Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

İran ordusu nə dərəcədə güclüdür? 


Qüds qüvvələrinin komandanı Qasem Soleimani-nin qətlindən bəri ABŞ-la münaqişə ehtimalının artması fonunda İranın hərbi gücü diqqətlə araşdırılır.

İslam respublikasının silahlı qüvvələri nə qədər güclüdür?

AzadlıqRadiosunun müxbirləri yazırlar ki, bu sualın cavabını anlamaq üçün əsasən İranın strateji məqsədlərinə baxmaq lazımdır.

Tehranın əsas məqsədi bütün Yaxın Şərqdə təsirini genişləndirmək, öz maraqlarını qorumaq, yaxud da ən azı Səudiyyə Ərəbistanı kimi düşmənlərin güclənməsinin qarşısını almaqdır.

Buna nail olmağa çalışan Tehran regionun 10 ölkəsində yerləşdirilmiş nəhəng ABŞ hissələrinin qarşısını almaq və onları qorxutmaq üçün mümkün olan hər şeyi edib. Yekun məqsəd onları regiondan sıxışdırıb çıxarmaqdır.

Ekspertlər bildirirlər ki, böyük ehtimalla İran bu məqsədlə tammiqyaslı müharibəyə başlamaqdan boyun qaçıracaq. Çünki onun hərbi gücü Amerika silahlı qüvvələri və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ilə müqayisəyə gəlmir.

Nüvə silahı yox, çoxlu proksilər

İranlıların yaxşı tanınan və son dərəcə ziddiyyətli nüvə proqramı var, ancaq hazırda nüvə silahı istehsal etmək imkanları yoxdur.

"Onların ballistik raket proqramı var, ancaq ABŞ-a çata biləcək uzunmənzilli raketləri yoxdur”, - “The Atlantic” jurnalı yazır.

Jurnal qeyd edir ki, Tehranın regionda böyük dostları da azdır:

"İranın Rusiya və Çinlə yaxşı münasibətləri var, ancaq böyük güclər arasında etibarlı müttəfiqi yoxdur”.

Dünyanın ən təcrid olunmuş ölkələrindən biri olduğu iddia edilən İran gücünü əsasən proksi və ya təmsili müharibələrə, yaxud da ABŞ və ABŞ-ın başçılıq etdiyi qüvvələrin zəif yerlərindən istifadə etməyi hədəfləyən asimmetrik zərbələrə yönəldir.

Dünyanın aktiv heyətə əsaslanan səkkizinci ən güclü ordusu olan İran ordusu asimmetrik müharibə strategiyasına uyğunlaşdırılıb.

Hərbi büdcənin azlığı

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2018-ci ildə İranın müdafiə büdcəsi 13 milyard dollardan artıq olub və o, hərbi xərclərə görə dünyada 18-ci yeri tutub.

Ancaq İran regiondakı düşmənlərindən çox geridə qalıb. Məsələn, Səudiyyə Ərəbistanının hərbi xərcləri 70 milyard, İsrailinki isə 18,5 milyard dollara qədər olub. (Hərbi xərcləri 700 milyard dollardan artıq olan ABŞ-la isə müqayisə etməyə dəyməz).

Bundan əlavə, 2018-ci ildə İranın hərbi xərcləri öncəki ilə nisbətən 9,5% azalıb. Bu azalma ABŞ sanksiyalarının doğurduğu nəhəng iqtisadi problemlərdən qaynaqlanıb. Vaşinqton bu strategiyanı "maksimum təzyiq" adlandırır.

Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun (FDD) məlumatına görə, İranın hərbi isteblişmenti, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) maliyyə baxımından yalnız dövlət büdcəsindən asılı deyil.

"Hərbi isteblişment Tehran Səhm Birjasındakı şirkətlərin bazar dəyərinin beşdə birinə nəzarət edir. O həm də minlərlə digər şirkətin sahibidir. Onların hamısı silahlı qüvvələrə gəlir gətirir. Bundan başqa, İİKK İranın kölgə iqtisadiyyatının da xeyli hissəsinə nəzarət edir", - FDD bildirir.

Yaxın Şərqdə ən böyük

“Global Firepower” və “Business Insider”in 2019-cu il reytinqinə görə, İran ordusu ümumi hərbi güc baxımından dünyada 137 ölkə arasında 14-cüdür.

523 minədək həqiqi xidmət, 350 min ehtiyat hərbçisi olan İran Yaxın Şərqdə ən böyük daimi orduya malikdir.

Aktiv hərbi qüvvələrin 350 mini nizami orduda, azı 150 mini isə İİKK-dadır. İİKK İran ordusunda ən güclü qoşunlara malikdir.

İİKK-nun komandanı Hossein Salaminin birbaşa İranın ali dini lideri Ali Khamenei-yə tabe olması da bu birliyin əhəmiyyətini göstərir.

