Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:30

İranda pandemiyadan ölü sayı 100 mini keçir


Tehran bazarı, 16 avqust, 2021-ci il
Tehran bazarı, 16 avqust, 2021-ci il

İranda koronavirusdan ölüm və hospitalizasiya artır, Tehranda və digər şəhər xəstəxanalarında çarpayı və dərman qıtlığı yaşanır

Human Rights Watch (HRW) insan haqları təşkilatı İran hakimiyyətini COVID-19 pandemiyasına effektiv reaksiya vermək üçün cəhdləri artırmağa çağırıb. Qurum bildirir ki, ABŞ və Britaniya istehsalı olan vaksinlərin idxalına qadağa, şəffaflığın olmaması, yanlış idarəçilik koronavirusun ölkəyə təsirini daha da ağırlaşdırır.

İranda koronavirusdan ölüm və hospitalizasiya artır, Tehranda və digər şəhər xəstəxanalarında çarpayı və dərman qıtlığı yaşanır. Nyu Yorkda mənzillənən HRW bildirir ki, ölkə “həyatı xilas edən vaksinlərin təmin olunması üçün gərəkən resurslardan” istifadə etməlidir.

Cəmi 5 milyon nəfər vaksinlənib

Avqustun 19-da İranda COVID-19-dan ümumi ölü sayı 100 mini keçib. Aşkarlanan yoluxma sayı isə 4 milyon 600 minə yaxındır.

Ölkədə COVID-19 vaksinləri çatışmır. 85 milyonluq əhalinin cəmi 5 milyona yaxınına hər iki doza vurulub.

Avqustun 14-də ölkədə altı insan haqları fəalı və hüquq müdafiəçisi həbs olunub. Onların hökumətin böhranı düzgün idarə etməməsindən şikayət hazırladığı bildirilir. Saxlananlardan biri buraxılsa da qalan beş nəfər həbsdədir.

HRW qeyd edir ki, aparıcı rəsmilər “vaksin tədarükünə ciddi müdaxilə edən və iranlılar arasında dezinformasiya yayan” bəyanatlar veriblər.

Rəsmi bəyanatlar

Yanvarda Ali dini Lider Ayətulla Əli Xameneyi elan edib ki, “ABŞ və Böyük Britaniyada hazırlanmış COVID-19 vaksinlərinin idxalı yasaqlanıb”. O, vaksinlərin “tamamilə etibarsız” olduğunu deyib.

Bundan sonra İranın Qırmızı Xaç Komitəsi 150 min doza Pfizer vaksininin idxalını təxirə saldığını açıqlayıb. İran hakimiyyəti yerli vaksini təbliğ eləsə də, HRW bu vaksinin təhlükəsizliyi və effektinə dair aydın informasiyanın olmadığını vurğulayır.

HRW İrana geniş sanksiyalar qoymuş Birləşmiş Ştatları iranlıların vaksinlərə “sürətli, əngəlsiz, bərabər” çıxışını təmin etməyə səsləyib.

ABŞ-ın Ticarət Departamenti iyunda üz maskaları, süni nəfəs aparatları, oksigen balonları, vaksinlərim çatdırılması ilə bağlı tranzaksiyalar və fəaliyyətə ümumi lisenziya verib.

XS
SM
MD
LG