İran hakimiyyəti Kürdüstan vilayətində Novruz şənliyinə qatılan onlarla şəxsi saxlayıb. İnsan haqları qrupları bunu İslam respublikasında etnik azlıqların mədəni hüquqlarının məhdudlaşdırılması hesab edirlər.
AzadAvropa/AzadlıqRadiosu-nun fars xidməti Radio Farda martın 21-də Kürdüstan paytaxtı Sənəndəcdə Novruz şənliyinə qatılmış azı 20 nəfərin saxlandığını xəbər verir. 15 yaşlı Arina Səlimi və nənəsi Bətul Azami də Novruzu həbsdə keçiriblər.
Ertəsi gün 20-dən çox kürd fəal və digərləri vilayətin Kəşfiyyat Nazirliyinə çağrılaraq dindirilib. Onlardan ikisinin saxlandığı xəbər verilir.
Kökü İslamdan əvvələ gedib çıxan Novruz bayramı İran boyunca qeyd edilir. Kürd azlığı isə onu musiqi, rəqs, tonqalla keçirir.
Aşırı reaksiya
Kürdüstanda hakim orqanlar ictimai Novruz şənlikləri üçün rəsmi icazə alınmalı olduğunu bildirmişdilər. Tədbirlərdə İranın milli bayrağı da dalğalanmalıydı. Bunu Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsi (KİHŞ) qeyd edir.
Qurumun məlumatına görə, hakim orqanlar təşkilatçılardan yazılı vəd alıblar ki, şənliklərdə qırmızı qızılgül, ağ şarf kimi kürd simvolları qaldırılmayacaq.
İran liderləri ölkənin etnik azlıqları arasında separatçılığın baş qaldıracağından ehtiyatlanırlar. Bir çox etnik icmalara daha böyük müstəqil hüquqlar tələb edirlər.
KİHŞ idarə heyətinin üzvü Kaveh Kirmanşahi deyir ki, COVID-19 məhdudiyyətləri qaldırılandan sonra hakimiyyət şənliklərə daha çox adamın gedəcəyini gözləyib və buna həbslərlə reaksiya verib. “Öncəki illər də saxlananlar, dindirilənlər olub”, – o deyib.
Cinayət deyil...
Qərbi Azərbaycana yerləşən Oşnaviyə şəhərində də kürdlərin sayı az deyil. İranın təhlükəsizlik qüvvələri orada Novruz keçirən kütləni gözyaşardıcı qaz və rezin güllələrlə dağıdıb. Saxlananların olub-olmadığı bəlli deyil.
Yenə Qərbi Azərbaycan vilayətində yerləşən Urmiyə və Piranşehrdə də Novruz şənliklərinə önləməyə çalışıblar.
Kirmanşahi kürdlərin Novruzu adətən tonqal, qadın və kişilərin kürd simvollarıyla rəqsi ilə keçirdiyini deyir. Bunlar isə İranın dini isteblişmenti üçün qəbuledilməzdir.
“Qanunla bu tədbirlərə qatılmaq cinayət sayılmır, çünki Novruz rəsmi bayramdır… Ona görə də hakimiyyət saxlananlara rəsmi ittiham irəli sürə bilməyib”, – o deyir.
Həssas münasibət
Kürd jurnalist Məsud Kordpurin radioya dediyinə görə, Tehran kürdlərin Novruzu qeyd etməsinə getdikcə daha həssas yanaşır.
“Hakimiyyətdə mühafizəkarlardır, onlar icazə vermədikləri mədəni fəaliyyətə qarşı çıxır, onu önləməyə çalışırlar”, – Qərbi Azərbaycanda yaşayan Kordpur deyib.
İranda yaşayan bir qrup fəal isə martın 25-də yaydığı bəyanatda Sənəndəc Uşaq Parkında saxlananları “mümkün qədər tezliklə” azadlığa buraxmağa çağırıb.
Qrup bəyanatında hakimiyyəti “mədəni hüquqlara yanaşmasını dəyişməyə və rəsmi və qeyri-rəsmi məhdudiyyətləri qaldırmağa” səsləyib.
İslam respublikası ölkədə etnik azlıqların, o cümlədən kürdlərin sıxışdırılmasında, onlara qarşı ayrıseçkilikdə ittiham olunur. Kürdlər İran əhalisinin 10 faizini təşkil edir.