Ordu içində ordu

İİKK-nun özü beş alt qrupdan ibarətdir.

Bu qruplardan biri olan Qüds Ordusunun başında on illərlə, ABŞ-ın yanvarın 3-də həyata keçirdiyi dron zərbəsindən ölənədək Qasem Soleimani durub. Onun qətli İran və ABŞ-ı indiki çətin duruma salıb.

Qüds ordusuna əsasən xaricdəki, ilk növbədə Yaxın Şərqdəki əməliyyatlar tapşırılırdı.

Onun tərkibindəki qoşunların dəqiq sayı haqda məlumatlar fərqlidir.

Ancaq Birləşmiş Xidmətlər üzrə Kral İnstitutunun tədqiqatçısı Jack Watling NBC News kanalına deyib ki, o, 17000 – 21000 üzvü olan, “diviziya gücünə malik” hərbi birlikdir.

İİKK
İİKK

“The Guardian” qəzetinin yazdığına görə, bəlkə də daha əhəmiyyətli məqam odur ki, Qüds ordusunun ölkə xaricində istifadəsi müxtəlif şiə yaraqlıların cəlb edilməsinə imkan verir. Burada söhbət 200 min döyüşçüdən gedir. Yaraqlı qruplaşmalar regionun azı beş ölkəsində fəaliyyət göstərir.

Qəzet əlavə edir ki, münaqişənin “boz zonasında” fəaliyyət göstərən bu iranpərəst təmsili ordular münaqişələri dövlətlər səviyyəsində müharibə həddindən aşağı səviyyədə saxlamağa imkan verir.

İİKK strukturundakı digər qrup 90 min üzvü olan, qayda-qanun yaratmaq üçün səfərbər olunmuş Bəsic silahlı qrupudur. Onun vəzifələrindən biri də ölkə daxilində hökumətə qarşı çıxışları yatırmaqdır.

Noyabrda baş qaldırmış etirazlar yüzlərlə nümayişçinin qətli və minlərlə insanın yaralanması ilə nəticələnib.

İrandakı bir çox buna bənzər təsisatlar kimi Bəsic də İran-İraq müharibəsi zamanı könüllü ordu kimi formalaşıb. Ancaq o “o zamandan bəri dövlətin şaxələnmiş, insanların qorxduğu hissəsinə çevrilib”, - The Washington Post yazır.

Bundan başqa, dəniz qüvvələrində də İİKK-nin çətiri altında fəaliyyət göstərən 20 minlik xidmət heyəti mövcuddur. Onlar ilk növbədə Hörmüz boğazındakı silahlı patrul qayıqlarına arxalanır.

Hörmüz boğazı dünyanın ən mühüm neft ticarəti yoludur. Dünya neft ticarətinin 20 faizindən artığı bu boğazdan daşınır.

Bura həm də 2019-cu ildə İran gəmiləri ilə xarici bayraqlar altında üzən tankerlər arasında bir neçə qarşıdurmaya şahidlik edib.

Sayı daha az olsa da, İİKK adi ordudan daha güclüdür. Bu İran dövlətinin şaxələnmiş təbiəti ilə bağlıdır. Bu səbəbdən hökumətlə İİKK arasında münasibətlər daim gərgin olub.

İranın 1634 tankı var. Bu baxımdan o 137 ölkə arasında 18-ci yeri tutur. Bu rəqəmdən əlavə 2345-ədək zirehli döyüş maşını və 1900 raket atıcısı nəzərə alınmalıdır.

Ancaq bu iri tank qoşunu əsasən tamamilə köhnəlmiş tank modellərindən ibarətdir. Yalnız 2018-ci ildə İran ordusunun ixtiyarına verilməli olan “Karrar” adlı yeni model dünyanın bəzi yaxşı tankları ilə müqayisə oluna bilər. “Karrar” daha çox Rusiyanın məşhur T-90 tanklarını xatırladır. İran bu tankın istehsalında Rusiyayla hər hansı əməkdaşlıq etməsi haqda iddiaları rədd edib.

İranın hərbi gəmilərindən biri
İranın hərbi gəmilərindən biri

Donanma

İran donanması müqayisədə daha sadədir. Onun nə təyyarədaşıyan, nə də təyyarəvuran gəmiləri var.

İran donanmasının altı freqatı, üç korveti, 34 sualtı, 88 patrul gəmisi var. Sualtı qayıqların arsenalında Rusiya istehsalı, "kilo" sinfindən olan gəmilər də var. Bu gəmilərin səs siqnallarını tutmaq mümkün olmadığı üçün onları “qara dəlik” də adlandırırlar.

“Sürətli təyyarələr”

509 təyyarəsi olan İran Hərbi Hava Qüvvələri həm kəmiyyət, həm də keyfiyyət baxımından geri qalır. “National Interest” jurnalı yazır ki, İranın regiondakı düşmənləri Səudiyyə Ərəbistanı və İsrailin hava donanmalarında müvafiq olaraq 848 və 595 müasir, güclü təyyarə var.

ABŞ-ın bütün region boyu yerləşdirilmiş güclü və sabit təyyarələri bura daxil deyi.

İran hava qüvvələrinin çoxu ya şah dövründən, ya da keçmiş İraq diktatoru Səddam Hüseynin İraq Hərbi Hava Qüvvələrindən qalıb. Səddam Hüseyn 1991-ci ildə Körfəz müharibəsi başlayan zaman öz təyyarələrinin çoxunu ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən hücumlardan qorumaq üçün İrana daşımışdı.

1970-ci illərdə Amerikada istehsal olunmuş F-4, F-5 və F-14 döyüş təyyarələri İran Hərbi Hava Qüvvələrinin əsas sütununu təşkil edir. Onlara "Tizparvazan" (“sürətlə uçan”) adı verilib.

2015-ci ildə İrana qarşı sərt beynəlxalq sanksiyaların aradan qaldırılması və iqtisadiyyatın güclənməsi ilə nəticələnən nüvə sazişinin imzalanmasından sonra ölkə öz hava donanmasını yeniləmək imkanı qazanıb.

Fransanın Mirage 2000 təyyarələri mümkün variant olsa da, Tehran son nəticədə bu seçimi etməmək qərarına gəldi. Bu da onun ABŞ və Rusiyada istehsal olunmuş təyyarələrlə daha yaxşı tanış olması ilə bağlı idi.

Bundan başqa, İranın Rusiyadan 30-dək mürəkkəb Su-30 döyüş təyyarəsi almaq imkanı var idi. Ancaq “National Interest” yazır ki, o bu seçimdən də imtina edib.

“Güman ki, bu İslam İnqilab Keçikçiləri Korpusu döyüşçülərinin adi nizami İran ordusunun daha güclü olmasını istəməməsi ilə bağlıdır”, deyə ABŞ jurnalı yazır.

İran və onun raketləri
İran və onun raketləri

Raketlər

ABŞ-ın tətbiq etdyi sanksiyalar nəticəsində İranın neft ixracı cüzi səviyyədə olub. Nəticədə son illər ərzində onun hərbi avadanlıq idxalı ciddi azalıb.

İranın silah idxalı 2018-ci ildə ciddi azalıb. 2009-2018-ci illər arasında ölkənin ümumi hərbi idxalı Səudiyyə Ərəbistanının eyni dövr üçün müvafiq göstəricisinin yalnız 3,5 faizi qədər olub.

Bu səbəbdən Tehran öz hərbi ehtiyaclarını ödəmək üçün get-gedə daha çox ölkədaxili texnologiya istehsalından asılı olmağa başlayıb. O eyni zamanda əsasən Rusiya və Çindən gətirilən ucuz avadanlığı almalı olub.

İranın sayca daha az olan hərbi avadanlığı həm də onun regiondakı düşmənlərinin və əlbəttə ki, ABŞ və digər Qərb ölkələrinin silahlarından daha keyfiyyətsizdir. O özünün bu zəifliyini raket istehsalı ilə kompensasiya etməyə çalışır.

Ancaq İran regionda ən yaxşı inkişaf etmiş yaxın və ortamənzilli raket sistemlərinə malikdir.

Onun raketləri arasında 300-kilometrlik məsafəyə qədər çatan “Şahab 1” raketləri də var. Məhz buna görə, İranın potensial raket təhlükəsinin qarşısını almaq üçün Vaşinqton qonşu ölkələrin bir neçəsində “Patriot” hava hücumundan müdafiə sistemi quraşdırıb.

Tehran bundan başqa qitələrarası raketlərin hazırlanması üzərində də işləyib. Ancaq 2015-ci ildə İranın altı dünya dövləti ilə tarixi nüvə sazişini imzalamasından sonra bu proqramlar dayandırılıb. Qeyd edək ki, bu saziş İranın nüvə proqramına məhdudiyyətlər qoyub.

2018-ci ildə ABŞ-ın müqaviləni tərk etməsindən sonra İran tədricən müqavilənin şərtlərinə əməl etməkdən yan keçməyə başladı. Soleimani-nin qətlindən sonra isə Tehran sazişdə nəzərdə tutulmuş bütün məhdudiyyətləri tərk etdiyini bildirib.

Bu Tehranın qitələrarası raket istehsal etmək cəhdlərini bərpa edəcəyi ehtimalını göstərir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) bildirir ki, 2000 kilometr məsafəyə uça bilən “Şahab-3” raketləri İsraili vura bilər. Bu raketlər Tehranın ən son anda işlədə biləcəyi silahdır.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu həmçinin bildirir ki, İran eyni zamanda Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sisteminin 32 batareyasına malikdir.

