Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

İran mühafizəkarları Ruhaninin qabağına “çətin rəqib” çıxarırlar


Mötədil prezident Ruhaniyə rəqib olacağı gözlənilən Ebrahim Rəisi
Mötədil prezident Ruhaniyə rəqib olacağı gözlənilən Ebrahim Rəisi

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, həftələrlə davam edən şayiələrdən sonra İranda ən varlı xeyriyyənin rəhbəri Ebrahim Rəisi gələn ay keçirləcək prezident seçkisində namizəd olmaq istədiyini təsdiq edib.

Onun namizədliyi ölkə mühafizəkarlarını hərəkətə gətirə və mötədil prezident Həsən Ruhaniyə ciddi rəqabət yarada bilər.

Ruhani 2013-cü ilin prezident seçkisini islahat vədləri ilə udub və bunun ardınca ötən il keçirilmiş parlament seçkilərində də islahayönlülər illərlə davam edən süstlükdən sonra siyasi səhnəyə qayıdıblar.

1980-ci illərdə İslam Respublikasının və dini üsul-idarənin opponenti sayılanları kütləvi qaydada edama göndərən hakimlərin arasında Rəisi də olub.

Ən mühümü isə budur ki, Rəisinin ölkənin ali rəhbəri ayətullah Əli Xameneyinin dəstəyinə malik olduğu söylənir.

Parisdə yaşayan siyasi təhlilçi Morteza Kazemian AzadlıqRadiosuna bildirib ki, Rəisi sərt xətt-hərəkət fiquru kimi ölkənin ali dini rəhbərliyindən tutmuş İnqilab Keşikçiləri Korpusunadək ən mühafizəkar təsisatlarla bir sırada durur.

Kazemian deyib ki, "Rəisi İranda avtoritarlığın simvollarından biridir və o, ölkədə siyasi və mədəni islahatlara qarşıdır”.

Ruhaninin ikinci müddət üçün prezidentliyə namizədliyini aprelin 10-da keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

Farsdilli medianın sevimlisi

Tehranlı siyasi şərhçi Sadeq Zibakəlam deyib ki, Rəisinin namizədliyi elan olunandan sonra Ruhani çox çətin mübarizəyə hazırlaşmalı olacaq.

İslahatyönlü Həsən Ruhanini çətin mübarizə gözləyir
İslahatyönlü Həsən Ruhanini çətin mübarizə gözləyir

Bu yaxınlarda İran mediası Rəisinin namizədliyinin Üləmalar Şurası tərəfindən dəstəkləndiyinə dair şayiələrdən yazırdı.

Bir sıra politoloqların fikrincə, əgər Rəisi həqiqətən də ali dini rəhbərliyin namizədi kimi ortaya çıxıbsa, seçki bütün hallarda gərginlik mənbəyinə çevrilə bilər.

Lakin Rəisi prezidentliyə yeganə namizəd deyil. Aprelin 6-da dərc edilmiş ilkin namizəd siyahısında İmam Xomeyni Fondunun rəhbəri Pərviz Fəttah da var. Onun özü də Ruhaniyə ciddi rəqib ola bilər.

Ümumən isə farsdilli media Rəisini ən populyar namizəd kimi təqdim etməyə çalışır.

Sosial mediada hökumət tərəfdarı olan gənclər də 56 yaşlı məşhədli Rəisiyə dəstək verdiklərini bildirirlər.

İranın repressiya aparatında mühüm fiqurlardan biri olmasına baxmayaraq, Rəisi indiyədək diqqət mərkəzində olmamağa çalışıb, lakin Xameneyi onu ötən il ölkənin ən müqəddəs şiə ocağı – Məşhədə nəzarət edən Astan Qods Razavi xeyriyyə fondunun başçısı təyin edib.

Məhz bu təyinatdan sonra media Rəisinin ictimaiyyət qarşısında fəallaşdığını, yoxsullara və Suriyada həlak olmuş əfqan döyüşçülərin ailələrinə baş çəkdiyini işıqlandırıb.

Xameneyinin yerlisi

Rəisi 1980-ci illərdə rejim opponentlərinin kütləvi edamlarında xüsusi rol oynayıb.

O məhkum edilənləri onların dini inancları barədə sorğu-suala çəkən “ölüm komitəsinin” üzvü olub.

Xameneyi kimi Məşhəddə doğulmuş Rəisi artıq 1982-ci ildə, 22 yaşında Həmədanın prokuroru idi.

Rəisi karyera nərdivanı ilə sürətlə yüksələrək 1985-ci ildə Tehran baş prokurorunun müavini vəzifəsinə təyin edilib.

O ayətullah Ruhullah Xomeyni 1988-ci ildə təxminən 5 min siyasi məhbusun edamını əmr edəndə də bu vəzifədə idi.

Rəisinin rəsmi biqorafiyasında onun İslam inqilabının banisinin diqqətini də məhz bu zaman çəkdiyi qeyd olunur.

Rəisi məhz bundan sonra Tehran prokuroru təyin edilmiş və ədliyyə başçısının birinci müavini vəzifəsinə irəli çəkilmişdi.

İmam Rzanın ziyarətgahına nəzarət edən xeyriyyə fondunun başçısı təyin edilənədək Rəisi dövlət prokuroru vəzifəsini tuturdu.

O hazırda ali rəhbər Xameneyinin fəaliyyətinə göz qoyan seçkisiz qurum – Üləmalar Şurasının üzvüdür.

O həm də ruhani xadimləri mühakimə edən Xüsusi Dini Məhkəmənin başçısıdır. 1980-ci illərdə baş vermiş edamlar barədə dissident ayətullah Hüseyn Əli Müntəzirinin tənqidi çıxışının audiosunu yaydığına görə ayətullahın oğlunu da bu yaxınlarda elə bu məhkəmə məhkum edib.

Rəisi ABŞ-ı “böyük iblis” adlandıran ruhani xadimlərin kateqoriyasına aiddir.

Rəisi habelə müxalifət fiqurları olan Mir Hüseyn Musəvini və onun xanımı, universitet professoru Zəhra Rahnəvərdi, habelə islahatçı din xadimi Mehdi Kərrubini İran İslam inqilbanının prinsiplərinə qarşı çıxmaqda ittiham edib.

Bu üç nəfər 2009-cu ildə keçirilmiş ziddiyyətli prezident seçkisinin nəticələrinə qarşı çıxmışdı.

Onlar 2011-ci ildə ev dustaqlığına məhkum ediləndə Rəisi bu hökmü İran hökumətinin “mərhəmətliliyinin göstəricisi” adlandırmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG