Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:46

İran parlamenti müəllimlər üçün maaş artımını təsdiqləyir


Tehranda müəllim, noyabr, 2021-ci il
Tehranda müəllim, noyabr, 2021-ci il

Dekabrın 14-də qanunvericilik ilkin fövqəladə təsdiq mərhələsindən keçib

Dekabrın 15-də İran parlamenti müəllimlərin bir neçə günlük etiraz və tətilindən sonra onların maaşının qaldırılması ilə bağlı qanunvericiliyi təsdiqləyib.

Bundan bir gün öncə, dekabrın 14-də qanunvericilik ilkin fövqəladə təsdiq mərhələsindən keçib. Minlərlə müəllimin üç gün davam edən tətilinin sonunda, dekabrın 13-də yüzlərlə nümayişçi Tehranda parlamentin qarşısına yığışaraq ədalətsiz əmək şərtlərinə etirazlarını bildiriblər. Polis isə tətil edənlərə qarşı zorakılığa əl atıb, saxlananlar olub.

Aya 80 milyon rial

Dekabrın 15-də qəbul edilmiş sənədə görə, müəllimlər universitet müəllimlərinin maaşının 80 faizini alacaqlar. Etirazçıların tələblərindən biri bu idi.

Parlamentin təhsil komitəsinin sədri Əlirza Monadi yarım rəsmi ILNA agentliyinə deyib ki, qanunvericilik qüvvəyə minərsə, müəllim ayda 80 milyon rial ($267) alacaq. Hazırda onların maaşı 60 milyon riala yaxındır.

Təhsil naziri Yusif Nuri dekabrın 14-də təsdiqlənəndən sonra qanunun sürətlə həyata keçiriləcəyini vəd edib. Sözügedən qanun son illər parlamentə dəfələrlə təqdim olunsa da, təsdiqlənməyib.

Deputat saxlananlarla maraqlanacağını deyib

Bir sıra şəhərlərdə yürüşlərə çıxan müəllimlər polisin saxladığı həmkarlarına azadlıq tələb ediblər.

“Neçə nəfərin saxlandığını bilmirəm, amma həbs olunmuş müəllimlərin məsələsini izləyəcəyəm”, – Monadi ILNA agentliyinə deyib.

Son aylar müəllimlər Tehran daxil bir sıra şəhərlərdə küçələrə çıxaraq hökumətin və deputatların onların həyatını yaxşılaşdırmaqla bağlı vədlərini yerinə yetirməməsinə etirazlarını bildiriblər.

Təhlükəsizlik qüvvələri bəzən sərt taktikaya əl atıb, bəzi nümayişçiləri saxlayıb.

Son bir ildə ölkədə işsizliyin artması və inflyasiyanın 40 faizi keçməsi etirazlara səbəb olub. Durumun ağırlaşması hökumətin pis idarəçiliyi, Birləşmiş Ştatların İranın nüvə proqramından dolayı qoyduğu maliyyə sanksiyaları ilə izah edilir.

XS
SM
MD
LG