Kibersilahlar və dronlar

Son olaraq, İranın tam dron dəsti var. İran onlardan həm İraqda, həm də İsrailə qarşı istifadə edib. Bundan başqa, iddia olunur ki, sentyabr ayında Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücum zamanı İran dronundan istifadə edilib.

İİKK-nun kiberhücum birliyi də var. Onun xaricdə bir neçə hücuma cavabdeh olduğu bildirilir.

“The New York Times” qəzeti yazır ki, Soleimani-nin qətlindən sonra bir çoxları İranın buna bir ABŞ qurumuna qarşı genişmiqyaslı kiberhücumla cavab verəcəyini düşünürlər və bu qorxu hələ də var.

Üçşaxəli strategiya?

Əksər təhlilçilər İranın Soleimani-nin qətlinə görə ABŞ-la açıq münaqişəyə başlamayacağını, əvəzində öz aktivlərindən istifadə edərək asimmetrik əməliyyatlar keçirməklə ABŞ-ın yaxın Şərqdəki qüvvə və maraqlarına zərbə vuracağını proqnozlaşdırıblar.

ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməklə cavab verməsinə rəğmən, İranın başqa strategiyalardan istifadə edərək daha aşağı səviyyəli hücumlar həyata keçirəcəyi təhlükəsi hələ də qalmaqdadır.

Belə bir qarşıdurmanın baş verəcəyi təqdirdə Tehran Deutsche Welle-nin “üçayaq” adlandırdığı strategiyaya müraciət edə bilər.

“Ayaqlardan” biri "sərhəddən öncə müdafiə” adlanır və Qüds ordusunun İrandan kənarda ABŞ qüvvələrinə qarşı hücum əməliyyatlarını nəzərdə tutur.

Strategiyanın digər iki ayağı uzaqmənzilli raketlərdən istifadə edərək ABŞ-ın daha uzaqda yerləşən hədəflərini vurmaq, yaxud Hörmüz boğazını bağlamağa cəhd etmək və dünya enerji bazarını iflic etməkdir.

İran dünyanın dördüncü ən böyük neft ehtiyatına (150 milyard barrel) malikdir. Hörmüz boğazını da əhatə edəcək münaqişənin baş verəcəyi təqdirdə o məhz bu ehtiyatlarına arxalanacaq.

Tehranın bilavasitə ölkə ərazisinin işğalı ilə bağlı narahatlığının kifayət qədər az olduğu güman edilir. “The Guardian” bəzi Qərb hesablamalarına istinadən belə bir təşəbbüsün “mümkün olmayan 1,6 milyonluq qoşun” tələb etdiyini yazıb. İraqdakı kimi ABŞ qüvvələrinə qarşı müqavimətin baş verməsinin qarşısını almaq üçün bu qədər qüvvə tələb olunur.

ABŞ İranın yanvarın 8-də endirdiyi raket zərbəsi nəticəsində canlı itki verməyib. Göründüyünə görə ABŞ prezidenti Donald Trump bu zərbədən sonra deeskalasiyaya meyllidir. Artıq çox az adam Vaşinqtonun yerüstü qüvvələrin iştirakı ilə hər hansı əməliyyat planlaşdırdığını düşünür.

Regiondakı ABŞ qüvvələri

Hesablamalara görə, Yaxın Şərqdə yerləşdirilmiş ABŞ hərbçilərinin sayı 50 mindən artıqdır. Onların necə paylandığını bu infoqrafikadan görmək olar:

Yaxın Şərqdəki ABŞ qüvvələri
Yaxın Şərqdəki ABŞ qüvvələri

'Alatoran müharibəsi'

İran üçün başqa bir potensial variant status quo-dur.

Tarixçi David Crist Birləşmiş Ştatlarla İran arasında dör onillikdir ki, davam edən qarşıdurmanı “alatoran müharibəsi” adlandırıb.

“The Atlantic” yazır ki, İran bu zaman ərzində müəyyən bir sxemlə gedib:

“ABŞ-a nisbətdə kiçik hərbi imkanlarını genişmiqyaslı birbaşa münaqişəyə keçməyən təmsili müharibələrlə kompensasiya etmək”.

Soleimani-nin ABŞ qüvvələri tərəfindən qətli və İranın buna İraqdakı Amerika bazalarına raket zərbəsi endirməklə cavab verməsi 1979-cu ildə Tehranda ABŞ səfirliyinin etirazçıların hücumuna məruz qalmasından bəri (düz 41 il ərzində) iki ölkə arasında ilk açıq qarşıdurmadır.

İndilik bu qarşıdurma sakitləşmiş olsa da, onun ciddiləşərək iki ölkə arasında uzun zaman ərzində mövcud olmuş “alatoran müharibəsi” vəziyyətini pozması riski qalmaqdadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG