İnsanlar hansısa möcüzə nəticəsində bəndin qırılacağını, bir xilaskarın gələcəyini və ya bir hadisənin baş verəcəyini və hər şeyin birdən düzələcəyini düşünürlər", – o bildirib.

İlanlu xəbərdarlıq edib ki, bu iflicin həlli sərt həqiqətlərlə üzləşmə gərəkdirəcək: "Məsələnin sadə olmadığını qəbul etməliyik. Asan həllər, sürətli qələbələr, ucuz yollar yoxdur".

Ağrılı diaqnozuna baxmayaraq, İlanlu səthin altındakı güc mənbələrindən də danışır.

"Mədəni qoruq", yaxud "Supermen" kompleksi

O, 2009-cu ildə seçki sonrası kütləvi nümayişlərdən sonra, son 16 il ərzində yerli "intellektual dairələr"in yaratdığı "mədəni qoruq"dan söz açır. Dediyinə görə, şəxsi evlərdə, kitab mağazalarında keçirilən bu görüşlər mənəvi tənəzzülün və ekstremizmin qarşısını almağa kömək edib.

Kinorejissorun fikrincə, 2022-ci ildə İslam Respublikasını sarsıdan "Qadınlar, Həyat, Azadlıq" hərəkatı intellektual yetkinliyin zirvəsi idi. Etirazlar baş örtüyü taxmadığı iddiası ilə saxlanan Məhsa Əmininin ölümündən sonra başlamışdı.

İlanlu deyir ki, irəliləyiş onun "Supermen" adlandırdığı kompleksdən imtina etməkdən asılıdır. Bu, tək bir liderin və ya fraksiyanın digərlərini silib millətin problemlərini birtərəfli şəkildə həll edə biləcəyi ideyasıdır.

"Heç kim başqa bir qrupu silməyə çalışmamalı və ya Supermen olduğunu iddia etməməlidir. Kollektiv yetkinlik nöqtəsinə çata bilsək, çıxış yolumuzu tapa biləcəyimizə ümid var", – o vurğulayıb.

XS
SM
MD
LG